Bir sıra ölkələrdə insanları kitab oxumağa sövq etmək üçün müxtəlif addımlar atılır. Bu yaxınlarda Özbəkistanda dövlət qurumlarının aktiv şəkildə kitab oxuyan əməkdaşlarına pul mükafatları veriləcəyi ilə bağlı qərar qəbul edilib.
Özbəkistan Prezidentinin imzaladığı “Oxu mədəniyyətinin inkişafı və əhalinin kitablara marağının artırılması tədbirləri haqqında” sənədə əsasən 2026-2030-cu illər ərzində bir vətəndaşın il ərzində orta hesabla 10 kitab oxumasını təmin etmək planlaşdırılır. Bu proqram çərçivəsində nazirliklərdə və idarələrdə işçilər arasında müsabiqələrin keçirilməsi nəzərdə tutulub. Nəticələrə əsasən, ən çox kitab oxuyan işçiyə aylıq maaşı həcmində əlavə mükafat veriləcək.
Bundan əlavə, prezident 1 aprel tarixinədək bütün dövlət müəssisələrində xüsusi kitab guşələrinin yaradılması, eləcə də işçilər üçün aylıq “oxu saatları”nın tətbiq edilməsi barədə tapşırıq verib.
Ölkəmizdə də kitab, mütaliə, kitaba maraq həmişə müzakirə mövzusu olub. Xüsusilə, internet, sosial şəbəkələrin geniş vüsət aldığı zamanda kitaba marağın azalmaması üçün addımlar atılması zəruridir.
Bəs ölkəmizdə kitaba maraq üçün oxşar addımlar atıla bilərmi və ya iş mühitində, cəmiyyətdə kitaba marağı artırmaq üçün hansı layihələr etmək mümkündür?
Mövzuya münasibət bildirən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Bizim.Media-ya deyib ki, bir sıra ölkələrdə uzun müddətdir belə bir ənənə formalaşıb.
Onun sözlərinə görə, gələcəkdə bizdə də bunun həyata keçirilməsini düşünmək mümkündür:
“Özbəkistan və ya dünyanın ayrı-ayrı ölkələrində də zaman-zaman bu cür qərarlar qəbul edilir, tövsiyələr verilir. Qardaş Özbəkistanın da belə bir qərar qəbul etməsi çox sevindiricidir. Hesab edirəm ki, gələcəkdə də bunun bizim ölkəmizdə həyata keçirilməsini nəzərdən keçirə bilərik. Mütaliə, kitab oxumaq hər bir insanıın karyerasında olduqca vacib məsələdir. Ona görə də bu inkişaf üçün mütaliə çox vacibdir”.
Deputat vurğulayıb ki, kitaba marağın artmasına bir sıra yollarla nail ola bilərik:
“Müxtəlif aksiyalar, müxtəlif tədbirlər keçirərək də bu məsələyə nail olmaq olar. Kitabın təbliği, kitabın töhfəsi barədə davamlı olaraq gənclərlə iş aparılmalıdır. Azərbaycanda bu sahədə çox cddi dəyişikliklər var. Gənclərin çoxu kitab oxuyur, mütaliə edir, mütaliəyə maraqlıdırlar. O mənada hesab edirəm ki, biz də gələcəyə doğru bu təbliğatı, maarifləndirməni daha da gücləndirə bilərik. Müxtəlif həvəsləndirici tədbirlər, yəni bu, pul ola bilər, mükafat ola bilər, başqa məsələlər də ola bilər ki bu yoldan yararlana bilərik”.
Günay Şahmar, Bizim.Media