Yerli özünüidarəetmə orqanları uşaqlara dövlət sosial təminatından əlavə təminatlar nəzərdə tutan yerli sosial müdafiə proqramları həyata keçirəcəklər.
Bizim.Media xəbər verir ki, bu məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Uşaq hüquqları haqqında" yeni qanun layihəsində əks olunub.
Sənədə əsasən, hər bir uşaq sosial təminat hüququna malikdir.
Uşaqların qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ olacaq. Dövlət uşaqların sosial müdafiəsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə sosial yardım göstərəcək.
Çətin həyat şəraitində olan uşaqlara və onların ailələrinə “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial xidmət müəssisələrində və evlərdə zəmanət verilmiş həcmdə ödənişsiz sosial xidmətlər göstərəcək.
Yerli özünüidarəetmə orqanları uşaqlara dövlət sosial təminatından əlavə təminatlar nəzərdə tutan yerli sosial müdafiə proqramları həyata keçirəcəklər. Qeyri-hökumət təşkilatları dövlət sifarişləri çərçivəsində və ya öz təşəbbüsləri və maliyyə vəsaitləri hesabına uşaqların sosial müdafiəsi üzrə tədbirlər həyata keçirəcəklər.
Günay Şahmar, Bizim.Media