Artıq kənd təsərrüfatında rəqəmsallaşma və nəzarət mexanizmlərinin gücləndirilməsi qlobal tendensiyaya çevrilib. Əkin sahələrində kimyəvi maddələrin, xüsusilə də pestisid tətbiqinin elektron sistemlər vasitəsilə izlənməsi təhlükəsizliyin təmin olunması baxımından vacib hesab olunur.
2026-cı ildən etibarən bir sıra region ölkələrində dərmanlama prosesinin rəqəmsal platformalar üzərindən nəzarəti məcburi xarakter alacaq. Bu yanaşma aqrar istehsalda şəffaflığın artırılması və ixrac tələblərinə uyğunluğun təmin edilməsi baxımından yeni mərhələnin başlanğıcı hesab olunur.
Bəs Azərbaycanın aqrar sistemi belə bir yeniliyə hazırdırmı?
Aqrar sahə üzrə ekspert Nurəddin Vəliyev məsələ ilə bağlı Bizim.Media-ya bildirdi ki, Azərbaycanda aqrar rəqəmsallaşmaya keçid olunub, sadəcə mövcud rəqəmsal infrastrukturuı təkmilləşdirmək və gələcək inkişaf strategiyasını formalaşdırmaq lazımdır. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılmış vahid Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) aqrar proseslərinin elektronlaşdırılması üçün əsas platformadır.
Sistem fermerlərə subsidiyalar, əkin planlaşdırılması, torpaq istifadəsi, heyvandarlıq və digər aqrar proseslərlə bağlı məlumatları daxil etməyə və idarə etməyə imkan verir. Hazırda kənd təsərrüfatı sektorunda süni intellekt sistemlərinin pilot layihələri həyata keçirilir.
“Bu yenilik aqrar təsərrüfata iqtisadi və ekoloji baxımdan çox ciddi üstünlüklər verəcək.
Qısa desək, nə əkilib, nə vaxt, nə qədər və hansı dərmanla dərmanlandığı artıq sistemli və şəffaf şəkildə bilinəcək. Dərmanlama normadan artıq və ya yanlış vaxtda edilərsə, sistem bunu qeydə alacaq. Bu həm daxili bazarda təhlükəsiz qida bazası yaradacaq, həm də “Made in Azerbaijan” brendini beynəlxalq bazarda daha etibarlı edəcək.
Həmçinin, nəzarətsiz dərmanlama torpağı və su mənbələrini çirkləndirdiyini nəzərə alsaq, elektron sistem bunun da qarşısını alıb uzunmüddətli məhsuldarlığı qoruyacaq. Nəticədə artıq dərmanlama azaldığı üçün lazımsız dərman xərci də olmayacaq”.
Şəfiqə Şəfa, Bizim.Media