Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri məlum olub.
ANS PRESS-in məlumatına görə, səsvermə nəticəsində akademiyaya 26 həqiqi və 50 müxbir üzv seçilib.
AMEA-nın müxbir üzvlüyünə seçilənlər arasında filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın da adı var.
O, “Ədəbiyyatşünaslıq” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.
Qeyd edək ki, Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1986-cı ildə «M.Sabirin novatorluğu» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 1987-ci ildə filologiya elmləri namizədi, 2004-cü ildə «Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki» (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1987-ci ilin mart ayından BDU-nun filologiya fakültəsinin «Azərbaycan ədəbiyyatı tarixi» kafedrasında (2004-cü ildən adı «Klassik Azərbaycan ədəbiyyatı» kafedrasına dəyişdirilib) assistent, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2005-ci ildən «Klassik Azərbaycan ədəbiyyatı» kafedrasının professoru və müdiridir.
1994-cü ilin oktyabr ayından Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının «Dil və ədəbiyyat» kafedrasının professoru və müdiridir. 2006-cı ildən BDU-da fəaliyyət göstərən filologiya elmləri doktoru və namizədlik dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının (D.02.181) sədridir. 2006-2008-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ilin iyun ayından M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəridir. 3 monoqrafiyanın, 4 kitabın dərsliklərin, elmi və dövri mətbuatda çapdan çıxan onlarla məqalənin müəllifidir. Özəl «ÜNS» yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, «Azərbaycan mədəniyyətinin dostları» xeyriyyə fondunun İdarə heyətinin üzvü, «Azərbaycan-İrs» jurnalının ədəbi şöbəsinin redaktoru, İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədridir. Ölkənin birinci xanımı Mehriban Əliyevanın bacısı, rəssam Altay Sadıxzadənin həyat yoldaşıdır.