Şəkidə rayon sakini 35 yaşlı Famil Məmmədovun idarə etdiyi "Mercedes" markalı sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Orta Zəyzid kəndində baş verib.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Sürücü xilas edilərək Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xoşbəxtlikdən mikroavtobusda sərnişin olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu