Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket kompleksləri ilə bağlı gərginlik davam edir. Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının Türkiyədən S-400 zenit-raket komplekslərini alıb Ukraynaya göndərmək niyyəti ilə bağlı yayılan xəbərləri şərh edərək bildirib ki, Ankara bu sistemlərlə bağlı Moskva qarşısında müəyyən öhdəliklər götürüb.
Nazirin sözlərinə görə, Qərb, xüsusilə də ABŞ, Türkiyənin bu sistemlərə sahib olmasından narazıdır və Vaşinqton Ankaranın F-35 qırıcılarını almaq istəyini S-400-lərdən imtina şərti ilə bağlayıb.
Lavrov bildirib ki, indi Aİ-nin guya Türkiyədən bu sistemləri almaq və Ukraynaya göndərmək planı irəli sürülüb:
“Bu barədə danışanlar heç düşünmürlər ki, Türkiyə bir alıcı olaraq bu cür addımları Rusiya ilə razılaşdırmadan ata bilməz”, — deyə o vurğulayıb.
Bəs Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumunda müdafiə sistemləri ilə bağlı anlaşmazlıq nə ilə yekunlaşacaq?
Bizim.Media mövzunu təhlükəsizlik, hərbi psixoloji və kəşfiyyat məsələləri üzrə türkiyəli ekspert, keçmiş hərbçi Coşkun Başbuğ və Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov ilə müzakirə edib.
Solonnikov bildirib ki, hava hücumundan müdafiə sistemi olan S-400-lərin dörd divizionunun alınmasına dair müqavilə 2019-cu ildə tam şəkildə icra olunub. Türkiyə bu müqavilə çərçivəsində təxminən 2,5 milyard dollar ödəniş edib:
“Nəticə etibarilə, “Rostex” tərəfindən istehsal olunmuş dörd divizion S-400 hazırda Türkiyə ərazisində yerləşdirilib və bu sistemlər Türkiyənin milli təhlükəsizlik və hava hücumundan müdafiə sisteminin mühüm tərkib hissəsinə çevrilib. F-35 qırıcıları ilə bağlı vəziyyət isə daha mürəkkəbdir. Hələlik bu təyyarələrin nə vaxt və hansı şərtlərlə Türkiyəyə veriləcəyi tam aydın deyil. Digər tərəfdən, Türkiyə paralel olaraq Avropa istehsalı olan “Eurofighter” qırıcılarının alınması imkanlarını da nəzərdən keçirir. Eyni vaxtda həm “Eurofighter”, həm də F-35 proqramlarında iştirak etmək çətin və riskli olsa da, nəzəri baxımdan mümkündür. Bu isə Ankaraya müəyyən seçim imkanları yaradır.
S-400-lərin gələcək taleyi isə yalnız danışıqlar yolu ilə müəyyənləşəcək.
Türkiyə bu məsələdə bütün maraqları, ilk növbədə isə öz milli maraqlarını nəzərə alacaq. Bu maraqların əsas hissəsi Rusiya Federasiyası ilə münasibətlərin pozulmamasına əsaslanır. Türkiyə ilə Rusiya arasında enerji, ticarət, regional təhlükəsizlik və liderlər səviyyəsində şəxsi münasibətlər də daxil olmaqla çoxsaylı qarşılıqlı bağlantılar mövcuddur. Belə bir şəraitdə Ankara üçün Moskva ilə münasibətləri korlamağın real mənası yoxdur. Məhz bu səbəbdən Avropanın S-400 sistemlərini Türkiyədən alaraq Ukraynaya ötürmək kimi təkliflərinə Ankara müsbət yanaşmayacaq”.
“Bu ölkələrin maraqları nəzərə alınacaq”
Solonnikov əlavə edib ki, nəzəri baxımdan S-400 sistemlərinin başqa ölkələrə, məsələn, İrana, Venesuelaya satılması, yaxud Suriyada yeni hakimiyyətlə razılaşma yolu ilə ötürülməsi kimi variantlar mövcuddur:
“Ümumiyyətlə, hərbi texnika adətən bir ölkənin müdafiə sistemində uzun müddət dəyişməz qalmır. Bu baxımdan, Türkiyənin gələcəkdə S-400-lərdən imtina etməsi ehtimalı tam istisna edilmir. Nəzərə alsaq ki, razılaşma 2017-ci ildə əldə olunub, sistemlər isə 2019-cu ildən istismardadır, yaxın illərdə bu məsələyə yenidən baxılması mümkündür.
S-400-lərin sonrakı taleyi Türkiyə və Rusiya arasında qarşılıqlı razılaşma əsasında həll ediləcək. Paralel olaraq, Avropa İttifaqı, ABŞ və hətta perspektivdə Çin kimi digər xarici oyunçuların da maraqları nəzərə alınacaq. Türkiyə üçün hansı tərəfdaşla daha sərfəli razılaşma əldə etmək mümkün olacaqsa, seçim də həmin istiqamətdə formalaşa bilər. Bu səbəbdən mövcud vəziyyət olduqca mürəkkəb və qeyri-müəyyəndir”.
Bəs Türkiyə məsələyə necə yanaşır?
Keçmiş hərbçi Coşkun Başbuğ isə yaranan gərginliyin Qərbdən qaynaqlandığını və əsasının olmadığını qeyd edib:
“Ankara ilə Rusiya arasında S-400 mövzusunda hər hansı bir böhran yoxdur. Əksinə, tərəflər arasında bir uzlaşma mövcuddur. Çünki Rusiya S-400-ü satdı, Ankara da onu aldı. Cənab Ərdoğanın da ifadə etdiyi kimi, Qərbin süni şəkildə yaratdığı S-400 böhranı məsələsində, Türkiyə "o məsələ artıq bağlanıb, alış-veriş tamamlanıb, S-400 artıq Türkiyədədir və lazım gəldikdə istifadəyə hazırdır" deyərək mövqeyini çox açıq ortaya qoyub. Yeni yayılan bəzi iddialara görə, ABŞ F-35 məsələsində Tom Barakın sözlərinə əsaslanaraq belə bir vəziyyət ortaya qoyub: “S-400-ləri versəniz, F-35-ləri alarsınız.” Amma Türkiyə daha əvvəl də S-400-ləri geri verməyəcəyini bildirmişdi və bu mövzu bağlanmış sayılır”.
Başbuğ əlavə edib ki, sözügedən silahlar alınıb və lazım gəldikdə istifadə olunacaq:
“Bu səbəbdən, mən Türkiyənin geri addım ataraq S-400-ləri Rusiyaya qaytaracağını düşünmürəm. ABŞ-ın isə S-400 məsələsini yenidən gündəmə gətirməsini mənasız hesab edirəm. Çünki Tramp daha əvvəl - bu məsələ müzakirə edilərkən demişdi ki, "Türkiyə haqlıdır, ABŞ (o dövrdə Bayden) Patriot raketlərini satmadığı üçün Türkiyə Rusiyadan S-400-ləri aldı. Burada inciməli və ya qəzəblənməli bir şey yoxdur". Bu doğru yanaşma idi, çünki Türkiyə istədiyi halda ABŞ ona silah satmamışdı və nəticədə Türkiyə də Rusiyaya müraciət etmişdi”.
Ekspert əlavə edib ki, yaranan süni gərginlik tərəflərin müzakirəsi ilə həllini tapacaq:
“İndi Tramp yenidən vəzifəyə gəldiyi üçün, mən düşünmürəm ki, S-400 mövzusu ABŞ ilə Türkiyə arasında yenidən böhrana çevriləcək. Amma buna baxmayaraq, Tom Barak maraqlı bir açıqlama verərək S-400 və F-35 mövzularını yenidən bir-birinə bağladı. Mən bunun müvəqqəti olduğunu və yeni bir böhran yaranmayacağını düşünürəm. Çünki Türkiyə bu məsələdə geri addım atmayacaq. Əgər ABŞ Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyirsə, Trampın da təşviqi ilə F-35 məsələsində gələcəyə yönəlik bir addım atacaq. S-400 məsələsi isə heç gündəmə gəlmədən bu sahədə irəliləyiş olacaq”, - deyə C.Başbuğ əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media