Tanrının insana verdiyi ömrü necə yaşamaq onun həyata baxışından, seçdiyi yaşam tərzindən asılıdır. Bu anlamda həyatın ən qiymətli neməti olan ömrü Yaradanın nadir əmanəti kimi qəbul edib özünə, doğma-yaxınlarına, cəmiyyətə gərəkli olanlar, bununla da insan adını şərəfləndirənlər xüsusi seçilən bir mövqeyə yüksəlirlər.
Bu sırada insanların sağlamlığını qoruyan, onların həyatının vaxtından əvvəl bitməsinə imkan verməyən, necə deyərlər, bəşər övladına yeni ömür bəxş edən həkimlərin dəyəri, çəkisi ikiqat artıqdır. Bunu Göydə Tanrını, Yerdə həkimi çağırıb, doğmasının ölümün ağuşundan xilas olmasını nəfəsi kəsilə-kəsilə gözləmiş hər kəs yaxşı bilir.
İnsanlığın, bəlkə ən böyük kəşflərindən biri sağlamlığı qorumağın zəruriliyini anlaması və onun ilkin qaydalarını öyrənməsi olub. Beləliklə, insan yer üzünün sahibi olduğu kimi, təbabət də onun həyatının keşikçisinə çevrilib. Min illərin bu uzun yolunda həkimlər kəndiri Tanrıdan kəsilməyənləri ölüm girdabından çəkib çıxarmağa qədər mükəmməl bir yol keçiblər. Vaxtilə Hippokrat demişdi: “Təbabət əksər vaxt insana təsəlli verir, bir çox hallarda onun vəziyyətini yüngülləşdirir, nadir halda xəstəni sağaldır”. Zəmanəmizdə vəziyyət tamamilə əksinədir: “Təbabət əksər vaxt sağaldır, bir çox halda təsəlli verir, nadir halda əlacsız qalır”.
Həkimlərinn çağdaş cəmiyyətdə missiyası bax, bu qədər ali və şərəflidir. Bir neçə günə hansı peşəni öyrənmək mümkün olduğu halda, yetkin həkim deyirlər ki, 40 yaşda yetişir. Bu nadirlik də həkimin kimliyinin aydın bir göstəricisidir. Həyatda hamı bir-birinə gərəkli olduğu halda, həkimlər hamının xidmətində dayanır. Həkimlər necə deyərlər, insanın can mühəndisləri, bədən-ruh təmirçiləridirlər. Bu, texniki anlamda mühəndis və təmirçidən min qat artıq incə, ağır və məsuliyyətli bir sənətdir.
Buna görə də hamı öz növbəsində həkimlərə borcludur, onlara qiymət verməyi bacarmalıdır. İbn Sinadan bu yana bu şərəfli missiyanı yerinə yetirənlər böyük sayğı və dəyər sahibi, cəmiyyətin seçilən simaları olublar. Bu gün Azərbaycanda və ondan kənarda nadir ürək cərrahı kimi tanınan, bəzən gecəyarı yuxudan oyadılıb hansısa ölüm ayağında olan insanı yenidən həyata qaytaran, hesabını aparsaq, on min saatlarla ayaq üstə dayanıb, nəfəs dərmədən ürək əməliyyatları aparan, elə minlərcə də ölümcül xəstəyə normal həyat bəxş edən, onların o dünyaya yolunu kəsən Rəşad Mahmudov belə yüksək məram və mövqe sahibi olan say-seçmə ziyalılarımızdan, hamının tanıyıb-sevdiyi təbiblərimizdən biridir. Buna görə də Rəşad həkim yüz minlərlə tibb işçisinin sırasından seçilərək millət vəkili mövqeyinə layiq görülmüş, məhsuldar cərrahlığı ilə yanaşı, bütünlükdə, səhiyyəmizin, eləcə də cəmiyyətimizin inkişafına xidmət göstərmək imkanı qazanmışdır.
Milli Məclisin deputatı kimi də ictimai borcu yüksək səviyyədə gerçəkləşdirən, seçici sevgisini qazanan Rəşad Mahmudov xalqımızın ləyaqətli oğullarının cərgəsində ucalıb, həkimliyi və insanlığı şərəfləndirib. Böyük loğman İbn Sina bütün dövrlər üçün rəhbər tutulan “Göz həkiminin dəftəri”ni yaratdığı kimi, bizim loğmanımız, elə bizim olduğu üçün fəxarət duyduğumuz Rəşad Mahmudov da Azərbaycanda ürəyin kitabını yazaraq öz sahəsində ustadlıq məktəbinin təməlini qurdu. Kamil soydaşımız hələ 20 il bundan qabaq milli səhiyyə tariximizdə paytaxt və regionlarda ürək-damar cərrahiyəsini həyata keçirməklə daha bir ilkə imza atdı və narahat ürəyimizin dincliyinin təminatçısı oldu.
“Ürək ürəkdir, ona toxunmaq, cərrahi müdaxilə etmək olmaz” mifini dağıdan Rəşad həkim bu məharəti ilə cəmiyyətimizə ürək toxtaqlığı gətirən barmaqla sayılan təbiblərdən birinə çevrildi. Üzü Şimaldan Cənuba, Şərqdən Qərbə Azərbaycanın hər yerində ürək narahatlığı keçirənlərin ilkin olaraq Rəşad Mahmudovun yanına gəlməsi bu həqiqətin parlaq sübutudur. Təkcə Vətənimizdə deyil, bir çox ölkələrdə də Rəşad Mahmudov adı və imzası bir Azərbaycan səhiyyəsinin brendidir. Xəstə ürəyimizi qonşu ölkələrə daşıdığımız zamanlar yaxın bir tarixin acı xatirəsidir. İndi zaman başqa reallıqları diqtə edir. Bu şöhrətli həkimimizin qəbuluna xarici ölkələrdən də xəstələr axışır və bu da şübhəsiz ki, Azərbaycanın səhiyyə uğurudur.
Rəşad Mahmudov ölkəmizdə müasir kardioloqiyanın canlı məktəbidir, milli səhiyyəmizin aparıcı sahələrindən olan ürək-damar cərrahiyəsində peşəkarlıq, etibarlılıq meyarıdır. Zəruri bir haşiyəyə çıxım. Onun kabinetinin gözləmə otağında idim. Kənd adamını xatırladan ağsaqqal bir kişi qoca bir nənə ilə doktor Rəşad Mahmudovu gözləyirdi. Qadın ağrı-acı içində, amma haqqında danışdığımız bu ağsaqqal heç nə olmayıb kimi danışır və narahat deyildi. Yaxınlaşıb dedim:
–A kişi, növbə mənimdir. Xəstəniz yaxşı deyil, ona görə keç həkimin qəbuluna.
Gözlərimin içinə baxaraq əlini ağarmış pırpız saçlarına toxundurdu və gülümsəyərək dilləndi:
–Bala, çox sağ ol, yanımdakı yoldaşımdır. Ağcabədidən gəlmişik. Orda dedilər yoldaşının ürəyində problem var, bizlik deyil. Odur ki, yoldaşımı götürüb gətirdim bura. 15 il bundan əvvəl məni əməliyyat etmişdi, başqa yerdə mənə öləcəksən demişdilər, top kimiyəm. Oguldu e, bu Rəşad Mahmudov. Arvad bura kimi ölməyibsə, tam rahatam, doktor əlac edəcək. Varmı Rəşad Mahmudovdan yaxşısı? İki həftədən sonra kənddə toy var, doktor sağaldacaq, gedib arvadla yallı oynayacağıq. Rəşad doktoru balam kimi sevirəm...
Ölkəmizdə belə düşünüb-danışanlar kifayət qədərdir. Azərbaycanın hər yerində tibb elmləri doktoru, ürək loğmanı Rəşad Mahmudovu ürəkdən sevirlər. Çünki Rəşad Mahmudov hardan gəlməyindən, kimliyindən asılı olmayaraq ona təşrif gətirən insanlara öz doğma adamı kimi baxır. Sevgi, şəfqət saçır, ona görə də sevgi qazanır.
İctimai xadim olaraq da Rəşad Mahmudov ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarına, İdarə Heyətində təmsil olunduğu Yeni Azərbaycanın Partiyasının tutduğu yola sadiqdir, dövlətinə, xalqına ürəkdən bağlıdır.
Ürək qızdırıb arxalandığımız, ürəklərimizə dayaq olan Rəşad Mahmudovun sevimli obrazı ürəyimizin ən dərin güşəsindədir. Onunla bir ömürlük ürək dostluğumuz ürəyimiz nə qədər ki, döyünür sədaqətlə davam edəcək. Varlığın mübarək, əziz adam!
İlyas Əsgərov,
fəlsəfə üzrə fəlsəfə doktoru