Burunun duzlu məhlulla mütəmadi yuyulması qrip və soyuqdəymə zamanı sağalma prosesini sürətləndirə və dərmanlara olan ehtiyacı azalda bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Toronto Universitetindən kanadalı terapevt həkim Brendon Lyu “The Daily Mail” nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, söhbət burunun hipertonik məhlulla yuyulmasından gedir. Bu məhlulda natrium xloridin konsentrasiyası fizioloji məhlulla müqayisədə bir neçə dəfə yüksək olur. Bu üsul kəskin respirator infeksiya simptomları olan insanların iştirakı ilə aparılan tədqiqatda sınaqdan keçirilib.
Könüllülər iki qrupa bölünüb. Birinci qrup standart tövsiyələrə əməl edib - daha çox istirahət etmək, maye qəbulunu artırmaq və reseptsiz dərmanlardan istifadə etmək. İkinci qrupun iştirakçılarına isə əlavə olaraq gün ərzində bir neçə dəfə burunu duzlu məhlulla yumaq tövsiyə olunub.
Nəticələr göstərib ki, burun yuyulmasını mütəmadi edən insanlar orta hesabla iki gün daha tez sağalıblar. Bundan əlavə, onlarda dərmanlara ehtiyac təxminən üçdə bir azalıb, ailə üzvlərinin yoluxma riski isə 30 faizdən çox aşağı düşüb. Burun tutulması, burun axması və öskürək kimi simptomlar burun yuması etməyənlərlə müqayisədə daha tez keçib.
“Həmin təsirin mexanizmi ondan ibarətdir ki, duzlu məhlul virus hissəciklərini burun boşluğundan və burun-udlaqdan fiziki olaraq təmizləməyə kömək edir və virus yükünü azaldır. Məhlulun tərkibində olan xlor ionları isə selikli qişanın təbii müdafiə mexanizmlərini aktivləşdirir və antimikrob maddələrin sintezini stimullaşdırır”, - deyə həkim izah edib.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, burun yuyulması sadə və əlçatan köməkçi üsul kimi ARVI (KRVİ) zamanı istifadə oluna bilər, lakin bu, tibbi yardımı əvəz etmir və əsas tövsiyələrə əlavə olaraq tətbiq edilməlidir.
Bizim.Media