Bakının mərkəzi küçəsində hərəkətin əks istiqamətinə qoyulan yol nişanının quraşdırılması sürücüləri çaşqın vəziyyətə salıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı oxu.az-a müraciət daxil olub.
Qeyd edilib ki, Rəsul Rza küçəsində dayanma-durmanı qadağan edən 3.27 nişanı hərəkətin əks istiqamətində quraşdırılıb.
"Bura birtərəfli yoldur. Dayanma-durmanı qadağan edən nişan isə küçənin girişində deyil, çıxışında yerləşdirilib. Əlbəttə ki, arxadan gələn avtomobillərin o nişanın tələbinə əməl etməsi heç bir halda mümkün deyil", - deyə şikayətçi bildirib.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, əraziyə baxış keçirilib və problem həll olunub.
"Rəsul Rza küçəsinin sözügedən hissəsinin hər iki başlanğıcında dayanma-durmanı qadağan edən 3.27 yol nişanı quraşdırılıb. Hərəkət iştirakçıları yol nişanlarının tələblərinə mütləq qaydada riayət etməlidirlər", - deyə T. Orucov bildirib. (Oxu.az)




Bizim.Media