Valideynlər uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər.
Bizim.Media xəbər verir ki, bu məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Uşaq hüquqları haqqında" yeni qanun layihəsində əks olunub.
Sənədə əsasən, hər bir uşağın vicdan azadlığı vardır və hər kəs uşağın vicdan azadlığına hörmətlə yanaşmalıdır. Valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan ediləcək. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.
Yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyulacaq.
Mövcud qanuna görə, uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.
Günay Şahmar, Bizim.Media