Bu ilin 9 ayı ərzində 706,494 turist Azərbaycanın qoruq və muzeylərinə baş çəkib.
Amma bunların cəmi 159,171 nəfərini yerli turistlər təşkil edir, qalanı əcnəbilərdir.
 
Bu, turizm baxımından yaxşı göstərici olsa da digər tərəfdən qərribədir ki, niyə öz həmyerlilərimiz milli qoruq və muzeylərimizi ziyarət etmirlər? Halbuki əcnəbilər üçün bir bilet deyək ki, 15 manat olduğu halda, yerli turistlər üçün 5-7 manat, tələbələr üçünsə güzəştli olur.
Hələ Dövlət Turizm Asgentliyinin Qoruqları İdarəetmə Mərkəzindən verilən məlumata görə, məktəblilərə isə ümumiyyətlə ziyarət pulsuzdur. Bundan başqa ziyarət paketləri də olur ki, 72 saat ərzində endirimlə bir neçə qoruğa baş çəkmək mümkündür.
Bəs onda səbəb nədir? Tənbəllik, öz ölkəsindəki əlçatanlıq desək, o zaman Şəki Xan sarayı və bu kimi şəhər içi qoruqlar yerli turistlərlə aşıb-daşır.
Məsələ ilə bağlı fikirlərini bölüşən turizm üzrə ekspert Kamran Quliyev Bizim.Media-ya bildirdi ki, yerli əhalinin muzeylərə və tarixi məkanlara marağının nisbətən az olması, əsasən mədəni istirahət vərdişlərinin zəif inkişafı və turizm təbliğatının istiqamətləri ilə əlaqələdir.
 
Yəni insanlarımız turizm məkanı dedikdə onun tarixi, coğrafi, geoloji əhəmiyyətdən çox iaşə xidmətləri ilə maraqlanır. Azərbaycanda muzey-qoruq ziyarətləri gündəlik və ya aylıq istirahət planına daxil edilmir.
Cəmiyyətin böyük bir qismi muzeyləri daha çox “rəsmi” və ya “xarici qonaqlara göstərilən” yerlər kimi qəbul edir.
Digər tərəfdən, Azərbaycanın turizm strategiyası son illərdə əsasən xarici turistlərin cəlb edilməsinə yönəlib. Turizm kampaniyaları, beynəlxalq sərgilərdə iştirak və reklam materialları daha çox əcnəbi auditoriyaya istiqamətlənir. Nəticədə, yerli əhali üçün muzey və qoruqların təbliği ikinci planda qalır.
 
“Günümüzdə maraq dairəsi dəyişir, amma diqqət mərkəzində olan adamlar vasitəsilə istiqaməti dəyişmək olar. Yerli turistlərə maraqsız gələn, çöllükdə yerləşən hər hansı qoruğa məşhur simalar, bloqqerləri cəlb eləsələr axının qarşısını almaq olmayacaq.
Boş yerə o şəxslərə “influenser”lər demirlər, həqiqətən də böyük təsir gücünə malikdirlər. Yəni mədəniyyəti “moda”ya çevirə bilirlər”.
Şəfiqə Şəfa, Bizim.Media