Cəlilabadda 6 aylıq körpənin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müayinədən sonra vurulan iynəyə görə vəziyyətinin ağırlaşdığı ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, səhhəti ağırlaşdıqdan sonra Bakıda yerləşən xəstəxanaların birinə aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.
Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya verilən məlumata görə, 6 aylıq körpə ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına heç bir müraciət qeydə alınmayıb.
Aparılan araşdırmanın nəticəsində müəyyən edilib ki, təxminən 4 ay əvvəl, gecə saatlarında körpənin valideynləri azyaşlını xəstəxananın həkim-pediatrının evinə gətirib, həkim onu müayinə edərək, yalnız ilkin tibbi yardım göstərib.
Daha sonra həkimin körpə ilə hər hansı təması olmayıb, müayinə və inyeksiya edilməsi həyata keçirilməyib.
Naibə Məmmədova, Bizim.Media