“Muzdlu əməyə gəlir vergisinin tətbiqi məsələsi ən çox danışılan məsələ oldu. Bu güzəşt 2019-cu ildə qüvvəyə minmişdi, 1 yanvar 2026-cı ildə bu güzəştin müddəti bitirdi. Bu, dünyada analoqu olmayan bir rejimdir. Bu, müddətli güzəştli rejim olaraq müəyyən edilmişdi”.
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Güzəşt 1 yanvarda bitdiyi halda 2500 manatadək əməkhaqqından 14 faiz, 2500 manatdan yuxarı gəlirlərə isə 25 faiz gəlir vergisi tətbiq ediləcəkdi. Lakin Azərbaycan hökuməti yenə də özəl sektorun, qeyri-neft sektorunun inkişafını nəzərə alaraq, növbəti güzəştli rejim tətbiq edir.
Biz artıq güzəştli rejim yox, daimi rejim olaraq bu dərəcələri 50 faiz aşağı salırıq. 14 faizlik rejimi 7 faizə salırıq. Bununla yanaşı, 7 faizə keçidi də biz tədrici keçid olaraq müəyyən edirik.
Yəni 2026-cı ildə muzdla işləyən əhalinin böyük əksəriyyətini əhatə edən 2500 manata qədər gəliri olanların ödəyəcəyi gəlir vergisi cəmi 3 faizdir. İstənilən ölkələrin rejimini araşdırsınlar və gəlir vergisi 3 faiz olan neçə ölkə tapdıqlarını qeyd etsinlər. Bu, çox böyük bir güzəştdir”, - deyə nazir bildirib.
Günay Şahmar, Bizim.Media