Şəmkirdə bir ailənin üç üzvünün bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Düyərli kənd sakinləri, 1972-ci il təvəllüdlü İ.Hüseynov, həyat yoldaşı 1976-cı il təvəllüdlü Ş.Hüseynova və qızları, 1995-ci il təvəllüdlü N.Qənbərli mübahisə zəminində bıçaq xəsarətləri alıblar.
Bədənlərinin kəsilmiş-deşilmiş yaraları almış zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Onlar dərhal əməliyyat olunublar, vəziyyətlərinin orta ağır qiymətləndirildiyi bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə N.Qənbərlinin keçmiş həyat yoldaşıdır. İddiaya görə, o, şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşına və onun valideynlərinə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu