Birinci Qarabağ Savaşının qəhrəmanlarından olan polkovnik Rüfət Əmirovun müdafiə nazirinin əmriylə ehtiyatdan yenidən ordu sıralarına qaytarılması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Hərbi ekspert Üzeyir Cəfərov Moderator.az-a açıqlamasında deyir ki, əslində nazir öz kursant yoldaşına layiq olduğu vəzifəni deyil, nisbətən əhəmiyyətsiz bir görəvi verməklə onu aşağılayıb:
“Artiq iki gündür ki, mətbuat Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Rüfət Əmirovun ehtiyatdan təkrar hərbi xidmətə çağırılması ilə əlaqədar xəbərləri yayır. Sosial şəbəkələrdə isə tanınmış hərbçini kimlərsə ürəkdən təbrik edir, kimlərsə ona yeni-yeni uğurlar arzulayır. Düzü, mən bu addıma qətiyyən sevinmədim. Ona görə yox ki, mənim Rüfət Əmirov kimi tanınmış bir zabitə simpatiyam yoxdur, yaxud hansısa qərəzim var. Bir qədər aşağıda sadalayacağım məqamları oxuyan dostlar, dəyərli oxucular yəqin ki, mənimlə razılaşarlar. Hesab edirəm ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov bu addımı ilə öz kursant yoldaşı olmuş Rüfət Əmirovu bir növ aşağılayıb. Ona görə ki, müdafiə naziri kimi o ilk addımlarından biri kimi Rüfət Əmirovu hansısa qoca bir hərbçinin bacara biləcəyi Hərb Tarixi Muzeyindən azad edib, onu ən azından Baş Qərargah rəisi kimi yanına gətirməli idi. Azərbaycan Silahlı Qüvvələrində Rüfət Əmirov kimi barmaqla sayıla biləcək savadlı və bacarıqlı zabitlər var. Mən bunu tam məsuliyyətimlə deyirəm. Bu gün Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunan on general Rüfət Əmirovun bacardığının 5-10 faizin belə bacarmır. Və deyə bilərəm ki, bacarmaz. Kim bilməsə də, biz, Müdafiə Nazirliyi yarandığı andan indiyə kimi bütün prosesləri yaxından bilən şəxslər kimi tam əminliklə deyə bilərik ki, məhz onun savadlı və bacarıqlı olması, əsl vətənpərvərliyi bəzi paxıllara imkan vermədi ki, bu gün Rüfət Əmirov ən azından general olsun. Mərhum prezident Heydər Əliyev belə onun güclü hərbi savadına, mükəmməl idarəetmə qabiliyyətinə, ən ağır döyüş əməliyyatlarını belə yüksək səviyyədə apara bilməsinə heyranlığını gizlətmirdi. Amma çox təəssüflər olsun ki, MN-nin sabiq rəhbərliyinin diqqətsizliyi və sayğısılığı ucbatından o orduda xidmətdən küsdü, incidi və tərxis olundu. Bu gün çiyinlərində yekə-yekə ulduzlar gəzdirən bəzi general və polkovniklər Rüfət Əmirovun necə səriştəli zabit olmasını çox gözəl bilirlər. Onda sual yaranır: hörmətli müdafiə naziri niyə belə savadlı və bacarıqlı bir peşəkarı təqaüddə və ya ehtiyatda olan bir hərbçinin görə biləcəyi sahədə hərbçi kimi xidmət etməsinə qərar verir? Məgər budurmu müharibə aparan ölkənin kadr siyasətinin qayəsi və mənası? Müdafiə naziri faktiki bu addımı ilə Rüfət Əmirovun hansısa 5-10 manat pula ehtiyaca görə xidmətə çağırılması ilə bağlı qərarının fərqindədirmi? Mənə elə gəlir ki, polkovnik Rüfət Əmirov ilə bağlı tezlikə ədalətli və düzgün qərar verməlidir hörmətli MN-nin indiki rəhbərliyi. Onu da qeyd edim ki, Rüfət Əmirov polkovnik rütbəsində Silahlı Qüvvələrdən ehtiyata buraxılan vaxta kimi Baş Qərargah rəisinin müavini, birləşmə komandiri və digər mühüm vəzifələrdə vicdanla və şərəflə xidmət keçib. Son dərəcə təvazökar və diqqətcil zabit olub. Qarabağ savaşının ilk illərində R. Əmirovun iştirakı ilə bir sıra uğurlu hücum əməliyyatları hazırlanıb, planlaşdırılaraq həyata keçirilib. Belə bir zabiti Hərb Tarixi Muzeyi kimi o qədər də önəmli olmayan postda, özü də polkovnik kimi saxlamağın adı nə? Ona görə də mən və minlərlə Azərbaycan Ordusunun güclü və peşəkar olmasını istəyən şəxslər deyirik ki, cənab müdafiə naziri, siz belə peşəkar zabitlərin qədrini bilin və onlardan çox şeyləri öyrənin. Sizin kadr siyasətinizin bir çox uğursuzluqları ona görə nəzərə çarpır ki, siz hələ də Rüfət Əmirov və yüzlərlə digər döyüş görmüş zabitləri, hətta generalları layiq olduqları vəzifələrə təyin edə bilməmisiniz. Amma, hələ də gec deyil.”