Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Azər Mursaqulov 20 Yanvar şəhidi İsmayıl Mursaqulovun oğludur.
Qeyd edək ki, İsmayıl Həsən oğlu Mursaqulov 13 noyabr 1939-cu ildə Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olub.
1947-ci ildə Marneuli orta məktəbinin birinci sinfinə daxil olmuş, oranı 1958-ci ildə qızıl medalla bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub və oranı 1963-cü ildə fərqlənmə diplomu ilə qurtarıb. Universiteti bitirdikdən sonra təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilib və orada bir neçə ay müddətində laborant vəzifəsində işləyib. 1963-cü ilin sonunda SSRİ Elmlər Akademiyası Ümumi Kimya İnstitutunun (Moskva) aspiranturasına daxil olub və oranı 1966-cı ildə başa vurub. 1967-ci ilin əvvəlində həmin institutun elmi Şurasında namizədlik dissertasiya işini müdafiə edib. 1966–1967-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1967–74-cü illərdə isə Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib.
1990-cı il yanvarın 20-də Sovet İmperiyasının Bakı şəhərinə qoşun yeridərək xalqımızın başına gətirdiyi vəhşi cinayət qurbanlarından biri də professor İsmayıl Həsən oğlu Mursaqulovdur. O, 1990-cı il yanvarın 24-də qanlı yanvar hadisələri zamanı Bakıdan Sumqayıta həmkarları ilə birlikdə işə gedərkən Sovet hərbçilərinin vəhşiliyi nəticəsində ağır zədə alıb və fevralın 3-də dünyasını dəyişib.
Professor İsmayıl Mursaqulov Şəhidlər Xiyabanında dəfn olunub. Ona "20 Yanvar Şəhidi" fəxri adı verilib.
Bizim.Media