Cəlilabadda küçədə söyüş söyüb qonşusunu vuran kişi həbs olunub.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Ə. Abdullayev küçəsində qeydə alınıb.
29 yaşlı Əmrah Hacıyev (ad və soyad şərtidir) küçədə qonşusunu söyüb. Zərərçəkənin sözlərinə görə, o, buna görə Əmrahgilə gəlib və atası ilə qarşılaşıb:
“Atası bizi yaxşı qarşıladı. Oğlunun hərəkətinə görə qəzəbləndi və Əmrah gələndə onu tənbeh etdi. Bu an Əmrah üstümə hücum çəkdi, amma qonşular onu saxladı. Lakin evdən çıxıb yol gedəndə o, arxadan hücum edib sifətimə yumruqla vurdu. Üzr istəsə şikayət etməzdim”.
Zərərçəkənin şikayəti əsasında Əmrah Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
Təqsirləndirilən şəxs məhkəmədə günahını etiraf edərək peşman olduğunu deyib. Həmçinin o, pulu olmadığı üçün cərimə yox, aşağı həddə həbs cəzası verilməsini xahiş edib.
Cəlilabad rayon Məhkəməsində hakim Osman Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində 5 gün müddətinə inzibati həbs cəzası verilib. (lent.az)
Bizim.Media