Nəşi tapılan şəhid Mustafayev Qərib Həsrət oğlu sabah Xocavənd rayonunun Qaradağlı kəndində Şəhidlər xiyabanında dəfn olunacaq.
Bizim.Media xəbər verir ki, o, 1962-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində doğulub, Dünyamalılar kənd orta məktəbində təhsil alıb.
Qəribin əslən Qaradağlı kəndindən olan atası Həsrət kişi 1981-ci ildə ailəlikcə yenidən doğma kəndinə Qaradağlıya qayıdıb.
Ermənilərin Qaradağlıya hücumları başlayandan Qərib Mustafayev də Qaradağlı milis (polis) bölməsinin gənc əməkdaşlarından biri kimi kəndin qorunmasında yaxından iştirak edib.
Qaradağlı kəndi 17.02.1992-ci il tarixdə erməni quldur birləşmələri tərəfindən işğal olunduğu zaman kənd sakinləri ilə yanaşı Qərib Mustafayev də "Bəylik Bağı"nda erməni quldurları tərəfindən qətlə yetirilib, şəhid olub.
Ailəli idi, iki övladı yadigar qalıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu