Şəkinin Baş Zəyzid kənd sakini sərxoş vəziyyətdə olarkən əsəblərini cilovlaya bilmədiyindən mənzilindəki pəncərə şüşələrini qırıb. Bu isə onun həyatı bahasına başa gəlib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 34 yaşlı Baş Zəyzid kənd sakini Pərviz Babayev kafelərdən birində çox miqdarda spirtli içki qəbul etdikdən sonra evinə gəlib.
Onu sakitləşdirməyə çalışan ailə üzvlərinə əsəbiləşən Pərviz Babayev mənzilin pəncərəsinə əli ilə zərbə endirib. Nəticədə şüşə onun qolunu bir neçə yerdən kəsib.
Bu zaman o, çoxlu qan itirib. Xəsarət alan Pərviz Babayevi yaxınları xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq Pərviz Babayev Şəki Rayon Mərkəzi Xəstəxanasında keçinib. Hadisənin təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu