Yaxın günlərdə Şərurlu İsfəndiyar adı ilə tanınan iş adamı İsfəndiyar Axundov verdiyi açıqlamada iki həyat yoldaşının olduğunu və hər ikisinin xoşbəxt yaşadığını bildirib. O, həmçinin qeyd edib ki, ikinci həyat yoldaşı ilə tanış olduğu vaxt özü 50, həyat yoldaşı isə 27 yaşında olub.
Şərurlu İsfəndiyarın bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub. İctimaiyyət arasında məsələyə münasibət birmənalı deyil. Bəzi istifadəçilər bu açıqlamanı tənqid edərək narazılıqlarını ifadə ediblər, digərləri isə bunu şəxsi seçim kimi dəyərləndirib və normal qarşılayıblar.
Bir qisim ictimai rəy formalaşdıran şəxslər isə hesab edirlər ki, cəmiyyət tərəfindən tanınan bir şəxsin mediada açıq şəkildə iki həyat yoldaşının olduğunu bəyan etməsi çoxarvadlılığın normallaşdırılmasına və dolayısı ilə təbliğinə xidmət edir. Onların fikrincə, bu cür açıqlamalar cəmiyyətdə həssas mövzuların adiləşdirilməsi riskini yaradır.
Həqiqətən bu, belədirmi?
Mövzuyla bağlı Bizim.Media-ya danışan Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə Şərurli İsfəndiyar açıq-açıq desə də, gizlin formada bunun təbliğatını aparanlar var:
"İkinci qadın olmağı o qadın qəbul edib, bu barədə nəsə deyə bilmərəm. Şərurli İsfəndiyar bunu açıq şəkildə deyir, özünə, imkanlarına arxayındır. Ancaq bu, orta təbəqədə də var. Sadəcə kimisi bunu ictimailəşdirir, kimisi ictimailəşdirmir. Bu, şəxsin öz qərarıdır.
Azərbaycan Qanunvericiliyinə çox xanımlılıq uyğun deyil. Sovet dönəmində bu, cinayət məsuliyyəti sayılırdı. İndi isə şəxslərin öz qərarıdır. Həmin xanım da yəqin ki, sevgiyə və yaxud imkanlara, öz düşüncəsinə görə seçim edib. Şərurlu İsfəndiyar biznesmendir. İmkanları çərçivəsində hər şeyi özünə rəva bilir, ictimailəşdirməkdən çəkinmir".
Mehriban Zeynalova vurğulayıb ki, təbii ki, bu, təbliğat və təşviqat kimi çıxmamalıdır:
"İmkanlı şəxslər hər şeyi bəyan edərkən cəmiyyəti və onun reaksiyasını düşünmür. Ancaq bu məsələni din vasitəsiylə təbliğ edənlər də var. Şərurlu İsfəndiyar bunu açıq şəkildə dedi. Demək istəyirəm ki, bu təbliğatı gizli formada aparanlar, bəzi hallarda bunu şəxsi olaraq, qarşı tərəfə minnət kimi deyənlər də var".
Nəzrin Mirzəyeva, Bizim.Media