Rusiya istehsalı olan və müsəlman ölkələrinə ixrac edilən bəzi konserv məhsullarında donuz ətinə aid DNT izləri aşkarlanıb. Halal olaraq təqdim edilən bu məhsulların bir qisminin Azərbaycana da gətirildiyi bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “All Exclusive” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Rusiya ordusuna və Mərkəzi Asiya ölkələrinə tədarük edilən “Qlavprodukt” şirkətinin mal ətindən hazırlanmış konservdə donuz əti DNT-si aşkar edilib.

Şirkət bu ilin iyulunda milliləşdirilib və bundan əvvəl o, faktiki olaraq keçmiş kənd təsərrüfatı naziri ilə əlaqəli olan “Drujba Narodov” müəssisəsinin nəzarəti altına keçib.
2025-ci ilin sentyabrında aparılan analizə əsasən, “Semeynıy budjet” markalı 500 qramlıq konserv bankalarında donuz əti DNT-si aşkar edilib. “Semeynıy budjet” “Qlavprodukt”un Orlov vilayətindəki törəmə şirkəti olan “Orelprodukt” ASC tərəfindən istehsal edilib.
Bişmiş ətdən bəzi nümunələr Orexovo-Zuyevodakı 81521 saylı hərbi hissənin yeməkxanasından toplanıb.
“All Exclusive” həmçinin 2025-ci ilin payızında əhalisinin əksəriyyətinin müsəlman olduğu bir sıra Orta Asiya ölkələrinə də göndərildiyini göstərən sənədlər əldə edib.

Belə ki, 2025-ci ilin payızında “Semeynıy budjet” mal əti konservi Tacikistan (Avis Dushanbe MMC və Korvon 2011 MMC), Qazaxıstan (Dokka), Qırğızıstan (Umai Group) və Azərbaycana ( Sham-Fi Beynəlxalq Ticarət Şirkəti) tədarük edilib.
Bizim.Media