Cəlilabad rayonunda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.
Bizim.Media xəbər verir ki, rayon mərkəzinə sərnişin daşıyan "Mercedes" markalı marşrut avtobusu hərəkətdə olarkən qəfil qarşısına çıxan "Lada-Priora" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi ciddi zədələnib.
Qəzada sərnişinlərdən biri, 65 yaşlı Hüseynova Lalə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralının müalicəsi bir müddət davam edəcək.
Hadisə şahidlərinin sözlərinə görə, yolun buz bağlaması səbəbindən sürücülər qəzadan qaçmaq imkanına malik olmayıblar.
Qəza ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu