ABŞ Ədliyyə Departamentinin “Epşteyn işi” üzrə yeni yaydığı sənədlərdə Azərbaycan auditoriyası üçün diqqət çəkən sənədlərdən biri ABŞ Konqress üzvlərinin Bakıya səfəri ilə bağlıdır. Məlumata görə, səfər keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sponsorluğu ilə baş tutub. Amerikalıların həmçinin o vaxtkı xarici işlər naziri Elmar Məmmədyarovla da görüşdüyü də bildirilir.
Bizim.Media xəbər verir ki, keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Demokrat.az-a açıqlamasında haqqında səsləndirilən iddiaları təkzib edib.
O, bildirib ki, sözügedən şəxslərlə görüşməyib.
“Desələr ki, mənim adım da “Epşteyn sənədləri”ndə hallanır, heç təəccüblənmərəm. Ziya Məmmədovun kiməsə və ya hansısa şirkətə Bakıya gəlmək üçün sponsorluq edəcəyinə də inanmıram. Bu məsələ çox mürəkkəbdir, ona görə də dəqiq nəsə demək çətindir. Hətta kimsə gəlibsə belə, bunun məqsədi nə olub? Axı hər şeydən əvvəl məqsəd olmalıdır.
Ümumiyyətlə, Epşteynləri tanımıram. Ola bilsin, hansısa görüş olub, amma mənsiz. Epşteynlə bağlı məsələlərdən yalnız indi xəbər tutmuşam. Görürəm ki, ətrafda bu məsələ ilə ciddi dava-qırğın gedir. Amma onlarla heç vaxt görüşməmişəm. Əgər görüşdə olsaydım, açıq şəkildə deyərdim ki, bəli, görüş olub. Bu mövzuda siz məndən daha çox məlumata maliksiniz. Həmin şəxslərlə görüşüm olmayıb”.
Qeyd edək ki, ABŞ-nin Ədliyyə Nazirliyi (DOJ) həbsxanada ölən, azyaşlı qızların cinsi istismarı və insan alverində ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə (Jeffrey Epstein) bağlı indiyədək ən geniş sənəd paketini ictimaiyyətə açıqlayıb. DOJ tərəfindən yaradılan “Epstein Library” platformasında ümumilikdə 3 milyon səhifə sənəd, 180 min foto və 2 min video material yerləşdirilib. Bu sənədlər Epşteynin uzun illər ərzində formalaşdırdığı beynəlxalq əlaqə şəbəkəsini, şəxsi yazışmalarını, səfər planlarını, şahid ifadələrini və istintaq materiallarını əhatə edir.
Bizim.Media