Bakıda taksi sürücüsü ilə xanım müştərisi arasında insident baş verib. Hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, G.Məmmədova (şərti) Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək taksi sürücüsünün onun evinə hücum etdiyini deyib.
Polis əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıblar və 1982-ci il təvəllüdlü sürücü E.Əkbərli (şərti) saxlanılıb.
Bizim.Media xəbər verir ki, o, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə aparılıb, eləcə də sürücüdən şikayətçi olan qadın izahat verməsi üçün oraya dəvət edilib.
G.Məmmədova bildirib ki, mübahisə xırda pulunun olmamasına görə başlayıb:
"Metronun "Sahil" stansiyasından yaşadığım ünvana getmək üçün nağd ödəniş seçməklə taksi sifariş vermişdim. Üzərimdə xırda pul olmadığı üçün yaşadığım mənzilə gedib uşağın cibindən 2 manat götürdüm. Taksi proqramı 4 manat 70 qəpik yazmışdı, sürücüyə 5 manat verəcəkdim. Ancaq sürücünün kobud münasibətinə görə 4 manat 70 qəpiyi avtomobilin oturacağının üstünə qoydum. Amma o, taksini gözləməyə qoyduğunu, buna görə də 5 manat 50 qəpik ödəməli olduğumu dedi. Mən də yenidən pul götürmək üçün evə qalxdım. Bacım da həmin vaxt evdə idi. Daha sonra sürücü də binada yaşadığım mənzilə qalxıb, mənə "dələduz" deyərək pulunu verməyimi tələb etdi. O, mənzilin qapısını təpikləyərək zorla evə daxil olmağa çalışdı. Bu şəxsin islah edilməsini tələb edirəm".
Taksi sürücüsü isə qeyd edib ki, müştəri xırda pul gətirmək üçün gedib və iki saat geri qayıtmayıb:
"Sertifikat əsasında taksi sürücüsü işləyirəm. Mən ona kartla ödəniş edə biləcəyini dedim, amma razılaşmadı. O gedib nağd pul gətirəcəyini dedikdə gözləmənin hər dəqiqəsinə görə bir qəpik xidmət haqqı yazıldığını dedim. İlk olaraq yarım saatdan çox gözlədim. Ödənişi gətirib verdikdə gözləməyə görə əlavə pul yazıldığını dedim. O yenə gedib gətirəcəyini dedi, amma geri qayıtmadı. İki saata yaxın gözlədim. Ona zəng edib ödənişi tələb etdim, əks halda polisə verəcəyimi dedim. Daha sonra həmin binada mənzilini tapıb qapıya yaxınlaşdım".
Polis tərəfindən taksi sürücüsü barəsində inzibati protokol tərtib edilərək, Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 12 sutkalıq həbs verilib.
Beləliklə, sürücü Yeni ili həbsdə qarşılamalı olacaq. (Qafqazinfo.az)
Bizim.Media