Enerji sektorunda SOCAR və “KazMunayQaz” arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti üzrə əməkdaşlıq uğurla inkişaf edir. 2023-cü ildən bu günə kimi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 3,4 milyon ton Qazaxıstan nefti dünya bazarına çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, 2027-ci ilə qədər bu həcmin ildə 7 milyon tona çatdırılması planlaşdırılır ki, bundan sonra da qarşılıqlı faydalı şərtlərlə artım mümkündür.
“Nəqliyyat əməkdaşlığı kontekstində ölkələrimiz arasında tranzit daşımaların artımında müsbət dinamika var. Biz Orta Dəhliz - Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı sahəsində əməkdaşlığı dərinləşdirməyə və yeni imkanlardan, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivindən istifadə etməyə hazırıq. Digər sahələrdə, o cümlədən humanitar sahədə əməkdaşlığın müsbət dinamikasını da qeyd etmək istərdim. Hökumətlərarası Komissiya ölkələrimizin müvafiq dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsində əsas rol oynayır.
Komissiya iclaslarımızın müntəzəm xarakter daşıması qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığa əlavə təkan verir”,- deyə P.Şahbazov əlavə edib.
Bizim.Media