Ötən həftə İstanbula səfərim çərçivəsində Türkiyə Kültür Dərnəyinə də baş çəkdim. Dərnək rəhbəri Səfər bəyin söhbətini təqdim etməzdən əvvəl, deyim ki, İstanbul təəssüratlarım çox zəngindir və bu barədə fikirlərimi zaman-zaman oxucularla bölüşəcəyəm. Hələliksə, İstanbul sözünün müxtəlif çalarları barədə tanınmış Tofiq Abdinin hələ 1990-cı ildə «Qobustan» toplusunda dərc etdiyi Türkiyə təəssüratlarından kiçik bir parçanı diqqətinizə çatdırıram: «Bəziləri deyirlər ki, türklər bu sözü «ispoveduşiy islam» sözündən götürmüşlər, bu da «islam bolu» deməkdir. Ancaq başqa bir variant da var, güman ki, bu söz yunan mənşəli olub «iz min bolin» ifadəsindəndir ki, bunun da hərfi tərcüməsi «şəhərdə» deməkdir (K.Poznanska, «Köhnə və yeni Türkiyə». «Hayka» nəşriyyatı. Moskva, 1974).
Başqa bir mənbədə oxuyuruq: «Belə bir müddəa var ki, İstanbul sözü yunan mənşəli olub «eys ten polis» ifadəsindəndir. Bunun tərcüməsi belədir: «idu v qorod». Yunan kəndliləri deyilənə görə Konstantinopola gedərkən türklərin «hara gedirsiniz?» sualına belə cavab verərlərmiş. Başqa bir yozum da var: Konstantinopolu həmişəlik zəbt eləmək yanğısı ilə yaşayan türklər onu «İslambol» adlandırıblar. Bunun mənası belədir: «İslama sığın». Sonralar İslambol İstanbul kimi işlənməyə başlanmışdır.
* * *
Türkiyə Kültür Dərnəyi Kadıköydə yerləşir. Çoxmərtəbəli bina dərnək üzvlərinin tam ixtiyarındadır. Dərnəyin sədri Səfər bəy Qaraqoyunlu ilə görüşümüz bazar gününə düşdüyündən buralar çox sakitlik idi. Səfər bəy gəlişimizdən xəbər tutunca çox sevindi. Axı, onun özü də azəri türklərindəndir və vaxtilə tarixin haqsız dolanbaclarında İqdıra köçüblər. Yaxşısı budur ki, onun özünü dinləyək:
- Biz Türkiyə-Azərbaycan dərnəyi olaraq 2010-cu ildən fəaliyyətə başlamışıq. Bu dərnək Türkiyə Cümhuriyyətinə bağlıdır, yəni rəsmi dərnəkdir. Bu dərnəyin qurucularının çoxu Azərbaycan türkləridir. Məqsədimiz Türkiyə-Azərbaycan münasibətlərinin dostluq, qardaşlıq müstəvisində daha da inkişaf etdirilməsidir.
2010-cu ildən bəri hər il təxminən 5-6 iri tədbirlər düzənləyirik. Təbii ki, bu tədbirlərin içində ən çox önəm verdiyimiz Qarabağ məsələsidir, Xocalı soyqırımıdır. Çünki, indi dünyanın sanki gözü kor, qulağı kardır. Elə buna görə də əsl həqiqətləri Avropaya, Amerikaya çatdırmaq üçün iş aparırıq. Bilirsiz ki, erməni lobbisi bütün dünyada türklərin əleyhinə iş aparır, bizləri günahkar çıxarmaq üçün hər cür hiylə və fitnəyə əl atır. Əslində soyqırım edən özləridir, amma utanmadan-çəkinmədən bunu bizlərin üzərinə yıxmağa çalışırlar.
Məsələn, mənim özüm ötən əsrin əvvəllərində ermənilər tərəfindən sıxışdırılaraq çıxarılan və İqdıra köçən bir azərbaycanlı ailəsindənəm. Hələ onu demirəm ki, qohum-əqrəbamızdan onlarla adam ermənilər tərəfindən qətliam olunublar. Buna baxmayaraq, biz heç zaman ürəyimizdə kin-küdurət gəzdirmədik. Düşündük ki, tarix keçmişdə qaldı, hara getsək, sonu sülh olmalıdır. Bununla yanaşı, baş verənləri təhlil edəndə, istər-istəməz ortaya suallar çıxır: əcəba, ermənilərin bu mənfur yaramazlıqlarının sonu olacaqmı? Əgər bir düşmənin öz çirkin məqsədlərindən əl çəkmədiyinin şahidiyiksə, deməli əl-qolumuzu sallayıb oturmamalıyıq. Belə olan tərzdə susarıqsa, o zaman ermənilər bundan daha yaxşı istifadə edər.
Dərnəyimizin minlərlə üzvü var. Keçirilən tədbirlərdə onlar çox yaxından iştirak edirlər. Xüsusilə, Novruz bayramını daha təmtəraqlı keçiririk. Bundan əlavə, «20 Yanvar» faciəsini də hər il yad edirik. Bəzən poeziya günləri düzənləyirik.
Bayaq dediyim kimi, ən önəmli məsələ bizim üçün Qarabağın işğaldan azad olunmasıdır. Çünki Qarabağ təkcə Azərbaycanın problemi deyil. Qarabağ bütün Qafqazın tacıdır. Bütün türklər üçün önəmli ibr yerdir. Bu torpaqların altında çox böyük təbii sərvətlər yatır, o cümlədən qiymətli qızıl yataqları. Görün ermənilər nə qədər harınlayıb qudurublar ki, Qarabağ adı altında ətraf rayonları da işğal ediblər. Yaxşı, bu Sovet İttifaqı dağılanda baş verdi, bəs sonra? Dünya bu haqsızlığa necə dözür?
Bilirsiz ki, Ermənistan müharibəyə qalsa, çox tez bir zamanda uduzar. Amma onun havadarları var və bu faktor çox təhlükəlidir. Amma mən inanıram ki, tezliklə Qarabağ torpaqları azad olacaq, tarixi ədalətsizlik aradan qaldırılacaq.
Bəradər SƏMƏNDƏRLİ