2025-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 milyard 422 milyon 580 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, 2025-ci ildə idxal əməliyyatları üzrə 24 milyard 379 milyon 730 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 25 milyard 42 milyon 850 min ABŞ dolları ticarət qeydə alınıb, saldo müsbət 663 milyon 119 min ABŞ dolları olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 612 milyon 101 min ABŞ dolları, o cümlədən, idxal əməliyyatlarının cəmi dəyəri 21 milyard 58 milyon 44 min ABŞ dolları, ixrac əməliyyatlarının cəmi dəyəri 26 milyard 554 milyon 57 min ABŞ dollar, saldo müsbət 5 milyard 496 milyon 13 min ABŞ dolları təşkil etmişdi.
Beləliklə, ötən il Azərbaycanın ixracı azalıb, idxalı artıb, müsbət saldo 8,3 dəfə azalıb.
Bəs, idxalın artması daxili bazarda hansı problem yarada bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, ölkəyə idxalın artması daxili bazarda bir sıra problemlərə səbəb ola bilər:
“İlk növbədə yerli istehsalçılar üçün rəqabət şəraiti çətinləşir. Xaricdən gətirilən məhsullar bəzən daha ucuz və ya daha cəlbedici olduğuna görə yerli istehsalın satış imkanları azalır. Bu isə müəssisələrin gəlirlərinin düşməsinə, istehsalın ixtisarına və hətta bəzi hallarda fəaliyyətin dayandırılmasına gətirib çıxara bilər.
İdxalın həddindən artıq artması məşğulluğa da mənfi təsir göstərir. Yerli istehsal zəiflədikcə iş yerləri azalır, işsizlik riski artır. Eyni zamanda daxili bazarın xarici məhsullardan asılılığı güclənir. Xarici bazarlarda qiymət artımı və ya tədarük zəncirində yaranan problemlər birbaşa daxili bazara təsir göstərə bilər.
Digər bir problem ölkədən valyuta axınının sürətlənməsidir. İdxal artdıqca xarici valyutaya tələbat yüksəlir və bu, tədiyyə balansında kəsir yarada bilər. Uzunmüddətli dövrdə bu vəziyyət milli valyutanın sabitliyinə də təzyiq göstərə bilər”.
Müsahibimiz onu da qeyd edib ki, idxal məhsullarının keyfiyyətinə nəzarət zəif olduqda daxili bazarda keyfiyyətsiz və ya standartlara cavab verməyən malların payı arta bilər:
“Bu isə istehlakçı hüquqlarının pozulmasına və ümumi bazar etimadının azalmasına səbəb olur”.
Surxay Atakişiyev, Bizim.Media