44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri - VIII HİSSƏ

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.

Zaur Cavanşirin “44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri” adlı xatirələr kitabından VIII hissəni təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri - VII HİSSƏ


Şəhid qanı ilə yüksələn dağ: Ərgünəş dağı

“Döyüşçü öləndə yox olmur, o millətin ruhuna çevrilir.” - General-mayor Zaur Cavanşir

12 oktyabr 2020-ci ildə Ali Baş Komandanın göstərişi ilə Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov vəzifəsindən uzaqlaşdırıldı. Demək olar ki, bütün istiqamətlərdə komandanlıq XTQ-yə verildi. XTQ-nin bölmələri bütün istiqamətlərdə var idi. Cəbrayıl - Zəngilan - Qubadlı istiqamətində, Hadrut - Füzuli, Hadrut - Xocavənd istiqamətində və Hadrut-Şuşa istiqamətində.

Həmin gün günorta saatlarında XTQ-in bölmələrində şəhid və yaralıların yerinin bərpa edilməsi məqsədilə Naxçıvan ordusundan ayrılmış şəxsi heyət tabeliyimizə verildi. Həmin heyəti Naxçıvan Ordusunda döyüş hazırlığına cavabdeh olan bir polkovnik gətirmişdi. 

Onlar əvvəlcədən siyahıya əsasən hansı bölmələrə təyin olunacaqlarını bilirdilər. Ona görə də mən polkovnik Quliyev Maisə tapşırdım ki, bütün bölmələrdən nümayəndələr çağırıb onların vasitəsilə gələn şəxsi heyətin bölmələrə vaxtında və təhlükəsiz  şəkildə yerləşdirilməsini təmin etsinlər.

Kəşfiyyat məlumatlarına əsasən düşmən Şaqax kəndində (indiki Şahyeri), Hadrutun şərq kənarındakı 1691.0 yüksəkliyində və Hadrut–Xankəndi yolundakı, Tuğ kəndi istiqamətindəki digər yüksəkliklərdə çoxsaylı canlı qüvvə, zirehli texnika, tankəleyhinə vasitələr, həmçinin avtomobillərin üzərində quraşdırılmış minaatanlar və digər atəş vasitələri cəmləşdirmişdi. 

Kəşfiyyat döyüş əməliyyatlarının əsas hissəsidir və qərarların verilməsinin əsasını təşkil edir.

Düşmənin niyyəti, qüvvələrinin sayı, gücü, silahlanması və fəaliyyət istiqaməti barədə məlumat olmadan qalib gəlmək mümkün deyil. Dəqiq və operativ kəşfiyyat olmadan planlaşdırılan hərbi əməliyyat kor və təsadüfi xarakter daşıyır.

Qədim Çin strateqi, hərbi nəzəriyyəçi və filosofu Sun Tzu “Müharibə sənəti” əsərində yazırdı:

“Əgər düşmənin vəziyyətindən xəbərdarsansa və öz vəziyyətini də bilirsənsə, qələbə sənindir.”

Kəşfiyyat məlumatlarını əsasən aşağıdakı mənbələr vasitəsilə əldə edirdik:

- düşmən ərazisinin müşahidə dronları və PUA-larla izlənməsi;

- ələ keçirilmiş hərbi və ya mülki əsirlərin dindirilməsi;

- birbaşa düşmənlə təmasda olan bölmələrin müşahidə məlumatları;

- düşmən arxasında fəaliyyət göstərən kəşfiyyat və xüsusi təyinatlı bölmələrin məlumatları;

- düşmən mətbuatında və sosial şəbəkələrdə yayılan məlumat və görüntülərin təhlili;

- düşmənin radio rabitəsi və digər rabitə vasitələrinin dinlənməsi və sair.

Kəşfiyyat məlumatını aldıqdan dərhal sonra onu diqqətlə analiz edib cəld qərar verməlisən — çünki vaxt uzandıqca düşmən yerini dəyişəcık,  artıq aşkar edildiyi yerdə olmayacaq və ya məlumatsız bölmələrimizə qəflətən gözlənilməz zərbə endirə bilərdi.
 

Bütün yuxarıda göstərilən üsullarla yanaşı, mən həm də daimi olaraq Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsindən məlumatlar alırdım. Cəbhənin müxtəlif istiqamətlərindəki vəziyyəti də bilməli idi.


Çünki həmin istiqamətdə olan düşmənin bizim əməliyyat bölgəmizə təsirini qiymətləndirməli və vaxtında tədbir görməliydim. Kəşfiyyatçıların cəbhənin bir çox yerində dinləmə və izləmə vasitələri yerləşirdi; düşmənin hər hansı danışığını tutan kimi cəld niyyətini müəyyən edərək qoşunlara ötürürdülər. Mayor Qurbanov Elşən məni bu məlumatlarla təmin edirdi.

Bir hadisənin timsalında kəşfiyyat məlumatını nə qədər vacib olduğunu göstərməyə çalışacam. 

Qızğın döyüş günlərinin birində mayor Elşən Qurbanov mənə zəng edərək düşmənin bir qrup hərbi qulluqçusunun danışığını tutduqlarını dedi. Danışıqlara görə onların tank əleyhinə vasitələri hansısa yaşayış məntəqəsinin girişində mövqe tutub, onlara doğru gələn tanklarımızı görürlər və körpüyə çatanda vuracaqlar. Bizim əməliyyat bölgəmizdə isə belə bir yer yox idi və tabeliyimdə olan texnikaların harada olduğunu bilirdim. Bu vəziyyət  ya Qubadlı ya da Xocavənd istiqamətində ola bilərdi.

Mən dərhal Qubadlı istiqamətində olan general-mayor Mayis Barxudarova texnikalarının irəliləyib-irəlilmədiyini soruşdum. O, texnikaların irəliləmədiyini  bildirdi.

Tezliklə Xocavənd istiqamətində hücum edən bölmələrimizin rəhbəri general-mayor Teymur Əyyubova zəng etdim:

— Qardaş, sənin tankların və ya digər texnikan harasa hərəkət edirmi?

— Hə qardaş, Yağlıvənddən Dilağardaya doğru irəliləyirik.

— Tanklar hansısa körpünü keçəcək?

— Hə, qardaş, az qalıb, keçirlər. Nə olub?

— Dayandır! Dayandır! Cəld ol! — sözünü bitirməyə imkan vermədən qışqırdım.

Onun rabitənin o başında da “Babək”, dur! Dur! Geri qayıt!” qışqırığını eşitdim.

Tankların dayanması ilə tank əleyhinə raketin qarşısındakı körpünü vurması eyni vaxtda olmuşdu — bir anlıq əyləci basmaqla tanklarımız məhv olmaqdan qurtuldu. Bu hadisə kəşfiyyat məlumatlarının nə qədər həyat qurtarıcı olduğunu bir daha sübut edir.

Mən qarşıda toplaşmış düşmən qüvvələri barədə komandana məruzə etdim. Düşmənin orada topladığı çox sayda qüvvələri Tuğ kəndi istiqamətində irəliləyəcək bölmələrimizə ciddi müqavimət göstərəcəkdi. Ona görə də tədbir görülməli, düşmənə hücumdan əvvəl əlimizdə olan və yuxarı komandanlığın vasitələrilə maksimum dərəcədə zərər vurmalıydıq.

Komandan məni dinləyərək :

— Zaur, bilirəm, artıq üç həftədən çoxdur dayanmadan — gecə və gündüz — döyüşürsünüz və hamınız yorğun düşmüsünüz. Amma bu gecə o yüksəkliklər alınmalıdır. Səndən istəyim budur: şəxsən bölmələrin yanında olasan və döyüşdə  onlara şəxsən nümunə göstərəsən,  ruh verəsən.

— Oldu, cənab komandan, — cavab verdim.
 

Mən polkovnik Mais Quliyevə tapşırıqlarımı verib hərbi hissələrimizin bütün bölmələrini qarşıdakı hücum üçün yenidən qruplaşdırmasını aparmaqla gecə ilə Hadrutun şərq kənarındakı yüksəklikləri düşməndən təmizləyərək Tuğ kəndi istiqamətində hücumu təşkil etmək məqsədilə həmin istiqamətə hərəkətə başladım.


Əməliyyat bölgəsində piyada hərəkət məni çox yorurdu. Çünki zirehli avtomobilim nə qədər təhlükəsiz olsada bir o qədərdə yavaş hərəkət edirdi. Mənə sürətli şəkildə bir yerdən başqa yerə hərəkət edə biləcəyim avtomobil lazım idi. Ona görə də polkovnik Akif Priverdiyevdən əlavə bir pikap tipli avtomobil istəmişdim. O bildirdi ki, bütün avtomobillər bölmələrin sərəncamındadır və onlardan birini götürüb göndərə bilər. Mən razılaşmadım, bölmələrin özlərinə bu tip avtomobillər daha çox lazım idi. Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində general-mayor Nəsib Qədirova zəng etdim.

— Salam, qardaş. Mənə bir pikap lazımdır, — dedim.

O, heç tərəddüd etmədən cavab verdi:

— Baş üstə, qardaş. Bu dəqiqə baxıram; sənə yaxın harda varsa birini göndərəcəyəm.

Doğrudan da, bir neçə saat sonra yeni, Nissan Navara markalı avtomobili sürücüsüylə birgə gətirib mənə təhvil verdilər.

İndi o avtomobillə yola düşməli idim. Ancaq düşmən Hadrutun ətrafını, əsasən də əvvəl qeyd etdiyim 1691.0 yüksəkliyindən mən gedəcəyim yolu  tank əleyhinə idarəolunan raket (TƏİR) qurğusunun atəşilə vururdu. Həmin yolda bir tankımızı da vurmuşdular və tankın ekipajı şəhid olmuşdu. Bu yoldan başqa yol da yox idi. 
 

Sürücüyə heç nəyə fikir vermədən avtomobili sürətlə idarə etməsini, tanka çatan kimi sağa dönərək dərəyə enməsini əmr etdim. Naxçıvandan gələn polkovnik və rabitəçim kabinada mənimlə idi, bir neçə nəfər isə pikapın kuzasında yerləşmişdi.


Biz vurulmuş tanka çatdıqda sürətlə sağa burulduq və dərəyə düşdüyümüz anda düşmən həmin döngəni də raketlə vurdu. Bu dəfə qurtulmuşduq. Yanımdakı polkovniki hərbi hissənin komandiri olduğum dövrdən yaxşı tanıyırdım — qorxaq deyildi, əksinə bir çox döyüşlərdə cəsarətini görmüşdüm; yalnız bir xasiyyəti vardı: hər yerdə özünü çəkib paylaşmağı sevirdi. İndi də hər yerin şəkilini çəkirdi. Mən narazı olsamda bu haqda ona bir söz demədim. 

Onsuzda hələ hansımızın sağ qalıb o şəkillərə baxa biləcəyimizi heç birimiz bilmirdik. 

Bəlkədə arxada olan bölmələrin şəxsi heyəti əlaqə saxlaya bilmədiyinə görə hərdən sağ olduğunu bildirmək üçün ailəsinə şəkillər göndərirdi. Amma bu sosial şəbəkələrdə yayılmamalı idi. Yuxarıda da qeyd etdiyim kimi düşmən sosial şəbəklərdə yayılan bütün yazı və görüntüləri analiz edərək ordumuz və əməliyyat şəraiti barədə məlumat toplayırdı.

Sosial şəbəkədə nəsə paylaşmaq düşmənə kömək etməyə bərabər idi. Bu kimi halların qarşısının alınması üçün Azərbaycan Respublikasının prezidenti, Ali Baş komandan İlham Əliyevin sərəncamıyla informasiya təhlükəsizliyinin qorunması məqsədilə internetə çıxış və belə tipli videoların yayılması qadağan edilmişdi.
 

Biz Hadrutun mərkəzinə çatdıq. Oradan Xankəndi istiqamətində hücum çıxış xəttində yerləşmiş bölmələrin hazırlığını yoxlamalı idim. Hadrutun mərkəzində düşməndən ələ keçirilmiş və bölmələrimiz tərəfindən istifadə olunan PDM-2 döyüş maşınını özümlə götürməyə qərar verdim — onu irəli, ön mövqelərə yerləşdirəcəkdim. Öz atəşilə bölmələrə kömək edərdi.


PDM-2 öndə, biz isə pikapla arxada Xankəndi istiqamətində qalxarkən yolun solundakı evlərdən birindən iki erməni silahlısının qaçaraq gizlənməyə çalışdığını gördük. Avtomobili dərhal saxladıq və pikapın kuzasında olanlar evə doğru cumdular. Tezliklə onları tutub gətirdilər.

Silahlarını atıb təslim olmuşdular. Üst-başlarını yoxladıq — üzərilərindən tapança çıxdı. Əllərini bağlayıb Pikapın arxasına, kuzaya qoymalarını əmr etdim və hərəkətə davam etdik.

Yolun sağ tərəfində erməni bayrağı şəkilində boyanmış qaya parçasına çatdıqda qarşida hərəkət edən düşmən PDM-2-ni tank əleyhinə raketlə vurdu. Biz dərhal dayandıq. PDM yanırdı, yoldaşlarımız şəhid olmuşdu. Düşmən snayper və pulemyotlarla bizi atəşə tutmuşdu.  İkinci raket lap yaxınlığımıza düşdü.

Cəld geri qayıtmalıydıq.

Düşmən yüksəklikdə olması üstünlüyündən hər fürsətdə istifadə edirdi. Ərazinin meşəlik olması və atəş etdikdən sonra dərhal mövqelərini dəyişmələri onların aşkar edilməsini çətinləşdirirdi. Sürətlə Hadruta qayıtdıq. 

Yerdəyişmə edəcək bölmələrin Hadrutun mərkəzində təhlükəsiz yerdə toplanmasına göstəriş verdim.

Bölmələr tezliklə gəldilər. Tapşırıqlarını dəqiqləşdirdikdən sonra qaranlıq düşənədək təyin edilmiş yerlərdə hücum çıxış xəttini tutmağı əmr etdim. Bölmə komandirləri bildirdilər ki, təyin edilmiş yer çox yüksəkdir və hava qaralana qədər oraya çatmaları üçün sursat ehtiyatının avtomobillə daşınmasına ehtiyac var.

Mən sürücüyə Pikapla bölmələrin sursatını daşımağa yardım etməsini, işini bitirdikdən sonra məni burda gözləməsini dedim. O isə soruşdu:

— Cənab polkovnik, bəs kuzadakıları nə edim? — (o, əsirləri nəzərdə tuturdu.)

— Bilmirəm. Verin aparsınlar, geriyə təhvil versinlər.

— Oldu, — deyib avtomobilə doğru getdi.

Bir neçə dəqiqə sonra bölmə komandirləri ilə dəqiqləşdirmələr apardığım vaxt mənimlə gələn polkovnikin (ad və familiyasını etik səbəblə qeyd etmirəm) hamıya məlum hadisələr törətdiyini gördüm. Mən çox əsəbləşdim — yersiz davranışlara vaxtımız yox idi. Bununla bağlı onu sərt şəkildə iradımı bildirdim.
 

Bütün tapşırıqları verdikdən və bölmələri yola saldıqdan sonra bu dəfə gizli yollarla, piyada olaraq irəli, hücum çıxış xəttinə irəlilədik. Yol boyu düşmənin meyidləri hər yerdəydi. Mayor Tağıyev Vüsalın taborunun pusquya salıb məhv etdiyi düşmənin zirehli və avtomobil texnikalıarı, yola səpələnmiş düşmən silahlılarının meyidləri xüsusi təyinatlılarımızın cəngavər kimi döyüşdüyünü göstərirdi.


Qaranlıq düşəndə, yol boyu düşmənin atdığı minatan mərmilərindən çətinliklə yayınaraq və son dərəcə yorğun halda, Hadrutun şərq kənarındakı yüksəklikdə (hal-hazırda Xankəndi istiqamətinə qalxdıqda yolun sağ tərəfində üzərində Azərbaycan bayrağı rənginə boyanmış qaya parçsı ilə üzbəüz, sol tərəfdə olan yüksəklik) yerləşən hərbi hissənin hücum üçün mövqeləndikləri yerə çatdıq. Komandirlə vəziyyəti müzakirə etdik. O əlavə olaraq nəsə demək istədiyini hiss edərək soruşdum:

— Sən nə düşünürsən? Hücum etməzdən əvvəl əlimizdə olan vasitələrlə düşmənə maksimum itkini verə bilərikmi? Mən istəyirəm ki, elə edək ki, düşmənin müqavimət göstərəcək gücü qalmasın. İtki verməməliyik.

O cavab verdi:

— Cənab polkovnik, əlimizdə yetərincə qüvvə və vasitə var. Dəstəyimizə artilleriya bölmələri ilə onlara tam zərər verə bilməyəcəyik. Qarşıda çoxsaylı zirehli texnika və digər vasitələr toplanıb. Bizə daha güclü artilleriya dəstəyi lazımdır. Xankəndi yoludakı, 1691,0 yüksəkliyindəki və mümkün olsa Şaqax kəndindəki qüvvələrinə ciddi zərər verməliyik.

— Tamam — deyib artilleriya komandanı polkovnik Ağamir Sultanova zəng etdim.

- Qardaş sənin ermənilərə bir hədiyən varmı?

Telefonun o başında heç tərəddüd etmədən şən səslə dedi:

— Qardaş, sən yerlərini denən — mən onlara “hədiyəm” yoxdu, amma yaxşı bir sürpriz edərəm.

Mən polkovnik Sultanova vurmalı olduqları koordinatları ötürdüm.

— Qardaş, mümkünsə həmin koordinatları yaylım atəşlə vurmağı xahiş edirəm, — dedim.

— Oldu. Heç bir problem yoxdur. Dəqiqləşdirim, deyirəm sənə— cavab verdi.

Bir neçə dəqiqə sonra polkovnik Sultanov zəng edərək bildirdi:

— Qardaş, birinci, sağdakı hədəfi vuracağıq. Amma ikinci verdiyin hədəfi vurmaq üçün vasitələrimizi o istiqamətə çevirməyə çox vaxt lazımdır.

— Tamam, qardaş. Oranı özümüz həll edərik, sən birincini vur.

— Tamam. Uşaqlara deyin təhlükəsiz məsafədə olsunlar. Hazır olanda deyin, ataq.

Mən sağ cinahda, Ərgünəş dağının ətəyində yerləşən tabor komandiri mayor Xizri Nuruyevə tapşırdım ki, yerləşdikləri yerdən geriyə — Ərgünəş dağının yönünə doğru çəkilsinlər, çünki verdikləri koordinatlar onların mövqeyindən bir neçə yüz metr irəlidə idi. Yaylım atəşində isə təhlükəsiz məsafə bir neçə kilometr geridə olmalıdır.

Mayor Nuriyev Xizri geri çəkilmək istəmirdi.

— “Bəbir”, uşaqlar geri çəkilmək istəmirlər. Atsınlar. Enerjimizi bir daha geri getməyə sərf etməyək. Biz yenidən o uzun yolu qayıdıb hücuma keçənədək düşmən özünə gələcək. Xahiş edirik, icazə verin burada mövqelənək; artilleriyaçılarımız bunu bilsələr hədəfi daha dəqiq vuracaqlar.

Mən polkovnik Sultanova bu barədə danışdım və o əvvəlcə israr etsə də, bizim bölmələrin fikrinin qəti olduğunu bildirdikdən sonra razılaşdı.

İndi isə 1691 yüksəklik istiqamətində hücum edəcək bölmənin qarşısındakı düşməni məhv etmək üçün bir şey düşünməliydim. Düşmənin bir tabordan çox qüvvəsi Şaqax kəndindən yüksəklikdə tam mövqelənmişdi. Mən aviasiya rəisi polkovnik Namiq İslamzadəyə zəng etdim.

Biz Ali Hərbi Məktəbdə kurs yoldaşı idik — sonradan o aviasiyaya keçib pilot olmuş, mən isə kəşfiyyatçı kimi xidmət etmişdim. Fərqli istiqamətlərdə xidmət etsək də münasibətimiz həmişə yaxşı olmuşdu və gecə olmasına baxmayaraq bu tapşırıqda nə olursa-olsun mənə kömək edəcəyinə əmin idim.

Mən ağzımı açmamışdan əvvəl o telefona cavab verən kimi dərhal dedi:

— Qardaş, o istiqamətdə təyyarəmiz yoxdur.- düşmən təyyarəsilə olan hadisədə ona zəng etdiyimi  nəzərdə tutaraq deyirdi.

— Bilirəm qardaş, amma istərdim ki, kömək edəsən.

— Neynəməliyik, sən de.

— Sənə koordinatları ötürsəm, ora iki bomba atmağın mümkündürmü?

— Tamam, sən koordinatları ver — 20 dəqiqəyə oradayam. Amma uşaqları o koordinatdan geri çək.

— Qardaş, ona görə ayrıca xahiş edirəm — uşaqlar geri çəkilmək istəmirlər; çox dəqiq olmalısan.

— Zaur, bilirsən bu təhlükəlidir. Mən çalışacağam dəqiq atım. Amma gecədir və sapmalar ola bilər.

— Bilirəm — at.

O razılaşdı.

1691 yüksəklik mənim yerləşdiyim yerin tam üstündəydi. Bomba yüksəkliyə düşməsə, bizim üstümüzə düşəcəkdi. Amma Namiqin dəqiq atacağına əmin idim və başqa yolumuz yox idi. Yüksəkliyin zirvəsində ermənilər böyük xaç işarəsi qoymuşdular və gecənin qaranlığında göyün fonunda aydın görünürdü.

Bu vaxt artilleriya komandiri polkovnik Sultanov zəng etdi:

— Qardaş, birini göndəririk. Baxın.
 

Bir neçə saniyə sonra gecənin qaranlığında göy üzündə mərminin sürətlə uçduğunu eşitdik; mərmi düşmənin arxasında harasa düşdü, amma partlayış uzaqda oldu. Artilleriyaçılarımız atışı məsuliyyətlə nizamlayırdılar, ona görədə ilk atəşi bölmələrimizdən uzaqdan başlatmışdılar.


Mayor Nuriyev Xizri mərminin düşdüyü yerə görə düzəlişlərin hesabatını apararaq əməliyyat zabitinə verdi. Düzəlişlər artilleriyaçılara göndərildi. Növbəti atəş  gəldi — bu dəfə mərmi zərgər dəqiqliyi ilə verilmiş koordinata düşdü. Qaranlıq o qədər sıx idi ki, partlayış dağda püskürən vulkan kimi yerin sinəsini yararaq göyə püskürdü. Partlayışın alovu hər yeri işıqlandırdı. Hamı qışqırdı:

— Əla! Əla!

Mən Mayor Nuriyevdən soruşdum:

— Bu qaydada qalanları da gəlsin?

— Bəli, çox gözəl düşdü, — dedi.

Polkovnik Sultanova bildirdim:

— Qardaş, qalanını da göndərin.

— Gözümüz üstə, — dedi və bir neçə dəqiqə sonra mərmilər fasiləsiz həmin yerə düşməyə başladı. İndi vulkan kimi hər tərəfdən — əsasən də düşmənin cəmləşdiyi yerlərdən — alov püskürürdü. Düşmənin qışqırıq səsləri ətrafa yayılmışdı.

Mən zarafatla soruşdum:

— Xizri, bəs edir, yoxsa təkrar edək?

— “Bəbir”, təkrar əla olar. Texnikadan məhv olmayanlar var, — cavab verdi.

Polkovnik Sultanova zəng etdim. O dərhal soruşdu:

— Qardaş, necədir? Təkrarlayım?

— Təkrar et, qardaş, təkrar et, — dedim.

Artilleriyamızın mərmiləri yenidən yaylım atəşi ilə düşmənin üzərinə yağmağa başladı. Atəş bitdikdən sonra Mayor Nuriyevin rəhbərlik etdiyi tabor sürətlə düşmən üzərinə hücum etdi və onların baş qaldırmasına imkan vermədən Xankəndi yolu üzərində məhv etməyə başladılar.

Bu vaxt gecənin qaranlığında uğultu eşitdim. Onun harada olduğunu görmək mümkün deyildi. Səs bizə yaxınlaşdıqca həyəcan artırdı — birdən başımıza öz bombamızın düşəcəyindən ehtiyat edirdim. Səs daha da ucadan gələndə 1691.0 yüksəliyinin başındakı xaçlı zirvədə və onun arxasında, Şaqax kəndində, iki partlayış oldu. Qaranlıqda, yüksəkliyin tam ucuna, xaç olan yerə düşən bombanın yaratdığı dəhşətli mənzərəni təsvir etmək çətindir. Partlayışın zərbəsi bizim olduğumuz yüksəklikdə də hiss olundu; səmanın fonunda partlayışın miqyası açıq-aydın seçilirdi.

Bölmə komandiri həmin istiqamətdə düşmənin zirehli texnikalarını və çoxsaylı şəxsi heyətini məhv etdiklərini bildirdi və hücuma keçmək üçün icazə istədi.

— İrəli, — deyə bütün bölmələrə əmri verdim.

Sürətlə düşmən mövqelərinə cumduq və qarşımıza çıxan bütün silahlıları məhv etdik. Məni ən çox maraqlandıran məni gələrkən atəşə tutuan minatan idi. onu Tuğa enən yolun sol tərəfində mövqedə tapdıq. 120 mm tək minatan idi. Digər mövqelərdə artilleriya və tank əleyhinə vasitələr 4 və ya 6 ədəd bir yerdə olmasına baxmayaraq bu tək idi. Amma bütün günü bizi yormuşdu. 

Səhərə yaxın — 13 oktyabr 2020-ci il təxminən saat 05:00 radələrində — Hadrutun şimal və şərq kənarındakı yüksəkliklər artıq düşməndən tam təmizlənmişdik. Bu, Tuğ və ətrafındakı yaşayış məntəqələri istiqamətində hücumumuzu davam etdirmək üçün əlverişli şərait yaratdı.

Mən tapşırığın yerinə yetirilməsi barədə komandana məruzə etdim. O, bütün şəxsi heyətin fəaliyyətinə təşəkkürünü bildirdikdən sonra dedi:

— Füzuli istiqamətində Kənangil yaxşı işlər görür. Məngəlata yüksəkliyi və Füzuli üzərindəki digər yüksəkliklər bizim nəzarətimizdədir. Sən Edilli istiqamətində hücumumuzu sürətləndirməlisən. Düşmən ordan Füzuliyə tərəf keçməməlidir.

— Oldu, — deyib söhbəti yekunlaşdırdım və dərhal hərbi hissə komandiri tərəfə çevrilərək soruşdum:

— Sənə başqa kömək lazımdır?

— Xeyr, cənab polkovnik. Bundan sonra özümüz həll edərik, — cavab verdi.

Mən Pikapın aşağıda, Edişə kəndinə girən yolda məni gözlədiyi yerə doğru hərəkətə başladım. Həmin yerə çatdıqda avtomobilin hələ də gəlmədiyini gördük. Onu taparaq bura yönəltmələtini tapşırdım və avtomobil gələnədək gecənin nəmişliyindən və tərdən tam su içində olan paltarımı sıxaraq bir az qurutmaq istədim. Buna görə də damı yanaraq çökmüş və həyətində quru odunlar yığılmış bir evin yanında dayandıq. Mənimlə olan heyət evi və onun ətrafını diqqətlə yoxladı. Hadrutu və ətraf yaşayış məntəqələrini düşməndən azad etsək də, evlərdə, zirzəmilərdə və meşəlik ərazilərdə hələ də çoxlu silahlıların qaldığını bilirdik.
 

Hətta gecə ərzində düşmən bir neçə gizli cığırla Hadruta girməyə çalışmış, amma həmin cığırların üzərinə bölmələrimizin qurduğu pusqularda məhv edilmişdilər. Düşmən Hadrutu əbədi itirdiyini qəbul edə bilmirdi; bütün güc və vasitələrini səfərbər edərək hər vasitə ilə onu geri qaytarmağa çalışırdı.


Rabitəçilər və digər heyət avtomobil gələnədək ocaq qalayıb biraz isinmək üçün dərhal ağac budaqları toplamağa başladılar.

Mən dayanıb ətrafı nəzərdən keçirdim: ev çox gözəl bir yerdə — Edişə kəndinin kənarında, kiçik bir çayın sahilində yerləşirdi. Ətrafa səpələnmiş əşyalardan evdə yaşayan ermənilərin hərbçi olduqları hiss olunurdu; ən təəccüblüsü qadın hərbi palto və dik daban botinkaların olması idi — yəqin ər-arvad Hadrutdakı bölmələrdə xidmət edirmişlər.

Mən odunlar yığılmış yerdə bir kötüyün üzərində oturub qalanmış kiçik tonqalda paltarımı qurudurdum. Hər şey sakit və təhlükəsiz görünsədə mən üzərimdə soyuq, diqqətli bir baxış hiss edirdim — sanki kimsə gözünü mənə dikib diqqətlə soyuq baxışları ilə baxırdı. Bu, insana silahın tuşlandığı və ya kiminsə gözünü dikdiyini hiss etdiyi o xüsusi bir hissiyat idi.


Evin damı yanmışdı və ortası çökmüşdü, amma kənarları salamat qalmışdı. Həyətdə gəzişib ətrafa diqqətlə baxmağa başladım və evin içinə girdim. Evin tavanının betondan olduğu görünürdü.  Otaqların hər yerində dağıntı vardı — görünürdü ki, ermənilər tələsik əllərinə keçəni toplayıb qaçmışdılar. Mətbəxə keçəndə beton tavandan çardağa qalxamq üçün kiçik bir yerin olduğunu və ora qalxmaq üçün nərdivanın söykəndiyini gördüm. İnanmaq istəməsəm də, orada kiminsə gizlənə biləcəyini düşünübhər ehtimala qarşı rabitəçimə damı yoxlamağı tapşırdım.

O silahını irəli uzadaraq nərdivanla qalxdı. Başını çardağın içinə  salmasıyla yerə tullanması bir oldu.

— Erməni!

Dərhal bütün heyətə əmri verib evi əhatəyə aldıq. Damın ortası çökmüş olsada,  kənarlarında gizlənmək üçün azda olsa yerlər qalmışdı. Evin arxası təpəyə dirəndiyi üçün oradan dama atəş açmaq mümkün idi; buna görə orada bir neçə nəfəri yerləşdirdim. Çardağa mətbəxdən atdığımız qumbaranı onlar geri atmışdılar və qumbara mətbəxin içində partlamışdı. Biz onların dəqiq yerini bilmədiyimiz üçün bütün künclərə atəş açırdıq; onlar da cavab atəşi verdi. Bir müddət sonra atəş səsləri kəsildi.

Naxçıvandan gələn polkovnik yanında olan, onunla gəlmiş hərbi qulluqçuya dama çıxaraq, damın örtüyünü qaldırıb yoxlamağı tapşırdı. O, dama çıxdı və  evin kənarından damın bir küncünü qaldırdı — heç kim yox idi. İkinci küncü də qaldırdı — boş idi. Üçüncü küncdə isə çoxlu sursat və bir nəfər ölmüş erməni aşkarlandı. Dördüncü küncü qaldıranda isə avtomatik atəş açıldı: atəş açan damda gizlənən ikinci şəxs idi. Naxçıvandan olan hərbi qulluqçu damdan yerə tullandı və ağır yaralandı. Ona ilk tibbi yardım göstərsəkdə  o şəhid oldu.

Bundan sonra bütün silahlardan evin həmin küncünə atəş açdıq və damdakı son düşməni məhv etdik. Onu damdan yerə endirdilər..


Onlar iki erməni milisi idilər — yuxarıdan milis köynəyi, aşağıdan isə hərbi şalvar geyinmişdilər. Mən dərhal bu istiqamətə qrup göndərilməsini və Edişə kəndinin yenidən yoxlanmasını əmr etdim.

Avtomobil gəlmişdi, ancaq Naxçıvandan gələn polkovnik görünmürdü. Dedilər ki, o, bir az arxada, təpənin üstündədir — çağırılmasını tapşırdım.

Bu vaxt komandan mənə zəng etdi.

— Hardasan? — birbaşa soruşdu.

— Dediyiniz istiqamətə getməyə hazırlaşıram, — cavab verdim.

— Naxçıvandan gələn polkovnik də yanındadır?

— Bəli.

— Sənin onun çəkib sosial şəbəkələrdə yaydığı görüntülərdən xəbərin var? Sənin səsin də eşidilir orda.

— Hər hansı görüntüdən xəbərim yoxdur, — dedim.

—Belə şeylərə yol vermək olmaz. Dərhal onu ordan uzaqlaşdır. Elə bir adam bizə lazım deyil və orada olmamalıdır. Bura döyüş meydanıdır, kino çəkmirik.

— Oldu, — deyib telefonu söndürdüm.

Polkovnik gəldikdə ona niyə baş verənləri çəkib yaydığını və bununla nəyə nail olmaq istədiyini soruşdum. O bildirdi ki, çəkdiklərini bir neçə dostuna göndərmişdi və onlar da, guya ondan xəbərsiz, sosial şəbəkələrdə paylaşmışdılar. Mən komandanın əmrini ona çatdırdım və əməliyyat zonasını tərk etməsini tapşırdım. Onu avtomobillə Hadrutun mərkəzinə gətirib düşürdüm və geriyə gedən avtomobillərdən birilə geri qayıtmasını bir daha tapşırdım. Özüm isə Edilli istiqamətində hərəkət etdim.

Çox təəssüf ki, Vətən müharibəsi dövründə bir çoxları, həm hərbçilərdən, həm də mülki əhalidən bəziləri— Ali Baş Komandan İlham Əliyevin informasiya təhlükəsizliyini qorumaq məqsədilə internetə çıxışı və bu tip videoların yayılmasını məhdudlaşdıran sərəncamına baxmayaraq — telefonla video çəkiliş etmiş və onu sosial şəbəkədə paylaşmışdılar. Bu həm dövlətimizin imicinə, həm də Ali Baş Komandanımızın apardığı humanist siyasətə kölgə salırdı.

Ən əsası isə belə çəkilişləri edərək qəhrəmanlıqları öz adına çıxmağa, o döyüşlərdə şəhid olmuş və yaralanmış silahdaşlarımızın haqqına girməyə heç kimin haqqı yoxdur.

Xalqımız bir şeyi bilməlidir: nə qədər acı olsa da etiraf etməliyik — döyüşdə, qorxmaz və cəsarətli olmağından asılı olmayaraq, hər bir insan sağ qalmaq istəyir.

Bu vaxt başqa bir şey haqqında düşünməyə imkan olmur; gələcək planları düşünmək belə çətinləşir, çünki insan sağ qalacağına əmin deyil. Belə vəziyyətdə heç kim əlinə telefon alıb çəkiliş etməyi düşünə bilməz — əgər sən Çingiz Mustafayev kimi sırf bu işi görən peşəkar hərbi jurnalist deyilsənsə vəzifən və tapşırığın nədirsə onunla məşğul olmalısan. Döyüşçü döyüşməli, çəkiliş etmək istəyənlər isə gedib media sahəsində işləyib orada karyera qurmalıdır.

Bizim qəhrəmanlar isə şəhidlərimizdir. Çünki onlar canlarını düşmən gülləsinə sipər etməsəydilər biz torpaqlarımızı azad edə bilməzdik. 

(istifadə edilən fotolar süni intlekt vasitəsilə yaradılıb və ya sosial şəbəkələrdən götürülüb).

ARDI VAR...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Netanyahu: “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”

Netanyahu: “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”

Ərəb klubundan Yamal üçün 400 milyonluq TƏKLİF

Ərəb klubundan Yamal üçün 400 milyonluq TƏKLİF

İspaniyada DƏHŞƏT: Şəhərlər su altında qaldı - VİDEO

İspaniyada DƏHŞƏT: Şəhərlər su altında qaldı - VİDEO

Misir Prezidenti İlham Əliyevi belə qarşıladı – VİDEO

Misir Prezidenti İlham Əliyevi belə qarşıladı – VİDEO

Netanyahu Trampa qızıl göyərçin hədiyyə etdi – FOTO

Netanyahu Trampa qızıl göyərçin hədiyyə etdi – FOTO

Bakıda zavodda dəhşətli partlayışın şahidi: "Məni sənədi imzalamağa məcbur etdilər"

Bakıda zavodda dəhşətli partlayışın şahidi: "Məni sənədi imzalamağa məcbur etdilər"

Qrip əleyhinə peyvəndlənmədə ən aktiv rayonlar BUNLARDIR

Qrip əleyhinə peyvəndlənmədə ən aktiv rayonlar BUNLARDIR

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində İŞTİRAK EDİR - VİDEO

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində İŞTİRAK EDİR - VİDEO

“BakıKart” aparatları 10 qəpiyi də QƏBUL etməyəcək? – Rəsmi AÇIQLAMA

“BakıKart” aparatları 10 qəpiyi də QƏBUL etməyəcək? – Rəsmi AÇIQLAMA

4 ayda 34 mindən çox şəxs qrip əleyhinə peyvənd olunub

4 ayda 34 mindən çox şəxs qrip əleyhinə peyvənd olunub

Netanyahu Trampın dəvətini QƏBUL ETMƏDİ

Netanyahu Trampın dəvətini QƏBUL ETMƏDİ

Bakıda daha bir marşrutun avtobusları YENİLƏNİR

Bakıda daha bir marşrutun avtobusları YENİLƏNİR

Azərbaycan nümayəndə heyəti NATO PA-nın 71-ci illik sessiyasında – FOTO

Azərbaycan nümayəndə heyəti NATO PA-nın 71-ci illik sessiyasında – FOTO

Dünyanın gizli tarixi: Planetimizin taleyini dəyişdirən 5 böyük dönüş nöqtəsi

Dünyanın gizli tarixi: Planetimizin taleyini dəyişdirən 5 böyük dönüş nöqtəsi

Bakıda gömrük məmurunu qadına görə öldürüblər? - ŞOK DETALLAR

Bakıda gömrük məmurunu qadına görə öldürüblər? - ŞOK DETALLAR

İqtisadiyyat sahəsində Nobel mükafatı laureatlarının adları AÇIQLANDI - FOTO

İqtisadiyyat sahəsində Nobel mükafatı laureatlarının adları AÇIQLANDI - FOTO

Mingəçevirdə zirzəmidən tapılan körpə ilə bağlı YENİ XƏBƏR

Mingəçevirdə zirzəmidən tapılan körpə ilə bağlı YENİ XƏBƏR

DİQQƏT! Sumqayıtda qaz olmayacaq

DİQQƏT! Sumqayıtda qaz olmayacaq

Lavrov Bəşər Əsədin Moskvaya qaçmağının səbəbini AÇIQLADI

Lavrov Bəşər Əsədin Moskvaya qaçmağının səbəbini AÇIQLADI

Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü KEÇİRİLDİ -YENİLƏNİB/FOTO

Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü KEÇİRİLDİ -YENİLƏNİB/FOTO

"Mənim oğlum deyil, ona halallıq vermirəm"

"Mənim oğlum deyil, ona halallıq vermirəm"

Fələstinli məhbuslar da azad edilir – VİDEO

Fələstinli məhbuslar da azad edilir – VİDEO

DİN-dən səkilərdə avtomobil park edən sürücülərə MÜRACİƏT – FOTO/VİDEO

DİN-dən səkilərdə avtomobil park edən sürücülərə MÜRACİƏT – FOTO/VİDEO

İşlədiyi yeri “əxlaqsızxana” adlandıran qadına bu cəza verildi

İşlədiyi yeri “əxlaqsızxana” adlandıran qadına bu cəza verildi

End of content

No more pages to load

RADİO