“Bu qədər də cahil olmayın. Sürü alqoritminə tabe olmayın. Qaragüruhçu olmayın. İçinizin xıltını, xorasını, irinini adamın ruhuna qusmayın! O daha sizə cavab verə bilməyəcək! Siz sosial şəbəkələrdə yazdıqlarınızla yalnız özünüzü, mahiyyətinizi, əxlaqınızı nümayiş etdirmirsiniz. Siz bu xalqın tərkib hissəcikləri olduğunuza görə xalqı biabır edirsiniz”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Real” Təhlil-İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev deyib.
O, sosial şəbəkələrdə bu gün vəfat edən Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə bağlı mənfi fikirlər yazanları tənqid edib:
“Yazmaya bilmədim. Bəzi kəslərə: bir İnsan vəfat edib. Rəhmət diləyin. Başsağlığı verin. Dərdə şərik olun. Bacarırsınızsa…
Sağlığında nə deyirdinizsə, nə yazırdınızsa ona ünvanlanırdı. Vəfat edəndən sonra yazdıqlarınız, dedikləriniz isə sizi, içinizi, mahiyyətinizi göstərir. Bu qədər də cahil olmayın. Sürü alqoritminə tabe olmayın. Qaragüruhçu olmayın. İçinizin xıltını, xorasını, irinini adamın ruhuna qusmayın! O daha sizə cavab verə bilməyəcək! Siz sosial şəbəkələrdə yazdıqlarınızla yalnız özünüzü, mahiyyətinizi, əxlaqınızı nümayiş etdirmirsiniz. Siz bu xalqın tərkib hissəcikləri olduğunuza görə xalqı biabır edirsiniz.
Ayıbdır! Allah Fəzail Ağamalıya rəhmət eləsin! O Azərbaycanın ən yeni tarixinin ləyaqətli nümayəndələrindən biridir. Tarixdə də belə qalacaq. Onu öz plintusaşırı səviyyəsinə uyğun təqdim və təlqin edən “cahiliyyə klubunun” arzusuna, niyyətinə baxmayaraq.
Saat 23-30-da hamını Real TV-də Kamran Qasımovun təqdimatında Fəzail Ağamalının “Profili”-nə baxmağa dəvət edirəm. Ruhunuz şad olsun Fəzail müəllim! Mövqeyini heç vaxt gizlətməyən Vətəndaş! Soyuqqanlı, təmkinli, səbrli, Dövlətçi Siyasi Xadim! Allah Sizə Rəhmət eləsin!” - M. Ağayev yazıb.
Qeyd edək ki, 78 yaşlı mərhum siyasətçi axşam saatlarında Türkiyədə dünyasını dəyişib.
Bizim.Media