Bəzi dərman preparatlarının içlik vərəqələri həddindən artıq uzundur. Bir çox insan artıq bu vərəqələri oxumağa səbri çatmadığından şikayət edir. Çünki hər kəs istifadə etdiyi dərman barədə süni intellektə müraciət edir və bu şəkildə daha ətraflı məlumat əldə edə bilir. Üstəlik, bu vərəqələrdə hərflər çox kiçik ölçüdə olur və oxuma prosesini çətinləşdirir.
Dərman preparatlarının içlik vərəqələrindəki yazılar qısa, lakonik və böyük hərflərlə yazılsa, daha rahat olmazmı? İçlik vərəqəsində əsas oxunmalı hissə yalnız istifadə qaydası və riskli faktorlardır. Bəs qalan məlumatlara ehtiyac varmı?
Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən farmokoloq Aydın Əliyevin sözlərinə görə, dərman preparatlarının içlik vərəqəsi artıq bütün dünyada bu formada yazılır və belə yazılmasının çox vacib səbəbləri var:
“İçlik vərəqələrində insan bədəni və onun xəstəliklərinin xüsusiyyətləri, həmçinin, dərmanın hansı hallarda istifadə olunması barədə məlumatlar verilir. Dərman prinsipcə zəhərdir və bu zəhər yalnız həkimin əlində dərman olur. Həkim də orqanlar və onların əlavələri üçün laborator analizlərlə, cihazlarla yoxlanış keçirir. Bunun nəticəsində xəstəliyin diaqnozunu müəyyənləşdirir və ona uyğun dərman təyin edir”.
Farmokoloq qeyd edir ki, dünya praktikasında da içlik vərəqələrində dərmanın başqa hansı dərmanlarla birlikdə işlənə biləcəyi barədə də artıq maarifləndirmə aparılır.
Ölkəmizdə dərman preparatlarının içində bu vərəqələrin olması da məhz əhalinin maarifləndirilməsi üçündür:
“Bu vərəqələr sayəsində insan dərman qəbul edən zaman daxili orqanlarını və onun xüsusiyyətlərini də öyrənir. Çünki yeməkdən əvvəl və ya sonra dərman içməyi bilmək artıq çox sadə və primitivdir. Amma içlik vərəqələrinin belə yazılması insanlarımızın sağlamlıq mədəniyyəti və bədənin xüsusiyyətlərini öyrənmək baxımından vacibdir.
İçliklərdə dərmanın hansı orqanlara təsir etdiyi, hansı xəstəliklərin müalicəsinə uyğun olduğu, həmçinin, hansı qida və dərmanlarla birgə işlədilməli olduğu kimi faktorlar yazılır. Bir insanın öz bədəni haqqında öyrənmək üçün səbri çatmırsa, deməli, o adamın sinirində problem var. İnsan öz bədəninin həkimi olmalıdır. Yəni sinirdə gərginlik varsa, onu yavaş-yavaş aradan qaldırmaq üçün çalışmalıdır”.

Fatimə Əliyeva, Bizim.Media