Q.Paşayeva “Azərbaycan Bayrağı” ordenli şəhid Kərim Əliyevin atası ilə görüşüb.
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Bayrağı” ordenli şəhid Kərim Əliyevin (31.08.1998, Ucar – 19.10.2020, Qırmızı Bazar, Xocavənd; Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri) atası Məhəmmədəli Əliyevlə görüşüb.
Moderator.Az xəbər verir ki, Bakıdakı “Gözəl Yaşam Mərkəzi”ndə baş tutan görüşdə qəhrəman şəhidin atasının ürək sözləri dinlənilib, onunla ətraflı söhbət edilib.
Komitə sədri ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə yüksək həssasiyyətindən, diqqət-qayğısından söz açaraq, bu həssaslığın, diqqət və qayğının cəmiyyətimiz üçün örnək olduğunu deyib.

Q.Paşayeva şəhid valideynləri ilə hər bir görüşün onun üçün çox əziz görüş olduğunu, “Azərbaycan Bayrağı” ordenli şəhid atası ilə bu dəfəki görüşün xüsusilə anlamlı olduğunu vurğulayıb: “Əziz şəhid atası, biz Sizinlə Ümumxalq Hüzn Günümüz olan 20 Yanvarda görüşürük. Sizin qəhrəman oğlunuz Qanlı Yanvardan 8 il sonra doğulub. O illərdə baş verən hadisələri, xalqımızın başına gətirilən faciələri öyrənən və peşəkar hərbçi olaraq yetişən Kərim Əliyev, bütün dövrlərdəki şəhidlərimizin qanını yerdə qoymamağa and içmiş oğullardan olub. O, öz andını qanı-canı ilə həyata keçirib, şəhadət şərbəti içib.
Bildiyiniz kimi, son 3 ildə Şəhidlər Xiyabanını, respublikamızın hər yerində 20 Yanvar şəhidləri komplekslərini ziyarətimiz yeni məzmun qazanıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın simvol şəhəri, Mədəniyyət paytaxtımız əziz Şuşanın azad olunmasını xalqımıza məhz Şəhidlər Xiyabanından duyurdu. Biz böyük qürur hissi ilə, fəxarətlə bir daha vurğulayırıq ki, Şuşamızın işğaldan azad edilməsi, 44 günlük müharibədəki tarixi Zəfərimiz bütün dövrlərdəki şəhidlərimizin əziz ruhunu şad edib! Ulu Tanrımıza çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb!
Prezident İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Kərim Əliyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
İşğalçı düşmən üzərində tarixi Zəfərdən sonra Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işləri, erməni vandalizminin Azərbaycan quruculuq mədəniyyəti ilə əvəzlənməsi ölkə vətəndaşlarının, bütün Dünya Azərbaycanlılarının, Azərbaycan dostlarının fərəhi, qürurudur. Sizin şəhid oğlunuz məhz haqq işi uğrunda, ədalət uğrunda əlinə silah alıb, şəhadət şərbəti içib. Ruhu qarşısında sayğılarla baş əyirik”!
Komitə sədri şəhid atasını dinləyib, onu maraqlandıran məsələlərlə bağlı yerindəcə aidiyyatı qurumlarla telefon əlaqəsi saxlayıb, müvafiq addımlar atılıb.
Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova , həkim-oftolmoloq Aygül Kərimzadə, “Yanardağ Xalça Evi”nin koordinatoru Məhbubə İmanova, “SARA XATUN – Mədəni Maarifçilik” İB sədri, Pərvanə Mustafayeva, “UMAY – Türk Dünyası Qadınlarına Dəstək” İB sədri Vəsilə Abulova, Azərbaycan Beynəlxalq İşadamları Klubu”nun sədri Gülpəri Bayramova iştirak edib.
Qeyd edək ki, şəhid hərbçimiz “Vətən uğrunda” (15.12.2020), “Cəbrayılın azad olunmasına görə” (24.12.2020), “İgidliyə görə” (24.06.2021), “Füzulinin azad olunmasına görə” (24.06.2021), “Xocavəndin azad olunmasına görə” (24.06.2021) medalları ilə də təltif olunub.
RUHU ŞAD OLSUN!