Əməkdar atrist, xanəndə Nuriyyə Hüseynovanın oğlu könüllü olaraq cəbhəyə yola düşüb. Bu barədə əməkdar artist “Facebook” hesabında paylaşım edib: “Oğlumu cəbhəyə yola saldım. Dualarınızı əskik etməyin”.
Xanəndə ilə əlaqə saxladıq. Bildirdi ki, oğlunu oktyabrın 31-də yola salıb: “Vətən borcu hamı üçündür. Vətənin hər küncü doğmadır. 30 ildir, çox yorulduq. Atəşkəs olsa da şəhidlər gəlirdi. İnsanların psixologiyası korlanırdı. Şükür ki, indi insanların itmiş ümidləri qayıdır. Dövlətimizlə xalqımız birlikdə vətən üçün vuruşur. Xoş xəbərləri səbirsizliklə gözləyirik. İnşallah itirdiyimiz torpaqların hamısını qaytaracağıq. Övladım da qələbə ilə qayıdacaq”.
Qeyd edək ki, xanəndənin oğlu Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq keçmiş travmatoloq-cərrahdır. O hərbi xidmətini də ön cəbhədə keçib. İndi isə hərbi həkim fəaliyyətini cəbhə bölgəsində davam etdirməyə yollanıb.
Təranə Mirzəyeva, Bizim.Media