Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən İslam İslamovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun Cinayət Məcəlləsinin 29,120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilib. İslam İslamov barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunub. Qərarın icrası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
İttihama görə, İslam İslamov anlaqsız vəziyyətdə - yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan 28 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Şirvan rayonunda heç bir əsaslı səbəb olmadan 2013-cü il təvəllüdlü övladı, zərərçəkmiş Habil İslamovu öldürmək məqsədi ilə hərəkət edib.
Belə ki, təqsirləndirilən şəxs çəkiclə azyaşlı övladının baş nahiyəsinə zərbə endirib. Bu zərbələr nəticəsində Habil sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb.
İslam bundan sonra çəkiclə növbəti zərbələr endirmək istəyib, lakin həmin vaxt hadisə yerinə gəlmiş uşağın anası ərinin hərəkətinin qarşısını alıb.
Məhkəmə iclasında dindirilmiş İslam İslamov Cinayət Məcəlləsinin 29, 120.2.9-cu maddəsində nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətdiyini bildirib, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, həmin gün evdə ildırım çaxdığını görüb, qorxudan özünü itirib, əlində çəkic olub, atası isə həmin çəkici ondan alıb. (Pravda.az)
Bizim.Media