“Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən son illərdə tariximizə və mədəniyyətimizə həsr olunmuş bir sıra layihələr həyata keçirilib, səyahət layihəsi çərçivəsində tarixi filmlər ərsəyə gətirilib. Hazırda Azərbaycan dövlətçiliyinin müxtəlif dövrlərinə aid filmlərin çəkilişi davam edir”.
Bizim.Media xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin bugünkü iclasında “Kinematoqrafiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Yeni qanun layihəsinin qəbul edilməsi son illərdə bu sahədə müşahidə olunan yüksək dinamikanın qorunmasına, milli filmlərimizin beynəlxalq səviyyədə təqdim olunmasına, eyni zamanda ölkəmizdə xarici film istehsalının təşviqinə ciddi təkan verəcək.
Xüsusilə qeyd etmək istərdim ki, cənab Prezidentin ötən il imzaladığı müvafiq sərəncama əsasən, may ayında etibarən ölkəmizdə xarici istehsalçılar tərəfindən çəkilən filmlərin istehsal xərclərinin qismən qaytarılması mexanizmi artıq tətbiq olunmağa başlanıb. Bu mexanizm iqtisadi və sosial baxımdan, xüsusilə beynəlxalq platformalarda nümayiş olunan filmlərin Azərbaycanda istehsalının təşviqində mühüm rol oynayacaq. Sözügedən müddəa qanun layihəsində də öz əksini tapıb”, - deyə nazir müavini qeyd edib.
Günay Şahmar, Bizim.Media