Balakən şəhərində bir neçə çörək istehsalı sexində standartların tələblərinin pozulduğu aşkar edilib.
Moderator.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən fiziki şəxs Qarayev Şamil Ramazan oğlu və fiziki şəxs Akqubayev Saleh Mollaisa oğluna məxsus çörək istehsalı sexlərində dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Araşdırmalar zamanı müəyyən edilmişdir ki, antisanitariya vəziyyətində işləyən müəssisələrdə çörək istehsalı müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan aparılır. Bundan başqa müəssisələrin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriyasının və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı, sınaqların aparılmadığı aşkar edilmişdir ki, bu da məhsulun keyfiyyətinə zəmanət verilmədiyinə sübutdur. O cümlədən, müəssisələrdə saxlanma şəraitinə əməl olunmadığı, məhsulların keyfiyyətli sabit istehsalı üçün şəraitin təmin olunmadığı müəyyən edilmişdir.
Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərlərinə iradnamə verilmiş, çörəyin istehsalının və satışının qadağan edilməsi barədə tələbnamə təqdim edilmiş, İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib edilmişdir.