44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri - VI HİSSƏ

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.

Zaur Cavanşirin “44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri” adlı xatirələr kitabından VI hissəni təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri – V HİSSƏ


“İKİ ÇAY ARASI”NDA DÖYÜŞ: HADRUT

Qələbə – əvvəl zəkada, sonra səngərdə qazanılır.” - Ulu öndər Heydər Əliyev

Xüsusi Təyinatlı Qüvvələr, onu dəstəkləyən aviasiya və raket-artilleriya hissələrinin dəstəyi ilə Cəbrayıl yaşayış məntəqəsi və onun ətrafındakı yüksəklikləri, eləcə də bəzi yaşayış məntəqələrini işğaldan azad etdikdən sonra cəbhə daha da genişləndi və Cəbrayıl–Zəngilan, Cəbrayıl–Qubadlı, Cəbrayıl-Füzuli istiqamətində Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatı üçün əlverişli şərait yarandı.

07 oktyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyev tərəfindən “Füzuli əməliyyatı”nın keçirilməsinə və hücumun Hadrut qəsəbəsi istiqamətində genişləndirilməsinə göstəriş verildi.

Hadrut qəsəbəsinin əhəmiyyəti həm ərazi, həm də mənəvi baxımdan düşmənin ağırlıq mərkəzi sayılması və Şuşa, Xankəndi istiqamətində gedən yollara “açar” rolu oynaması idi.
 

Bu əməliyyatla Hadrut yaşayış məntəqəsi və onun ətrafındakı vacib yüksəkliklər, aşırımlar işğaldan azad edilərək Hadrut–Xocavənd, Hadrut–Füzuli, Hadrut–Şuşa istiqamətlərində hücumların davam etdirilməsinə əlverişli şərait yaranacaqdı.


07 oktyabr saat 13:00 radələrində Kənd Horadiz istiqamətində düşmənin cəbhəni yarıb təminat yolunu bağlamasına qarşı keçirilmiş əməliyyat 16:00-dək uğurla başa çatdığına görə artıq həmin gün saat 18:00-da, alaqaranlıq düşməklə Hadrut istiqamətində hərəkətə başlanmasına komanda aldım. XTQ-nin bütün birləşmələri və 2-ci birliyin 2-ci hərbi hissəsi, bir neçə artilleriya divizionu mənim tabeliyimə verilmişdi.

Ali Baş Komandanın əməliyyat zamanı xüsusi olaraq mülki və silahsız şəxslərə toxunulmaması, onların təhlükəsiz şəkildə əməliyyat bölgəsindən çıxarılmasının təmin edilməsi üçün “dəhliz”in verilməsini qəti olaraq tapşırdı.

Əməliyyat planına əsasən, xüsusi təyinatlılar düşmənlə təmasa girmədən, onların mövqelərinin ara boşluqlarından gizli şəkildə sızaraq Hadrut yaşayış məntəqəsinin qərb və cənub kənarındakı yüksəklikləri, Çinarlı, Daşdöşü, Günəşli kəndləri həddini, tutmalı idilər. Həmin hədd üzrə düşmən qüvvələri Hadrutun müdafiəsini təşkil edirdilər. Həmin yüksəkliklərdə düşmənlə eyni xətt üzrə mövqelənməli, 8 oktyabr günü boyu gündüz bütün əlaltı və təbii vasitılərdən istifadə edərək gizlənməli və gecə mövqeləri onları dəyişəcək piyada bölmələrə təhvil verərək qarşı yüksəklikləri, Ərgünəş dağı silsiləsini Qarakollu yaşayış məntəqəsinədək həddini tutmaqla
Hadrut faktiki mühasirəyə almalı idi.




Gecə hər tərəfi tam ağuşuna aldıqdan sonra hərəkətə komanda verdim. Qaranlığın örtüyü altında bütün qruplar — onları idarə edən komandirləri, birləşmələrin taktiki komanda məntəqələri və XTQ-nin taktiki komanda məntəqəsi — mənim rəhbərliyimlə plan üzrə irəliləməyə başladı. Komanda məntəqələrinin avtomobil və zirehli texnikası Daşkəsən kəndinin ətrafında əvvəlcədən seçilmiş mövqelərdə saxlanıldı. Hadrutun işğaldan azad edilməsindən dərhal sonra komanda ilə müəyyən ediləcək yeni mövqelərə yerdəyişmə həyata keçiriləcəkdi.

Əməliyyat son dərəcə dəqiqlik və peşəkarlıq tələb edirdi. XTQ mənsubları bu tip əməliyyatlara hazır idi və dəfələrlə düşmən arxasında xüsusi əməliyyatlar keçirərək püxtələşmişdik.

Yarandığı 30 aprel 1999-cu ildən etibarən Xüsusi Təyinatlı Qüvvələr (XTQ) hər gün, hər saat erməni terrorçularının işğalı altındakı torpaqlarımızın azad edilməsinə hazırlaşmışdı. Bütün təlimlər işğal altındakı ərazilərə oxşar relyef və iqlim şəraitində keçirilmişdi: bütün ərazi təlimlərində “Yaşma”dan çıxıb Quba, Qusar, Şamaxı, İsmayıllı və digər dağ rayonlarına — gecə-gündüz, yay-qış demədən, yağışda, qarda, şaxtada — ağır, sərt və çətin dağ marşrutları ilə, tam silah-sursat, ehtiyat və təchizatla piyada hərəkət edirdik.
 

Digər xüsusi hazırlıqlarla birgə keçirilən belə təlimlər sadəcə məşq deyildi — onlar real döyüşə hazırlığı idi. Qarşıdakı döyüşün bütün detalları açıq sahədə qurulur, real atəş ssenariləri altında hər bir xüsusi təyinatlıya yaşadılırdı.


Yorğunluğa, stressə, aclığa və məhdud resurslara baxmayaraq hər bir döyüşçü dözümlülük göstərməli, yaranmış vəziyyətdə sürətlə və soyuqqanlı qərar qəbul edərək özündən qat-qat üstün düşmən qüvvələrinə qalib gəlməli idi. Bu təlimlərdə peşəkarlıq, ruh yüksəkliyi və fiziki hazırlıq eyni vaxtda sınağa çəkilir, hər bir təlim və məşq hər kəsin iradəsini və dözümlülüyünü daha da möhkəmləndirirdi.

O çətin günlərdə öyrəndiklərimiz indi düşmənə sezdirmədən, onun yanından keçərək təyin olunmuş yerə səssizcə irəliləməyimizə imkan verirdi. Düşmən Hadrut ətrafındakı yüksəklikləri alınmaz qalaya çevirə biləcəyinə inanıb, bütün ətraf yüksəkliklərdə, təpələrdə mövqelənmişdi.

Lakin onların gecə-gündüz qazıb, betonlayıb möhkəmləndirdiyi mövqelər bizə lazım deyildi — biz şablon, klassik döyüş taktikası ilə döyüşməyəcəkdik. Biz xüsusi təyinatlıların döyüş taktikasına uyğun şəkildə, həmişəki kimi düşmən arxasında xüsusi əməliyyat keçirdiyimiz qaydada döyüşəcəkdik.

Necə ki, Cəbrayılın mərkəzini və kəndlərini azad edərkən sürətlə, heç nəyə baxmadan verilmiş hədəfə doğru irəliləyirdik; arxada mövqelərində qalan düşmən baş verənləri dərk etmədən, tutduğu mövqedə çaşqınlıq içində qalaraq təslim olurdu.

İndi də eyni qaydada, sürətlə öz hədəfimizi ələ keçirib düşmənin arxada olan hədəflərini, bölmələrini toplandıqları yerdə, artilleriyasını atəş mövqeyində, hava hücumundan müdafiə vasitələrini start mövqeyində basqınla, hərəkətdə olan təminat və döyüş dəstəyi texnikalarını pusquya salaraq məhv edəcək, onun döyüş əzmini, iradəsini qıracaq, başına nə gəldiyini anlamadan məğlub edəcəkdik.

8 oktyabr 2020-ci ilin ilk saniyələri gecənin qatı qaranlığında sürətlə həyatımıza daxil olurdu.

Səhər 05:00-dək bütün bölmələr düşməni duyuq salmadan yerləşməli idilər.

Artıq saat 03:00-dan etibarən xüsusi təyinatl bölmələr təyin edilmiş həddi tutduqları barədə məruzə etməyə başladılar və təyin edilmiş vaxtda tam yerləşərək həmin günün tapırığını bitirmiş olduq. 

Taktiki komanda məntəqəsinin heyəti — polkovnik-leytenant Musayev Zaur, polkovnik-leytenant Orucəliyev Vidadi, polkovnik-leytenant Tanrıverdiyev Hüseyn və polkovnik Quliyev Mais — tabeçiliyimizə verilmiş hərbi hissəsini qəbul edərək sabahkı fəaliyyətə hazırlaşdırırdılar.

Polkovnik Quliyev gündüz mənə yaxınlaşaraq təklifi olduğunu demişdi:

— Cənab polkovnik, təklif edirəm ki, bizim bölmələr təyin edilmiş hədləri tutduqdan sonra onların hər birindən bir nəfər həm bələdçilik, həm də əsgərlərimizə ruh vermək üçün gəlib tabeçiliyimizə verilmiş hərbi hissənin hər bir tağımının yanında olsun. Bu onlar üçün ruh yüksəkliyi olar(çünki Vətən müharibəsində hər kəs XTQ ilə döyüşməkdən qürur duyurdu). O zaman bölmələr təyin edilmiş yerlərini vaxtında rahat şəkildə tutarlar. Bizim bölmələr də vaxtında təhvil verib qarşı yüksəkliklərə hərəkət edərlər.

— Çox sağ ol, Mais. Əla təklifdir. Komandana sənin adından çatdıracağam, əminəm ki, bəyənəcək.

Polkovnik Quliyevin təklifini komandana məruzə etdim. O, təkliflə razılaşdı və dedi:

— Razıyam. O zaman göstəriş ver, birləşmə komandirləri həmin şəxsi heyəti seçib mövqeləri tutan kimi gecəylə geri göndərsinlər. Onları piyada bölmələrin hər tağımına, lazım gəlsə, hər manqasına yerləşdirin və dəqiq tapşırıq verin. Sabah gecə piyadalar hərəkət edəcək. Nə etmək lazımdır, bilirsən.

— Oldu. Hər şey aydındır.

Bütün bölmələrimiz təyin edilmiş hədd üzrə düşmənlə heç bir qarşılaşma olmadan yerləşdikdən sonra səhər saat 06:30 radələrində Daşkəsən kəndində, düşmənin qoyub qaçdığı artilleriya hərbi hissəsinin yaxınlığında mövqelənmiş Taktiki Komanda Məntəqəsinə qayıtdım.
 

Piyada bölmələrinin geridə toplandığı yerə gedərək hazırlıqlarını yoxladım. Bütün silah və təchizatlarının kompakt olması üçün səliqə ilə yığılmasına, lazım olmayanların hərbi hissənin arxa komanda məntəqəsinə təhvil verilməsinə göstəriş verdim. Çünki əsgəri yormamalı idik.


Qarşıda çox sərt yüksəkliklər var idi. Həm də gecə hərəkət edəcəkdilər. Hərbi hissə komandiri polkovnik Nizami Mövlanova şəxsi heyətin istirahətinin təşkili və yaxşıca yedizdirilməsini tapşırdım. Amma bilirdim ki, bu tapşırığımı o deməsəm də edəcək — çünki o, əsgərini sevən, onu həmişə qoruyan komandir idi. Mən Füzuli rayonu ərazisində hərbi hissə komandiri olduğum zaman Nizami həmin hərbi hissənin tabor komandiri, qardaşı Tərlan isə artilleriya divizionu komandiri idi. O vaxtdan onu yaxşı tanıyırdım. İrəlidəki döyüşlərdə də onun əsgərini nə qədər qoruduğunun bir daha şahidi olacaqdım.

Günorta saat 12:00 radələrində komandan mənə Taktiki komadan məntəqəsinə gəldiyini bildirdi. Mən yerləşdiyimiz yerdən bir az geri gedərək komandanı qarşlıladım. O, SandCat zirehli avtomibilindən enən kimi soruşdu:

— Zaur, hazırsız?

— Bəli, cənab komandan. Axşama tam hazır olacağıq.

— O qədər gözləməyə vaxt yoxdur. İndi hərəkət etməliyik. Düşmən Hadrut istiqamətinə yeni qüvvələr gətirir, biz onları qabaqlamalıyıq. Komanda ver: - hamı öz yerini alsın, hərəkətə başlayırıq.

— Oldu, — deyib polkovnik Mövlanova şəxsi heyətini hazır etməsini göstəriş verdim.

Komandan əməliyyatın keçirilməsi üçün çox tələsirdi. Demək ki, vəziyyət hər an dəyişə bilərdi və gündüz hava işıqlı olsa da, düşmən bizi görsə də sürətlə hərəkət edib xüsusi təyinatlılarımızın olduğu həddə çatmalı idik.

Hər kəs artıq döyüş düzülüşünə açılaraq bir manqa (manqa 8–10 nəfərdən ibarət olur) bir kolonda olmaqla (kolon — əsgərlərin bir-birinin ardınca düzülüşüdür) xüsusi təyinatlılarımızın rəhbərliyində hərəkət edirdi. Düşmən hələ ki, bizi görmürdü. Daşkəsən kəndinindən Hadruta doğru uzanan dərənin içiylə hərəkət edirdik. Dərəni kəsib keçən Cəbrayıl–Füzuli asfalt yolunu aşdıqda düşmən Binədərəsi, Süleymanlı, Qaracallı yaşayış məntəqələri həddindəki bəzi mövqelərindən hərəkət edən piyada bölmələrimizə atəş açmağa başladı.

Mən düşmənlə eyni həddə mövqelənmiş xüsusi təyinatlı bölmələrin ehtiyat bölmələrinə düşməni arxadan və yanlardan atəşə tutmasına, bəzi yerlərdə mövqelərinə basqın edib məhv etməsinə göstəriş verdim. Xüsusi təyinatlıların zərbələri düşməni tezliklə panikaya saldı; arxadan və yanlardan atəş basqınına məruz qalan düşmən müdafiəsinin tamlığının dağıldığını anlayaraq nə edəcəyini bilmədən nizamsız şəkildə atəş açaraq geriyə, Şişdağ yüksəkliyinin silsiləsində olan mövqelərinə geri çəkilməyə başladılar. Tədricən atəş səsləri səngidi və sonradan əraziyə tam sakitlik çökdü.

Komandan da mənimlə birgə əsgərlərin sırasında hərəkət edirdi. Onun sonadək getməkdə qətiyyətli olduğunu görərək dedim:

— Cənab komandan, siz geri — komanda məntəqəsinə qayıdın. Biz onsuzda həmişəki kimi bir neçə saata təyin edilmiş həddə oturacağıq.

— Bu yolu keçək, ondan sonra qayıdaram.

Döyüş düzülüşündə olan bütün bölmələr Cəbrayıl–Füzuli yolunu Süleymanlı kəndinə tərəf keçdikdən sonra biz demək olar ki, düşmənin müdafiə xəttinin arxasına keçmiş olurduq və düşmən Füzuli rayonunun Qarğabazar və Cəbrayıl rayonunun Arakül kəndləri istiqamətindən girərək arxamızda olan yolu bağlaya bilərdilər. Ona görə də tabeliyimdə olan 5 tankın, mayor Almuradovun komandiri olduğu taborla, yolun Füzuli və Cəbrayıl istiqamətlərinə mövqelənərək düşmənin bütün fəaliyyətinin qarşısını almaq və yolun bağlanmamasını təmin etmək tapşırığını verdim.

Biz hərəkət etdiyimiz Daşkəsən kəndindən Süleymanlı kəndinə doğru uzanan dərənin eninin təxminən 1 km idi. Cəbrayıl tərəfdən gələn asfalt yol dərəyə enərək 500 metr sonra yenidən Füzuli istiqamətində yoxuşa qalxırdı. Tabor iki hissəyə ayrılaraq 3 tankla Füzuli istiqamətinə, 2 tankla Cəbrayıl istiqamətinə mövqelənməyə başladı.

Mən yenidən komandanın geri getməsini təkidlə bildirdim. O, sonunda razılaşdı:

— Zaur, şəxsi heyəti qoru. Amma nəyin bahasına olursa-olsun, bu gün bizimkiləri qarşı tərəfə (Ərgünəş dağı silsiləsi — Hadrutun şərq kənarındakı yüksəkliklər nəzərdə tutulurdu) keçirməlisən.

— Oldu. Sizi uşaqlar geriyə, maşına qədər müşayiət etsinlər, qaydarlar, — dedim.

— Yox, denən, SandCat  gəlsin, elə buradan gedərəm.

— Bura gəlsə, vura bilərlər, cənab komandan. Bir az geridən minsəniz, daha yaxşıdır.

— Yox, görsəydilər bayaqdan atrdılar. Qoy gəlsin bura.

Mən rabitə ilə komandanın zirehli avtomobilini çağırdım, gələcəyi yeri və gələrkən təhlükəsiz yerdə dönmə edərək geri-geri gələrək komandanı götürməsini izah etdim.

SandCat zirehli avtomobil dediyim kimi bizə yanaşdı və komandan mənimlə görüşərək zirehli avtomobilə əyləşdi. Zirehli avtomobil yerindən tərpəndikdən bir an sonra düşmənin KS-19 topundan atılan mərmi düz avtomobilin dayanmış olduğu yerə düşdü. Düşmən bizi görərək atəşə tutduğuna əmin idim: Avtomobil sürətini artıraraq təpənin arxasına keçdi. Növbəti mərmi Füzuli istiqamətində mövqelənməyə çalışan tankın qülləsinə dəydi və tankı səfər vəziyyətində idarə edən (səfər vəziyyətində sürücü-mexanik başını lyukdan çıxararaq ətrafı daha yaxşı görərək idarə edir) sürücü-mexanik həlak oldu.
 

Cəbrayıl istiqamətində mövqelənən tanklar və şəxsi heyət dərənin arxasında olduqlarına görə düşmən onları görmürdü. Füzuli istiqaməti isə tam açıqda idi — ancaq əvvəldən düşmənin qazdığı səngər və texnika mövqeləri var idi.


Növbəti mərmi həmin mövqelərdə yerləşməyə çalışan taborunun şəxsi heyətini lap yaxınlığına düşdü. Xoşbəxtlikdən heçkimə heç nə olmadı. Digər tank dərhal həmin mövqelərdən birinə girərək qorundu. 

Düşmən indi də snayper dəqiqliyi ilə məni və yanımdakı rabitəçiləri nişan almışdı. Topun görə bilməyəcəyi yerə keçməyim üçün 300–400 metr qaçmalı idim. Ancaq atəşin intensivliyi o qədər yüksək idi ki, girdiyimiz dayaz səngərdən çıxa bilmirdik. Mən sol tərəfimdə, təpənin arxasında, daha təhlükəsiz mövqedə olan polkovnik Mais Quliyevə piyadaları tez bir zamanda təyin edilmiş hədlərə çatdırmasını göstəriş verdim və XTQ komanda məntəqəsinə KS-19-un ehtimal yerləşmə yerinin koordinatlarını ötürərək “Bayraktar”la tapılaraq vurulmasını istədim.

Lakin havadan axtarış bir nəticə vermədi.

Həm də həmin həddə bizim bölmələrdə tərtiblənmişdilər və bu da düşmənin havadan müşahidə ilə tapılmasını çətinləşdiridi. Həmin hədd üzrə mövqelənmiş hərbi hissənin komandirinə bir qrupun həmin koordinata göndərilərək KS-19-un axtarılıb tapılması və məhv edilməsi əmrini verdim. 

KS-19 — xüsusilə zirehli hədəflərə qarşı düzünə tuşlamada istifadə olunan, yerüstü hədəflərə atəş məsafəsi 21 km, hava hədəflərinə 12,700 m olan 100 mm-lik zenit silahıdır. Köhnə olmasına və demək olar ki, bütün dövlətlər tərəfindən silahlanmadan çıxarılmasına baxmayarq, ermənilər onu təkmilləşdirərək üzərinə müasir optik cihazlar quraşdırmaqla düzünə tuşlamada məharətlə istifadə edirdilər. İndi də ən yüksək mövqedə maskalanaraq elə yerləşmişdi ki, əməliyyat bölgəsində açıqda hərəkət edən bütün hədəfləri görə və vura bilirdi.
 

Yarım saat sonra KS-19-un ehtimal yerləşmə yerindən atəş səsləri gəlməyə başladı və 10 dəqiqə sonar qrupun topun gizləndiyi yerdə aşkar edərək məhv etdiyi barədə məruzə etdilər. Mən sürətlə irəli hərəkət edərək Şişdağ yüksəkliyinin ətəyində, Hadrutu və ətraf yüksəklikləri görə biləcəyim yerdə yerləşdim.


Mən Hadrutu ilk dəfə görürdüm.

Hadrut həm təbii şəraitinə, həm də strateji əhəmiyyətinə görə Qarabağın ən mühüm bölgələrindən biridir. Hadrut yaşayış məntəqəsi şimaldan Qırxqız silsiləsi, qərbdən Dizax və Ərgünəş dağları, cənubdan Şişdağ yüksəkliyi silsiləsi, şərqdən isə Füzuli və Cəbrayıl düzənlikləri ilə əhatələnmişdir. Onun mərkəzi hissəsi Güneyçay və Quzeyçay çayları arasında uzanır — elə bu səbəbdən də adı “Hadrut”, yəni “iki çay arası” mənasını daşıyır.

Şişdağın ətəyində yerləşdikdən sonra  piyada bölmələrin təyin edilmiş yerlərə çatmaları və xüsusi təyinatlı bölmələrdən mövqeləri təhvil almaları barədə məruzələrini qəbul etdim.

Saat 20:00 radələrində artıq xüsusi təyinatlı bölmələr Ərgünəş dağından başlayaraq silsilə boyu Qaradağlı, Qarakollu  yaşayış məntəqlərinədək həddi tutmaq üçün qarşıya keçməyə  hazır idilər. Mən hazırlıq barədə komandana məruzə etdim. O, bütün bölmələrin sabahdək — 9 oktyabr səhər saat 05:00-dək — təyin edilmiş hədlər tutulmalı olduqlarını çatdırdı.

Mən komandanın tapşırıqlarını bütün xüsusi təyinatlı hərbi hissə və bölmələrin komandirlərinə çatdıraraq fəaliyyət başlanmasına komanda verdim.

Xüsusi təyinatlı bölmələr həmişəki qaydada, lakin indi birbaşa düşmənin yaşadığı və qüvvələrinin yerləşdiyi yaşayış məntəqlərinin içindən gizli keçərək qarşı tərəfdəki yüksəkliklərdə yerləşməli idilər. Bununla da Hadrut və ətrafındakı yaşayış məntəqələrində olan düşmən faktiki olaraq mühasirəyə düşmüş olurdu.


Hadrutun içərisində, demək olar, hər yerdə — evlərin pəncərələrində, həyət qapılarında, dar küçələrdə — işıqlar yanırdı. Qəsəbənin mərkəzinə yaxın məhəllələrdə hərəkət kəsilmirdi: həm mülki, həm də əlində silah gəzən şəxslər tələsik addımlarla bir yerdən o biri yerə keçirdilər. Kimisi dükanların qarşısında dayanır, kimisi çantalarla nəsə daşıyır, kimisi də qaranlığın içinə qarışıb yox olurdu.

Arada bir Qarakollu tərəfdən zirehli texnikaların uğultusu gəlirdi. Onlar qəsəbənin mərkəzinə — düşmənin 1-ci Ümumqoşun Ordusunun 18-ci motoatıcı diviziyasının daimi dislokasiya məntəqəsi istiqamətində hərəkət edərk— hərbi şəhərciyin qapısından içəri girirdilər. 
 

Bu hərbi şəhərcik Sovet dövründən qalma idi — vaxtilə Cəbrayıl sərhəd dəstəsinin yerləşdiyi yer olmuşdu. 1992-ci ilin oktyabr ayında — düz 28 il əvvəl, Hadrut işğal edildikdən sonra — onlar buranı hərbi diviziyanın yerləşmə məntəqəsinə çevirmişdilər.


Bəzən qısa fasilələrlə iki-üç maşın ard-arda dönüb həmin qapıdan çıxır, əks istiqamətə — Qarakollu tərəfə — üz tuturdu. Hər yerdə tələsiklik, qarışıqlıq hiss olunurdu. Qışqır-bağır edənlərin nə dediyini erməni dilini bilən zabitimiz tərcümə edirdi. Danışıqlarından ümumi başa düşülən bu idi ki, türklərin yaxın olduğunu, tələsməsələr gec olacağını, bəzilərinin isə yaxınlıqda türklərin xüsusi təyinatlılarını gördüklərini barədə danışırdılar.

Düşmən nəyinsə baş verdiyini hiss edirdi, amma bizim dəqiq harada olduğumuzu bilmirdi.

Ona görə də hərəkətlərində ziddiyyət var idi: bir yandan qəsəbənin giriş-çıxışlarında postlarda avtomobilləri saxlayıb yoxlayır, damların üstündə müxtəlif tip silahlarla mövqe qurur, həyətlərdə və əlverişli təpələrdə  minaatanlar və toplar üçün atəş mövqeləri hazırlayır, bir yandan da bir təhlükə olsa hara qaçacaqlarını düşünürdülər.

Qaranlıqda hərəkət edən maşınlar mövqelərə nəsə daşıyırdı. Yəqin ki, sursat idi. Çünki ələ keçirdiyimiz bütün düşmən mövqelərində bütün növ silahlar üçün saysız-hesabsız sursat ehtiyatı tapmışdıq. 

Yol boyunca patrulluq edərək gəzişən silahlılar arada çaqqal ulamasını xatırladan qısa fitlərlə bir-birinə işarə verir, sonra yenidən sükuta qapanırdılar. Bu səslər ərazidə ulayan çaqqalların ulamasına qarışıb ritmik bir ahəng yaradırdı. Öz-özümə pıçıldadım: 

— Nə qədər də bir-birinizə oxşayırsınız.

Bizim üçünsə düşmənin bütün bu çaxnaşması danışan xəritəyə çevrilmişdi: kim hara qaçır, kim hara yığılır, hansı həyətə hansı maşın girir, hara nədaşıyır, hansı damda hansı silah yerləşdirilir — hamısı qeydə alınırdı. Düşmən nə qədər maskalanmaya riayət etsədə keçirdiyi qorxu onu ələ verirdi. Onlar özləridə hiss etmədən Azərbaycan Ordusunun gücünü boyunlarının arxasında hiss edirdilər və bu hiss onları qəsəbənin mərkəzinə doğru itələyirdi . Onlar bizi görmürdülər, amma biz onların içindəki çaşqınlığı, tələskənliyi və qorxunu aydın görürdük. 

Mən bütün bunlarla yanaşı bu hərəkətliliyin içərisindən keçərək, qarşıdakı yüksəklikdə yerləşən qruplarımızın hərəkətini gecəgörmə cihazı ilə izləyirdim. Hamısı öz işini soyuqqanlı və təmkinlə yerinə yetirirdi.

Təyin edilmiş vaxt Hadrutun ətrafındakı yüksəkliklər artıq Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri, eləcədə tabeliyimizə verilmiş hərbi hissənin bölmələri tərəfindən tutulmuşdu. Hava işıqlan kimi Hadrutun təmizlənməsinə başlayacaqdıq. Eyni zamanda Ali Baş Komandanın humanist qərarı — erməni mülki əhalinin döyüş zonasından çıxarılmasının təmin edilməsi — icra olunacaqdı.

Mən bütün hərbi hissə komandirlərinə Hadrutun təmizlənməsi üçün hazırlıqlara başlamalarını, ehtiyat bölmələrin və komanda məntəqələrinin yerlərinin irəli yerdəyişməsini rabitə ilə göstəriş verdim. 

Ancaq hər keçən saat hərəkətimin və səsimin daha da yavaşladığını hiss edirdim. Əməliyyata qatıldığım gündən yuxusuzluq, gərginlik, məsuliyyət hissi, qidalanmama öz təsirini göstəriridi. Üstəlik bütün bölmələrlə, eləcədə dəstəkləyən qoşunlarla fasiləsiz idarəetmə, dayanmadan hərəkət məni yormuşdu. Ancaq özümü gümrah tutmaq üçün tarixi bir missiyada, torpaqlarımızın azad olunmasında iştirak etməyimizi verdiyi qürurdan güc alırdım.

Taktiki komanda məntəqəsində mənim müavinim polkovnik Mais Quliyevə isə Taktiki Komanda Məntəqəsinin Şişdağ yüksəkliyinə köçürülməsi üçün hazırlıq görməsini tapşırdım. Komanda məntəqələrinin tərkibində olan rabitə maşınları döyüşün idarə edilməsi üçün əməliyyat bölgəsində olmalı idi.
 

Qruplaşmada olan hərbi hissələrin növbəti əməliyyatlarına dair döyüş sərəncamı hazırlanmalı və çatdırılmalı idi. Mən komanda məntəqəsinin texnika və şəxsi heyətinin yürüşə hazırlığını yoxlamaq məqsədilə Şişdağda yerləşən mövqeyindən çıxaraq piyada Süleymanlı kəndi ilə Daşkəsən kəndi arasında dərədə yerləşən Taktiki Komanda Məntəqəsinə gəldim.


Kolonun önündə mənim zirehli idarəetmə maşınım (SandCat) dayanmışdı. Onun ardınca hərbi hissənin komandiri, polkovnik Nizami Mövlanovun zirehli maşını, yenicə əməliyyat tabeliyimizə verilmiş Sərhəd Qoşunlarının çevik dəstəsindən polkovnik-leytenant Ələkbərov Babəkin rəhbərliyi ilə tabeliyimə verilmiş və ehtiyatda saxladığım 67 nəfərlik heyətin yerləşdiyi üç KamAZ markalı avtomobil, eləcə də digər rabitə və təminat vasitələri hərəkət edəcəkdi.

Düşmənin hələ də yüksəklilərdə mövqelərdə olduğu  üçün avtomobillərin hissə-hissə hərəkət etməsinə qərar verdim. İlk olaraq mənim zirehli idarəetmə maşınım, ardından sərhədçilərin 22 nəfərlik heyəti daşıyan bir KamAZ irəliləməli idi. Mən qarşıdakı əməliyyatın keçirilməsi üçün döyüş sərəncamının bütün hərbi hissə və bölmələrə çatdırımasından sonra rabitə vasitələrinin yığılaraq hərəkətə başlanmasını düşünürdüm.

Lakin məlumatlar kodlaşdırılaraq ötürüldüyünə görə uzun vaxt alırdı. Polkovnik Mövlanov mənə yaxınlaşaraq:

- Cənab polkovnik icazə verin mən idarəetmə maşınımla hərəkətə başlayım. Gedim yerimi tutum.

Mən onun təklifi ilə razilaşdim və sərhədçilərin 22 nəfərlik heyəti olan bir KamAZ avtomobilinin də onunla birlikdə hərəkət etməsini tapşırdım. Onlar Hadruta doğru yola düşdülər. Onlar hərəkətə başladıqdan bir müddət sonra Hadrut istiqamətindən bizə tərəf bir Pikap tipli avtomobilin sürətlə gəldiyini gördük. Avtomobil yanımıza çatanda anidən əyləcini basaraq mənim yanımda dayandı. Avtomobildən polkovnik Namazov Eldəniz enərək hövlənək mənə yaxınlaşdı. O, nəfəsi kəsilmiş halda, həyəcandan titrəyən səslə dedi:

— Cənab polkovnik! Süleymanlıya çatmamış “Sandcat”lə bir Kamazı “Kornet”lə vurdular!

XTQ komadanı polkovnik Namazovla mənə növbəti əməliyyat barədə yazılı sərəncam göndərmişdi. Polkovnik Namazov mənim irəlidə olduğumu bilirdi ancaq komanda məntəqəsinə qayıtmağım barədə məlumatı olmadığına görə Hadruta gedirmiş. Təsadüfən polkovnik Mövlanovun rəhbərliyində gedən həmin iki avtomobildən ibarət kolona qoşulmuşdu və hər iki avtomobil onun gözü qarşısında vurulmuşdu.  Dərhal rabitə ilə həm hərbi hissə komandirini həm də sərhədçiləri çağırmağa başladıq. Lakin əlaqə yaratmaq mümkün olmadı. Nizami də, sərhədçilər də cavab vermirdi. Dərhal polkovnik Namzovla birlikdə sərhədçilərin rəhbəri polkovnik-leytenant Ələkbərovu avtomobillərin vurulduğu yerə göndərdim.

Onlar yarım saatdan sonar qayıtdılar. Düşmən tank əleyhinə raketlə hər iki avtomobili vurmuşdu və hər ikisi də yanmışdı. Şəxsi heyətdən heç bir iz yox idi. Babək bəlkə də onların yaxınlıqdakı meşədə gizlənə biləcəyini ehtimal etdiyini dedi, amma üzündə ümidsizlik hiss olunurdu.

Komanda məntəqəsinə hələki buradan idarəetməni təşkil etməsini və hava qaraldıqdan sonra hərəkətə başlamasını polkovnik Quliyevə tapşırdım. Özüm isə rabitəçi və mühafizə heyəti ilə Şişdağ istiqamətində piyada yola düşdüm.

Süleymanlı kəndinə çatdığımızda qarşıdayolun içində yanmış avtomobilləri gördük. Qaçaraq yaxınlaşdıq və ətrafa baxaraq kimisə tapmaq ümidilə axtarmağa başladıq. Polkovnik Mövlanovun SandCat-i irəlidə sola dönmüş vəziyyətdə, sərhədçilərin KamAZ-ı isə onun arxasında üzü Hadrut istiqamətində dayanmış vəziyyətdə yanırdı. Avtomobillər demək olar ki, kül olmuşdu — yalnız kabin və şassi qalmışdı. 

Avtomobillərə yaxınlaşıb diqqətlə baxdım. Raketin KamAZ-ın kuzovuna, SandCat-in isə arxasına dəydiyi bəlli idi. KamAZ-ın içində yanmış insan qalıqları vardı — görünür, sərhədçilərdən bəzisi qurtula bilməmişdi. Lakin SandCat-də yanmış insan qalıqlarına rast gəlmədim.

Bəlkə bir möcüzə baş vermişdi və sağ qalmışdılar…

Rabitə vasitəsilə 2-ci birliyin komandirinə zəng etdim.

— Qardaş, mənə verilmiş hərbi hissənin komandiri və komanda məntəqəsinin heyəti böyük ehtimalla həlak olublar.

— Necə olub? Heç kim qalmayıb? — deyə soruşdu. Belə danışıqlar müharibə zamanı çox olurdu, çünki hər gün neçə-neçə silahdaşımızı itirirdik. Onun səsində təəccüb yox, təssüf vardı— “Kornet”lə vurublar. Mümkünsə, təcili olaraq hərbi hissəyə rəhbərlik etmək üçün kimisə göndər. Mən kimisə təyin edə bilərəm, amma yaxşı olar ki, səninkilərdən olsun.

O, dərindən köks ötürərək:

— Yaxşı, qardaş, tez bir vaxtda idarə heyətindən birini göndərəcəm, — dedi.

Rabitə vasitəsilə hərbi hissənin 1-ci tabor komandirinə müvəqqəti olaraq hərbi hissə komandiri vəzifəsini icra etməsi barədə göstəriş verdim.

Bütün bölmələrlə rabitə əlaqəsi mükəmməl təşkil edilmişdi. Istər yuxarı qərargahla, istər tabeçilikdəki bölmələrlə, istərsədə qarşılıqlı əlaqədə olan digər qoşunlarla harda olmağımızdan asılı olmayaraq kəsintisiz əlaqə yarada bilirdik. Rabitə rəisi polkovnik Telman Musayev işğaldan azad edilən bütün ərazilərdə, yüksəkliklərə ötürücülər yerlşdiməklə, hətta atəş altında olsa belə şəxsən yerindən nəzarət etməklə bütün bunları təşkil edirdi.  Bu əməliyyatda da hər bir kiçik bölmə ilə beş ballıq rabitə var idi. 

Yolumuza davam etdik. Şişdağa qalxarkən, qarşıdan üç-dörd nəfərin gəldiyini gördüm. Dərhal mövqe tutub onların tərksilah edilməsinə əmr verdim. Yaxınlaşdıqda onların polkovnik Mövlanov, idarə heyətinin zabitləri, rabitəçilər və sağ qurtulmuş sərhədçilər olduğunu gördüm.

Çox yorğun və həyacanlı idilər.

Nə baş verdiyini soruşdum. Mövlanovun dediyinə görə, avtomobillərin vurulduğu yerə çatanda düşmənin ilk olaraq “KamAz”ı vurub. “SandCat”dakılar növbəti hədəfin onlar olduğunu anlayaraq  sola dönərək dərəyə enib nişangahdan yayımağa çalışıblar. Avtomobil sola dönərkən qaya parçasına ilişib və raketdən qaçmağın mümkün olmayacağını görərək sürətlə zirehli avtomobili tərk edib meşəyə giriblər. Bir neçə saniyədən sonra  “SandCat” də “Kornet”lə vurulub.

Düşmənin TƏİR qurğusu aşkar edilib məhv edilmədikcə bu yolun istifadə edilməməsi barədə bütün bölmələrin xəbərdar edilməsinə göstəriş verdim. Düşmənin bizə və ya başqa bir hədəfə atəş açacağı halda onun yerini müəyyən edəcəyim fikri ilə sağ qalmış heyətlə birlikdə TƏİR qurğusunun ehtimal olunmuş istiqamətinə doğru hərəkət etdik. Eyni zamanda bütün bölmələrə müşahidə dronlarını qaldıraraq “Kornet”-i axtarmalarına göstəriş verdim. Bizim istiqamətdə fəaliyyət göstərən “Bayraktar”-a da axtarışa cəlb etdim. Əlavə olaraq “Harop” kamikadze pilotsuz uçuş aparatının (PUA) havaya qaldırılmasını əmr etdim.
 

Hamı düşmənin ustalıqla gizlənmiş və yolları nəzarətdə saxlayan TƏİR qurğusunu axtarırdı. Amma tapılmırdı ki, tapılmırdı. Əsas problem bölmələrimizin düşmənlə eyni xətt üzrə mövqelənməsi idi — aşkar edilmiş hər bir hədəf bizm öz bölməmiz ola bilərdi. Səhv ediləsydi öz əsgərlərimiz həlak ola bilərdi.


“Harop”-un uçuş müddəti bitmək üzrə idi. Komandir, “Harop”-un səmada qalma vaxtının bitdiyini, düşmənin hər hansı bir hədəfinə vurmaq üçün icazə lazım olduğunu bildirdi. Razılıq verdim.

Mən “Harop”-un komadirilə danışdığım vaxt biz hərəkət etdiyimiz yolun  üzərində düşmənin işlək vəziyyətdə qoyub qaçdığı BM-21 yaylım atəş reaktiv sisteminin yanındaydıq. BM-21-ə yaxınlaşaraq, ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra “onsuz da bizə qalıb, niyə boş yerə işlək dursun” deyə düşünərək avtomobilin söndürülməsinə göstəriş verdim.

Eyni zamanda rəbitədə “Harop” komandiri mənə düşmənin BM-21 (Grad) sistemini və yanında çox sayda düşmən əsgərini gördüklərini, onu məhv edəcəyini dediyini eşidirdim. “Harop” düz başımızın üstündə idi. Birdən “Harop”un bizim yanımızda olan BM-21-i “hədəf” olaraq gördüyünü anlayaraq rabitədə qışqıraraq həmləni dayandırmağa çalışdım.

Artıq gec idi. “Harop” vahiməli səsi ilə bizə doğru şığıyırdı; onun daha geri dönməsi mümkün deyildi.

— Qaçın! — deyə bağırdım.

Hamı var gücü ilə BM-21-dən uzaqlaşaraq hara gəldi tullanaraq qorunmağa çalışdı. “Harop” sürətlə bizim yanımızdakı düşmənin qoyub qaçdığı BM-21-ə çırpıldı; dəhşətli partlayış BM-21 in metallarını başımız üzərindən ətrafa səpələdi. Texnika tamamilə darmadağın olmuşdu!

Mən qorunduğum yerdən çıxaraq darmadağın olmuş BM-21-in “quru cəsədinə” və göyə, “Harop”-un gəldiyi yerə baxıb başımı buladım.

Məcbur qalaraq düşmənin TƏİR qurğusuna yaxın yerləşən bölmələrə təcili axtarış aparıb onu tapıb məhv etmələri barədə göstəriş verdim. Bir saatlıq axtarışdan sonra düşmənin TƏİR kompleksi yüksək bir təpədə, meşəlik ərazidə qruplar tərəfindən tapılaraq məhv edildi.

Artıq təmizlik əməliyyatına başlamaq vaxtı idi. 

Rabitəçilər rabitədə müdafiə naziri Zakir Həsənov mənimlə danışmaq istədiyini bildirdilər

- “Bəbir” qəbulda- deyə cavab verdim.

- Salam. Hazırsanmı?

- Bəli, hər şey hazırdı.

- Sən bu əməliyyatın nəq ədər əhəmiyyətli olduğunu və Ali Baş Komadanın diqqətlə izlədiyini yəqin ki, bilirsən?

- Bəli. Tam arxayın ola bilərsiniz.

- Onda uğurlar. Bitəndə məruzə edərsən.

- Oldu- deyib dəstəyi rabitəçiyə verdim.

Ali Baş komadan gecə-gündüz bütün istiqamətləri nəzartədə saxlayırdı. Mən sonradan, müharibədən sonar onun eyni zamanda siyasi arenada da döyüşdüyünü, gündə bir neçə ölkənin jurnalistlərinə müsahibə verdiyini, işimizin haqq işi olduğunu çatdırdığını bildikdə bu qədər enerjini hardan və necə aldığına təccübləndim. O bizi, Azərbaycan Ordusunun bütün əsgər və zabitlərinin yanında idi. Biz bunu həmişə hiss edirdik.

Mən bir daha nə qədər bir məsuliyyətli bir vəzifənin altına girdiyimi anladım və bu etimadı nə olur olsun doğruldacaqdım.

Komanda məntəqələrinin təyin edilmiş yerlərdə açılması ilə əməliyyatın başlanmasına, Qarakollu kəndinin yaxınlığında maskalanaraq mövqelənmiş birliyin kəşfiyyat bölməsinə Qarakolunun girişində Hadrut istiqamətində yolun bağlanmasına, eyni zamanda Hadrutun təmizlənməsinə başlanması barədə bütün hərbi hissələrə komanda verdim. Düşmənin qaçmağa bütün yolları bağlanmışdı; o, şüşənin içində olan siçan kimi ortalıqda qalmışdı.

İlk olaraq kamikadze dronlarla düşmənin əvvəldən aşkar etdiyimiz texnikalarına və hədəflərinə zərbə endirdik. Sonradan bir taborun Hadrutun Xankəndi istiqamətində olan evləri tərəfdən geriyə, Hadrutun mərkəzinə doğru hücum etməsini və düşmən silahlılarında və mülki əhalidə Hadrutun artıq mühasirədə olduğunu bilnəsi məqsədilə bir neçə istiqamətdə yanğınlar törədilməsi barədə göstəriş verdim — məqsəd mülki əhaliyə Hadrutun artıq mühasirədə olduğunu göstərmək idi. Eyni zamanda bir neçə məntəqədən səsgücləndiricilərlə mülki əhalinin qəsəbəni tərk etməsi, Xankəndi istiqamətində çıxış üçün yolun açıq olduğu, mülki əhali əlinə silah almadıqca onlara atəş açılmayacağı elan edildi.

Anidən baş verənlərdən şoka düşən düşmən Qarakollu tərəfdəki texnika və canlı qüvvəsini Xankəndi yoluna tərəf yönəltdi. Hərəkətdə olan texnikaları kamikadze dronları ilə vurduqda, bütün qüvvələr yolun ortasında dayanaraq texnikaları hara gəldi soxdular, özləri isə çıxıb göyə və ətrafa baxmağa başladılar. Onlar xüsusi təyinatlıların harada olduğunu anlamağa çalışırdılar. Düşmən artilleriyasının mərmiləri qarşı yüksəkliklərdən üzərimizə yağış kimi yağmağa başladı.  

Hadrutun yerləşdiyi böyük vadi atəş, mərmilərin çıxardığı fit səsi, partlayış və qışqırıqla dolmuşdu.

18-ci diviziyanın hərbi şəhərciyi istiqamətində hücum edən bölmələrimiz qarşılarına çıxan bütün silahlıları məhv edirdilər; digər bölmələrimiz isə nisbətən yavaş irəliləyərək mülki əhalinin çıxmasına imkan yaradır, hətta qarşılarına çıxan mülki əhalini döyüş bölgəsini tərk etmələrinə kömək edirdilər .
 

Mülki əhali artıq yüklərini maşınlara yığaraq Xankəndi istiqamətinə hərəkət edirdi. Mən bir daha bütün bölmələrə Ali Baş Komandan İlham Əliyevin humanist göstərişini xatırlatdım. Çünki döyüş yoldaşını, silahdaşını itirmiş birinə düşməni bağışlamağın o qədərd də asan olmadığını bilirdim. Amma xalqımız, rəhbərinin timsalında, bir daha bütün dünyaya göstərdi ki, ən çətin anlarda belə humanist dəyərləri üstün tutan bir xalqıq.


Xankəndi istiqamətində açıq qoyduğumuz yoldan erməni əsilli bütün mülki əhalisi çıxaraq Hadrutu tərk etdi.

9 oktyabr saat 16:00 radələrində artıq Hadrut və ətraf yüksəkliklər düşməndən tam təmizlənmişdi.

Komandan mənə zəng edərək Ali Baş Komandanın Hadrutun işğaldan azad edildiyini xalqa elan etdiyini və bir azdan mənimlə danışacağını dedi. Mən isə Ali Baş Komandanla danışmağa hazır olmadığımı, komandanın buna daha çox haqqı olduğunu bildirdim.

Bu gün tam səmimiyyətlə deyə bilərik ki, Xüsusi Təyinatlı Qüvvələr və onu dəstəkləyən digər qoşun birləşmələri ilə birlikdə inanılmaz dərəcədə dəqiq və ildırım sürətli möhtəşəm bir əməliyyat həyata keçirdi. Bu, hərb tarixinə qızıl hərflərlə yazılacaq əməliyyat idi. Sonrakı əməliyyatlar, xüsusilə Şuşa əməliyyatı, nə qədər heyrətamiz və əzəmətli olsa da, Hadrut əməliyyatı keçirilmə üsulu ilə fərqlənirdi.

Bu döyüş düşmənin qətiyyətini, döyüş əzmini bir daha sarsıtdı, artıq müqavimətin mənasız olduğunu, sadəcə mənasız itkilərə səbəb olacağını Ermənistan rəhbərliyinə anlatdı. 

Hadrut əməliyyatı Azərbaycan Ordusun 28 il əvvəlki ordu olmadığını, istənilən döyüş tapşırığını uğurla icra etmək qabiliyyətinə malik, peşəkar hərbi güc olduğunu bütün dünyaya, Ermənistan ordusuna və onların himayədarlarına döyüş meydanında sübut etdi. 

ARDI VAR…

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ETX haktivist qrupların kiberhücumları ilə bağlı XƏBƏRDARLIQ ETDİ

ETX haktivist qrupların kiberhücumları ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Hikmət Hacıyev: “Prezidentin 10 günə üç sammitdə iştirakı Azərbaycanın çoxregional siyasətinin təzahürüdür”

Hikmət Hacıyev: “Prezidentin 10 günə üç sammitdə iştirakı Azərbaycanın çoxregional siyasətinin təzahürüdür”

Məşhur futbolçunun evi YANDI

Məşhur futbolçunun evi YANDI

Fərid Şahbazlı: “Birinci Qarabağ və Vətən müharibələrində jurnalistlərimiz həyatlarını itiriblər” - FOTO

Fərid Şahbazlı: “Birinci Qarabağ və Vətən müharibələrində jurnalistlərimiz həyatlarını itiriblər” - FOTO

Bakı və Zaqatalada yaşıllıqların qanunsuz kəsilməsi halları AŞKARLANDI

Bakı və Zaqatalada yaşıllıqların qanunsuz kəsilməsi halları AŞKARLANDI

5 il öncə BU GÜN– 10 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ - ADLAR

5 il öncə BU GÜN– 10 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ - ADLAR

“Araz-Naxçıvan” yoxlama oyununda heç-heçə etdi

“Araz-Naxçıvan” yoxlama oyununda heç-heçə etdi

Üç bürc üçün MÖCÜZƏLİ PAYIZ vədi

Üç bürc üçün MÖCÜZƏLİ PAYIZ vədi

Paytaxtın bəzi yollarında TIXAC VAR

Paytaxtın bəzi yollarında TIXAC VAR

Beynəlxalq konfransın iştirakçıları Şuşada - FOTO

Beynəlxalq konfransın iştirakçıları Şuşada - FOTO

Azərbaycanda psixotrop maddə istifadəçilərinin sayı 41 mini ÖTDÜ – Dəhşətli STATİSTİKA

Azərbaycanda psixotrop maddə istifadəçilərinin sayı 41 mini ÖTDÜ – Dəhşətli STATİSTİKA

Anar Əsədli ilə bağlı yeni qərar verildi, məhkəmə BAŞLADI

Anar Əsədli ilə bağlı yeni qərar verildi, məhkəmə BAŞLADI

Türkmənistan səfiri: “Füzulidə tikiləcək məscid Türk dünyasının həmrəyliyinin simvoludur”

Türkmənistan səfiri: “Füzulidə tikiləcək məscid Türk dünyasının həmrəyliyinin simvoludur”

Gəncədə güclü küləyin törətdiyi FƏSADLAR – FOTO

Gəncədə güclü küləyin törətdiyi FƏSADLAR – FOTO

Dəmir çarpayıda keçən ÖMÜR – Erməni həkimin əlil qoyduğu Nəbi Rzayevin İZİ İLƏ

Dəmir çarpayıda keçən ÖMÜR – Erməni həkimin əlil qoyduğu Nəbi Rzayevin İZİ İLƏ

Metronun daha iki stansiyası arasında interval AZALDILACAQ

Metronun daha iki stansiyası arasında interval AZALDILACAQ

“Oğlumu hər gecə yuxuda gözləyirəm” - Şəhid Soltan Məmmədovun Anım Günündən VİDEOREPORTAJ

“Oğlumu hər gecə yuxuda gözləyirəm” - Şəhid Soltan Məmmədovun Anım Günündən VİDEOREPORTAJ

Gəncədə güclü yanğın – VİDEO

Gəncədə güclü yanğın – VİDEO

Məşhur futbolçunun evi YANDI

Məşhur futbolçunun evi YANDI

Nəzrinin ölümünə görə həbs edilən Sənan Mehdiyevə HÖKM OXUNDU

Nəzrinin ölümünə görə həbs edilən Sənan Mehdiyevə HÖKM OXUNDU

Oqtay Şirəliyevin yerinə baş direktor seçildi – FOTO

Oqtay Şirəliyevin yerinə baş direktor seçildi – FOTO

Naxçıvanda yeni dəmiryolu şəbəkəsi qurulacaq - RƏSMİ AÇIQLAMA /ÖZƏL

Naxçıvanda yeni dəmiryolu şəbəkəsi qurulacaq - RƏSMİ AÇIQLAMA /ÖZƏL

Bütün proqnozlar alt-üst oldu - Qızılı belə kölgədə qoyan sərmayə vasitəsi

Bütün proqnozlar alt-üst oldu - Qızılı belə kölgədə qoyan sərmayə vasitəsi

Putin Azərbaycanla Rusiya arasındakı münasibətlərdən DANIŞDI – VİDEO

Putin Azərbaycanla Rusiya arasındakı münasibətlərdən DANIŞDI – VİDEO

End of content

No more pages to load

RADİO