"Nürnberq məhkəməsi”nin növbəti iclası KEÇİRİLDİ - FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 16-da davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş suveren ərazilərində mədəni irsin məhv edilməsini əks etdirən sənədlərin tədqiqinə başlanılıb.

Belə ki, 1993-cü il aprelin 7-də xarici media subyektində nəşr olunan Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğalına dair məqalə tərcüməçi vasitəsilə tədqiq olunub.


Bildirilib ki, "Qafqazda hücumlar yeni qaçqın dalğası yaradır" sərlövhəli məqalədə Ermənistan ordusunun Kəlbəcərdə “uğurla” irəliləməsinin minlərlə azərbaycanlının öz torpağından qaçmağa məcbur qalmasına səbəb olduğu qeyd edilib. Yazıda bildirilib: “Bazar ertəsi Kəlbəcərdə qadınlar və uşaqlar helikopterlərə minməyə cəhd ediblər. Döyüşlərdən qaçan 39 minə yaxın insan qaçqın mərkəzlərində qeydiyyatdan keçib".

Məqalədə, həmçinin qeyd edilir: "Murov keçidi, Azərbaycan, 6 aprel 1993-cü il. Onlar (azərbaycanlılar - red.) qarla örtülmüş düzənliklərdə qara nöqtələr kimi görünürdülər. Doqquz min fut (təxminən 2743 metr) hündürlüyündəki dağ keçidinin şimal yamacından enən üç nəfər öz torpaqlarında sığınacaq axtararaq irəliləyirdi. Meşə yoluna bənzər bir cığırda onların, əslində, beş nəfər olduğu məlum oldu.

Taqətdən düşmüş 30 yaşlarında bir kişi və qucaqlarında körpə uşaqları olan 20 yaşlarında iki qadın. Onların hamısı soyuqdan donurdu, meşədə və dağda 6 günlük yürüşdən sonra şok vəziyyətində idilər. Cənubi Qafqazda Ermənistan ordusu həftəsonu Kəlbəcəri ələ keçirərək minlərlə insanın qaçmasına səbəb olub və böyükmiqyaslı məcburi köçkün böhranı yaradıb.

Kəlbəcərin erməni qoşunları tərəfindən işğalı onlara (ermənilərə – red.) Qarabağı Ermənistanla şimaldan cənuba birləşdirən geniş ərazi üzərində nəzarət imkanı verib. Birinci əlaqə ötən il Laçında qurulmuşdu, bu yol qoşunların və təchizatın Qarabağa çatdırılması üçün istifadə olunurdu".

Bundan başqa, yazıda vurğulanır ki, yalnız Azərbaycan hökuməti deyil, həm də Kəlbəcərin işğalının əyani şahidi olan bir çox insanlar hücumun birbaşa Ermənistan ərazisindən həyata keçirildiyini bildiriblər. Qeyd edilib ki, Qarabağa açılan yeni “şimal dəhlizi” 100 kilometrdən çoxdur. Bu da faktiki olaraq Kəlbəcər bölgəsinin tam şəkildə ilhaqı deməkdir. ABŞ Qafqazdakı yeni hücumlara görə Ermənistanı qınayır.

Bu gün ABŞ Ermənistanı qonşu Azərbaycanın şimal-qərbində yerləşən əraziləri 11 gün əvvəl başlanan hücumlar nəticəsində ələ keçirdiyinə görə kəskin şəkildə qınayıb. ABŞ Dövlət katibi Varren Kristoferin bəyanatında administrasiya İrəvan hökumətini qüvvələrini dərhal geri çəkməyə çağırıb. Eyni zamanda o, bazar ertəsi Ermənistan Prezidenti Levon Ter-Petrosyana etiraz məktubunun təqdim olunduğunu qeyd edib”.

Daha sonra "İzvestiya" qəzetinin 1993-cü il aprelin 2-də nəşr olunan buraxılışında işıq üzü görən məqalə tədqiq olunub.

Yazıda deyilir: "Ermənistan ordusu Kəlbəcər rayonunun ətrafına çatıb. Hücum həm Ermənistan, həm də Qarabağ tərəfdən həyata keçirilib. Kəlbəcər rayonu tam olaraq blokadaya alınıb, onu Azərbaycanın digər əraziləri ilə birləşdirən yollar artıq kəsilib. Şəhər daim raket, artilleriya hücumlarına və havadan bombardmana məruz qalır. Dinc əhali arasında çoxlu sayda ölən var. Minlərlə insanın taleyi məlum deyil”.

Beləliklə, məhkəmə iclasında tədqiq olunan hər iki xarici mənbədə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalında, mülki əhalinin qətlə yetirilməsində iştirakı öz əksini tapıb və təsdiqlənib.

Sonra BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən qətnamələr ingilis dilindən tərcüməçi vasitəsilə tədqiq olunub.

Məhkəmədə daha sonra beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə amansız hücumunu, mülki əhalini qətlə yetirməsini əks etdirən hesabatı tədqiq olunub.

Hesabatda bildirilir ki, Ermənistan ordusu Qarabağda ələ keçirdiyi bütün ərazilərdən Azərbaycanın mülki əhalisini qovub və ya girov götürüb. Qaçıb canını qurtarmağa çalışan insanları heç bir fərq qoymadan güllələyiblər.

Təşkilatın hesabatında genişmiqyaslı talan və mülki əhalinin əmlakının məhv edilməsi, 1993-cü ilin iyulunda Ağdamın Ermənistan ordusu tərəfindən işğalı, şəhərin talan edilməsi barədə məqamlar da yer alıb.

Sənəddə Ermənistan ordusunun Qarabağda baş vermiş döyüşlərdə iştirakı da tədqiq olunur. Vurğulanıb ki, Azərbaycanın mülki əhalisinin heç bir fərq qoyulmadan atəşə tutulması, bombardmana məruz qoyulması insanların məcburi şəkildə yerlərini dəyişmələrinə səbəb olub. Mülki əhali girov götürülüb, əmlakı talan edilib və yandırılıb.
 

Bundan əlavə, hesabatda həmin dövrdə Ermənistan Respublikasının hərbi cinayətlər törətməsi ilə əlaqədar Cenevrə Konvensiyasının ciddi şəkildə pozulduğu qeyd edilib. Hesabatda Ermənistan ordusunun hərbi qaydaları pozması, müharibə cinayətləri törətməsi halları da əksini tapır.


Girovlar, müharibə əsirləri ilə düzgün şəkildə davranılmaması və onların öldürülməsi kimi hallar da sənəddə yer alıb.

Sonra dövlət ittihamını müdafiə edən prokuror tərəfindən Azərbaycanın rayon, şəhər, qəsəbə və kəndlərinin Ermənistan tərəfindən işğalından sonra dağıdılmasını, viran qoyulmasını, mədəni, tarixi, dini abidələrin məhvini, infrastrukturun, mülki əmlakın, qəbiristanlıqların məhv olunmasını əks etdirən foto və videomateriallar təqdim olunub.

Bildirilib ki, işğal dövründə dini abidələrimiz və məscidlərimiz dağıdılmaqla yanaşı, həm də orada donuz saxlanılmaqla təhqir olunub.

İclasda, həmçinin işğaldan azad edilmiş rayon, şəhər və kəndlərə baxış keçirilməsinə dair protokollar, həmin protokollara əlavə edilmiş foto və videogörüntülər nümayiş etdirilib.

Ardınca ibtidai istintaq zamanı keçirilmiş ekspertiza rəyləri elan olunub.

Qeyd edək ki, bu təcavüzkar müharibə zamanı Azərbaycanın mədəni sərvətinə aid olan tarix və mədəniyyət abidələrinin hücum obyektinə çevrilməsi hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməsi, qəsdən böyük həcmdə yandırılması, artilleriya qurğularından atəşlər açıb partladılması, fiziki üsullarla qismən və tamamilə dağıdılması, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməsi nəticəsində ölkəmizə və xalqımıza xüsusilə külli miqdarda ziyan vurulub.

Məhkəmə prosesi mayın 19-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Britaniya kralına “iPad” HƏDİYYƏ ETDİ – VİDEO

Zelenski Britaniya kralına “iPad” HƏDİYYƏ ETDİ – VİDEO

Bakının ən bahalı küçəsi bəlli oldu

Bakının ən bahalı küçəsi bəlli oldu

Həbsdə olsa da milyonlar qazanır

Həbsdə olsa da milyonlar qazanır

Pezeşkiandan QİSAS VƏDİ: "Laricaninin qanı yerdə qalmayacaq"

Pezeşkiandan QİSAS VƏDİ: "Laricaninin qanı yerdə qalmayacaq"

Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" 1/4 finala yüksəldi – VİDEO

Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" 1/4 finala yüksəldi – VİDEO

Azərbaycanda pensiya yaşı dəyişir? – Belə ola bilər…

Azərbaycanda pensiya yaşı dəyişir? – Belə ola bilər…

Aİ-95 benzin BAHALAŞACAQ?

Aİ-95 benzin BAHALAŞACAQ?

Alman evlərində niyə mətbəx olmur?

Alman evlərində niyə mətbəx olmur?

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

Xaçmazda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Xaçmazda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Ağdamda QƏZA: Xəsarət alanlar var

Ağdamda QƏZA: Xəsarət alanlar var

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

Gürcüstanda matəm ELAN EDİLDİ

Gürcüstanda matəm ELAN EDİLDİ

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

End of content

No more pages to load

RADİO