Mən hər yazımda xalqın hər hansı bir qəhrəmanlığı ilə öyünməyin hansı səviyyədə lazımsız və zərərli olduğunu qeyd edirəm. Xüsusilə belə bir qəhrəmanlığın mövcudsuzluğuna məhəl qoymadan süni surətdə qəhrəmanlıq dastanı düzəltmək, "dahilər" və onların "dahi ideyaları" fantaziyaları uydurmaq, xalqın gələcək inkişafının qayçısıdır.
1918-ci il aprel-may hadisələrinin sadə analizi, əhalisinin yarısından çoxunun azərbaycanlı olduğu Zaqafqaziyada müxalifətin ən zəif olduğu ölkənin Azərbaycan olduğunu bütün çılpaqlığı ilə üzə çıxarır. Azərbaycan arxasında ( özümüzün iddia etməyimizə əsaslanaraq) Osmanlı imperiyasının dayanmasına baxmayaraq (Rusiya və Almaniya arasında bağlanmış Brest müqaviləsindən sonra bu regionda əsas aparıcı ölkə Almaniya ilə sazişdə olan Osmanlı imperiyası idi) torpaqlarının 25 min kvadrat kilometrini, qədim şəhərlərimizdən biri sayılan İrəvanı ermənilərə "hədiyyə" etdi. Əlavə 1828-ci ilə qədər İrəvan xanlığının, sonradan quberniyasının tərkibində olan 15 min kvadrat kilometr torpaqlarımızı (Tiflisə qədər ) gürcülərə verdi. Bu torpaq vermə əməliyyatı protokolla yox, ( protokol hüquqi sənəd deyil) sazişlə, Milli şuranın sədri M.Ə. Rəsulzadənin müzakirəsində iştirak etdiyi və parlamentin qərar qəbul etdiyi dövlət sazişi ilə verilib.
1918-ci ilin may ayında müstəqillik verilmiş Azərbaycanda hakimiyyətə gəlmiş zəif müxalifət hökümətinin xarici dəstək olmadan Zaqafqaziyada birinci süqut edəcək dövlət olacağına heç bir şübhə yox idi. Azərbaycan höküməti faktiki olaraq 1918 may-oktyabr osmanlı paşasının, 1918 noyabr-1919 dekabra qədər ingilislərin protektində olan hökümət kimi fəaliyyət göstərirdi. İngilislər Azərbaycanı tərk edəndən parlamentin Azərbaycanı bolşeviklərə təhvil verdiyi aprelə qədər faktiki anarxiya idi. Zaqafqaziyada, nəinki Zaqafqaziyada, hətta bütün Rus imperiya məkanında bizim parlament heç bir müqavimət göstərmədən, bir güllə belə atmadan, bir insan belə həlak olmadan ölkəni bolşeviklərə təhvil verən yeganə parlamentdir. 27 aprel 1920-ci ildə parlamentin hansı şərtlərlə hakimiyyətdən əl çəkdiyi ilə bağlı qəbul etdiyi qərarı bolşeviklər heç oxumadı. Xalqın isə ya bundan xəbəri olmadı, ya da tam biganə idi.
Ermənistan Azərbaycanın süqutundan 5 ay sonra Daşnak partiyasının başçılığı altında azı bir ay müharibə aparıb (türklərlə) 5 minlərlə insanın qanını axıdandan sonra müstəqilliyini itirdi. Atatürk -Lenin müqaviləsinə görə Türkiyə Rusiyanın verdiyi silah-sursatın əvəzində Ermənistanı işğal edib Rusiyaya verməli idi.
Həmin 11-ci qırmızı ordu ancaq 8 aydan sonra Gürcüstana hucum etməyə cəsarət tapdı. Menşevik partiyasının başçılığı altında gürcülər 2 ay müqavimət göstərdilər,10 minə yaxın insan ölkəsinin müstəqilliyi uğrunda həlak oldu.
Yəni Menşevik, Daşnak partiyaları o vaxtkı parlamentdə özünü əsas qüvvə sayan Musavat Partiyasından qat-qat güclü olduğunu sübuta yetirdi.
70 ildən sonra eyni obyekt olan Rusiya imperiyasında baş verənlər yenə də Azərbaycan müxalifəti, Azərbaycan intelegensiyasınıın Zaqafqaziyada ən zəif aparıcı qüvvə olduğunu bir daha çılpaqlığı ilə gündəmə gətirdi. Biz Ermənistanda baş verən hadisələin quyruğunda sürünməyə başladıq.1988-ci ilin əvvəlində Daşnak partiyası və erməni intelegensiyasının təşkil etdiyi "Qarabağ Ermənistanındır" siyasi mitinqlər may ayında müstəqillik mitinqinə çevrildi, ilk dəfə müstəqil Ermənistanın bayrağı meydanda qaldırıldı.Mitinqdə bir milyon insan iştirak etdi. Zvartnos aeroportunda silahlı toqquşmalar oldu. Moskva Yerevana qoşun çıxartdı. Erməniləri fövqəladə vəziyyətdən Spitakda baş vermiş zəlzələ xilas etdi.
Azərbaycanda mitinqlər Ermənistandan 7-8 ay sonra başladı. Bu mitinqlərin fundamentində müstəqillik siyasi ambisiyası əvəzinə "Qarabağ bizimdir" kimi ermənilərin çeynənmiş şüarları dururdu.
1989-cu ilin martında SSRİ parlamentinə seçkilərin keçrilməsi,1990-cı ilin əvvəlində qanlı anarxiya, respublika parlament seçkiləri,1991-ci ilin martında keçirilən "sən sovetlərin tərkibində qalmaq istəyirsənmi" referendumunda Azərbaycanın iştirakı , 1991-ci il avqust putçunda tutuduğu mövqe, 1991-ci il respublika prezident seçkisinin keçrilməsinə göz yumması Azərbaycanı idarə edə biləcək heç bir komandanın olmamasına dəlalət edirdi. Ona görə də 1993-cü il iyun hadisələri, Xalq Cəbhəsi hakimiyyətə gəldiyi 1992-ci il 15 mayından sonra hər gün baş verə bilərdi. Mənim yuxarıda göstərdiyim illərdə baş verənlərin analizini verdikdən sonra siz bu gün "niyə belə bir vəziyyətdəyik" sualının cavabını daha dərindən başa düşə biləcəksiniz.
Bir tarixi xronikanı əvvəlcədən bilməyinizin xeyri olar.1918-ci ilin iyununda Gəncəyə köçən Azərbaycan höküməti çox ağır şəraitdə işə başladı. Milli Şura deyilən təşkilat hökümətin bütün təşəbbüslərini blok edirdi, praktiki iflic vəziyyətinə salırdı. Türk Nuri Paşa faktiki MŞ-nı yarandığından 20 gün sonra zorla istefaya göndərdi. Azərbaycan hökümətinin işlədiyi ən məhsuldar dövr 1918-ci ilin dekabrına qədər olub. 1918-ci ilin dekabrında yenidən formalaşmış parlament müxtəlif şəxsi intriqaları ilə yenidən höküməti işləməyə qoymadı. Bir il müddətində hökümət daima ingilislərin intriqalara qarışması və həll etməsi hesabına yaşıyıb işləyə bildi. İngilislər gedən gündən daxili intriqalar höküməti yenidən iflic etdi. Faktiki 1920-ci ilin yanvarından ölkədə hökümət yox idi.
1992-ci ilin mayından 1993-cü ilin iyununa qədər Xalq Cəbhəsi hökümətinin daxilindəki intriqalarla 1920-ci ilin yanvar- aprelində baş verən intriqaların bazası eyni idi. Şəxsi və qrup maraqları uğrunda gedən mübarizədə xalq yaddan çıxmışdı. 70 il keçməsinə baxmayaraq insanların mental və əxlaqında elə bil heç bir dəyişiklik baş verməmişdi. Sadəcə olaraq 1992-93-cü illərin hökümətində olanlar 1918-20 ci illərdəkilərlə müqasiyədə savadsız, intlektualsız və cırtdan intriqabazlar idi. Hərdən qəzetlərdə kimlərinsə mən heç vaxt Musavat ideologiyasından dönmərəm və 20 ildir ona qulluq edirəm və ya mənim üçün Rəsulzadə ideologiyası müqəddəsdir və sair kimi mənasız yazılara rast gələndə Azərbaycanın düşdüyü bataqlıqdan heç vaxt çıxa bilməyəcək pessimist əhval ruhiyyəsi yaranır.
Düşünürəm ki, insanlar ideologiyanın nə demək olduğunu başa düşmədikləri üçün belə pafoslu sözlərdən istifadə edirlər. Məsələn, kimsə Musavatın ideologiyasının nədən ibarət olduğunu yaza bilərmi, düşünürəmki yox. Çünki demokratiya, azad seçkilərinin keçirilməsi, insan azadlığı və sair terminlər azı 400 il bundan öncə kəşf edilmiş, qəbul edilmiş ideyalardır və bir çox ölkələrdə tətbiq olunub və uğurla işləyir. Sözsüz ki, bu və buna bənzər şüarlar nə Rəsulzadənin, nə Elçibəyin, nə də müxalifət partiyalarının ideya və ideologiyası ola bilməz.
Bunları nə üçün qabardıram. Çünki dərin olmayan kimlərsə belə yazıları oxuyur və Musavat partiyasının bizim bilmədiyimiz gizli ideologiyası və ideaları var və gözləmək lazımdır onlar tətbiq olunacaq və hər şey dəyişəcəkdir kimi düşünürlər. Bu xalqı (onsuz da mübarizəyə meylli olmayan bizim xalqımızı) dahada passivləşdirir və çox zərərli şüarlardır. Kimlərinsə 20 il ömrünü hansı isə bir mübarizəyə həsr edib məqsədinə çatmağa az qalmış bir məsafədən görünməməzliyə qədər uzaqlaşması ilə necə fəxr edə bilər bilmirəm. Xəcalət çəkməli və danışmasa daha ağıllı görsənər...