“Xəbəri alanda çox pis oldum. O mənə başqa cür doğma idi. Dahi bəstəkarımızın yadigarı idi, Süleyman Ələsgərov bizim müəllimimiz olmuşdu. Cabir həm evdən, həm eldən getdi. KVN komandasının demək olar ki, dirəyi – ssenaristi idi. Allah Tahir müəllimə və onun komandasına, dostlarına səbr versin. Mən Cabirlə çalışmamışam bu qədər üzülürəm, gör onun dostları necə yanıb-tökülürlər?!”
Bizim.Media xəbər verir ki, bunu bəstəkar Elza Seyidcahan əməkdar artist Cabir İmanovla vida mərasimində jurnalistlərə açıqlamasında bildirdi.
O qeyd etdi ki, Cabir İmanovla əsasən tədbirlərdə görüşürdülər. Bir gün öncə isə oğlu ilə Cabir İmanov toyda olublar. Toyun sonuna qədər gümrah, ağayana rəqs edib:
“Gör necə xoşbəxt adamdır ki, dünyasını dəyişməzdən öncə həyat yoldaşı ilə qol götürüb oynayıb, xoş xatirə qoyub. Təvəzökar, dərin musiqi duyumu olan insan idi. O cür mötəbər yerdə çalışırdı, rəhbər idi, amma necə sadə insan idi. Onun haqqında danışanlar deyirdilər ki, çox məsuliyyətli, dəqiq adam olub. İncəsənətimiz böyük itki verdi. Kişilik məktəbi itirdi. Kişi kimi kişi idi. Başımız sağ olsun. Allah ailəsinə səbr versin”.
Aygün Hüseyn, Pərviz Allahverdiyev, Elcan Bəşirli, Bizim.Media