Xəbər verildiyi kimi, aprel ayının 13-dən etibarən İslam dünyasına müqqəddəs Ramazan ayı gəlir. Bütün müsəlman ölkələri kimi Azərbaycanda da oruc tutanların sayı kifayət qədərdir. Bu il orucluq ayı pandemiya dövrünə təsadüf edir.
Yəni, artıq iki aya yaxındır ki, ölkə əhalisinin peyvəndlənməsi prosesi gedir. Aidiyatı qurumlar deyirlər ki, peyvəndlənmə orucluq ayında da olacaq.
Oruc tutan insanları indidən bir sualın cavabı maraqlandırır: “Peyvənd vurdurmaq orucu pozurmu?”.
İlahiyyatçı Tural İrfan Bizim.Media-ya söyləyib ki, oruc tutmaq günboyu qidalanmaqdan çəkinmək deməkdir.
Əsas mahiyyət ondan ibarətdir ki, insan qidalandırıcı vasitələrdən uzaq olsun:
“Məsələn, yemək-içməklə yanaşı, vitamin qruplarından ibarət olan sistem qoşdurmaq olmaz. Peyvənd isə qoruyucu vasitədir, qidalandırıcı deyil. İnsanın əyninə paltar geyinməsi, soyuqdan özünü qoruması kimi bir vasitədir. Ona görə də vaksin vurdurmağın oruca heç bir adiyyatı yoxdur. Bir sözlə, peyvənd orucu pozmur”.
Gülşanə Mustafayeva, Bizim.Media