Güc strukturlarına prokurorluq, prokurorluğa parlament nəzarəti”¦
Deputat Zahid Oruc Baş Prokurorluq nəzdindəki təhlükəsizlik orqanlarına nəzarət edən qurumun fəaliyyətini tənqid edib. Z.Oruc deyib ki, parlamentin hansısa güc strukturları, hüquq-mühafizə orqanlarına nəzarət etmək funskiyası yoxdur: "Ancaq Baş Prokurorluqda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum var. Bu qurum görəsən indiyə qədər hansı fəaliyyətlə məşğul olub? Görəsən zamanında MTN ətrafında baş verən hadisələri bilib, ona nəzarət edibmi? Əslində bu qurumun bir fəaliyyəti də elə bundan ibarət olmalıdır. Ümumiyyətlə, bir çox nazirliklərin təhlükəsizlik, istintaq qurumları da var. Artıq həmin qurumların ləğv edilməsi zamanı gəlib".
"Bzim Yol" qəzeti Prokurorluğun bu sahədə səlahiyyətini araşdırıb. Deputatın tələbində haqlı olduğu ortaya çıxır. Qeyd edək ki, Baş Prokurorluğun milli təhlükəsizlik və fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi prokurorluq sistemində adı çəkilən orqanlarda ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyəti üzərində qanunvericiliklə prokurorluğa aid edilmiş səlahiyyətləri həyata keçirən struktur qurumdur. İdarənin əsas vəzifə və funksiyalarına həmin təşkilatların istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyəti üzərində Konstitusiya, "Prokurorluq haqqında" Qanun, Cinayət-Prosessual Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş hallar və qaydada prokuror nəzarətini təşkil edib həyata keçirmək, onun təkmilləşdirilməsi üçün qanunların icra vəziyyətini öyrənib ümumiləşdirmək, təkliflər vermək, metodiki tövsiyələr hazırlamaq, hesabatlar tərtib etmək, qanunvericilik aktları layihələrinin hazırlanmasında iştirak etmək, milli təhlükəsizlik, fövqəladə hallar və dövlət sərhəd xidməti orqanlarının təhqiqatçı və müstəntiqlərinin icraatında olan cinayət işləri və materiallar üzrə cinayət təqibini təmin etmək məqsədi ilə təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirmək, qanunların tətbiqinə və icrasına nəzarət etmək daxildir. Prokurorluqda eyni zamanda daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi, ədliyyə və vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi də fəaliyyət göstərir.
İttihamı sübutetmə vəzifəsi prokurorun üzərinə düşür
"Prokurorluq haqqında" Qanuna görə Prokurorluğun fəaliyyətinin əsas prinsiplərini hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqları, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, siyasi bitərəflik təşkil edir. Qanunun 18-ci, "Təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət" maddəsinə görə prokuror təhqiqat orqanlarının fəaliyyətində qanunların eyni cür, dürüst icrası və tətbiqini təmin etmək məqsədilə cinayətlər, digər qanunazidd hərəkətlər barədə təhqiqat orqanlarına daxil olmuş ərizə və məlumatların qeydə alınması, onlara baxılması, müvafiq tədbirlər görülməsinə dair qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl edilməsi, təhqiqat orqanları tərəfindən qanunlarda nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi və bu fəaliyyət prosesində qəbul olunan qərarların qanuniliyinə nəzarəti həyata keçirir. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarət baş prokurorurun səlahiyyətindədir. Prokuror əməliyyat-axtarış fəaliyyətinə dair qanunların tələblərinin əməliyyat-axtarış orqanları tərəfindən icrasını təmin etmək məqsədi ilə bu orqanların həyata keçirdiyi tədbirlərin reallaşması və onların qəbul etdiyi qərarların qanuniliyi üzərində nəzarəti həyata keçirir. Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin predmetinə aid məsələlər "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunla müəyyən edilir. Hakimlərin müstəqilliyi və onların qanuna tabe olması prinsipinə əməl edilməklə prokurorlar prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayda və hallarda məhkəmələrdə cinayət işlərinə birinci instansiya, apellyasiya və kassasiya qaydasında baxılmasında tərəf kimi iştirak edir, rəy verir, dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı qismində iştirak edir, məhkəmə qərarlarından protest verir. Ədalət mühakiməsinin həyata keçirilməsində ittihamı sübutetmə vəzifəsi prokurorun üzərinə düşür. Toplanmış sübutlarla ittiham təsdiq edilmirsə və imtinaya əsaslar varsa, prokuror ittihamı müdafiə etməkdən tam və ya qismən imtina edir. Ədalət mühakiməsinin həyata keçirilməsində prokurorun səlahiyyətləri prosessual qanunvericiliklə müəyyən edilir.
Qanunun şərhinə ehtiyacı yoxdur, prokurorluq, onun struktur qurumları ibtidai istintaqdan başlamış, məhkəmə qərarının verildiyi günə qədər bütün proseslərə nəzarət edir və qeyd olunduğu kimi ittihamı sübutetmə vəzifəsi prokurorun üzərinə düşür. "MTN işi"ndə də rəsmi verilən məlumata görə xeyli sayda sahibkarın "başına oyun" açılıb. Malı-mülkü əlindən alınan vətəndaşlar da olub, yersiz ittiham edilən, həbsə atılan, şantaj edilən və s., amma nəzarət etməli olan qurumda bütün bunları "görməyiblər". Qanunun 20-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində prokurorluqda ərizə, şikayət və müraciətlərə baxılır, vətəndaşların qəbulu həyata keçirilir. Cinayət barədə müraciətlərə təxirəsalınmadan baxılır. Bu hallarda müvafiq prokuror səlahiyyətləri çərçivəsində ərizədə göstərilən faktların yoxlanılması məqsədilə dövlət orqanları və ya audit təşkilatlarından mütəxəssisin ayrılmasını təmin edir, araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərar qəbul edir. Anonim ərizə, şikayət və müraciətlərə baxılmır. Prokurorluğa işə qəbul olunmuş əməkdaş Konstitusiya və qanunlara əməl edəcəyi, öz vəzifələrini layiqincə yerinə yetirəcəyi, xidməti sirri qoruyacağı, prokurorluq işçisinin şərəf və ləyaqətini uca tutacağına and içir.
Əməliyyat-axtarış fəaliyyəti baş prokurora tabedir
Yuxarıda "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanundan bəhs edildi. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən qanunların icrasına nəzarəti baş prokuror və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi barədə materiallar, məlumatlar və ya vətəndaşların yazılı ərizələri daxil olduqda, əməliyyat-axtarış tədbirlərinə dair müəyyən olunmuş qaydalar və qəbul olunmuş qərarların qanuniliyi yoxlanıldıqda, prokurorların sorğuları əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsaslarına dair sənədləri təqdim etməlidirlər. Cinayət məsuliyyətinə cəlb olunması halları istisna edilməklə, cinayətkar qruplar və ya kriminogen obyektlərə daxil olmuş şəxslərin, əməliyyat-axtarış subyektlərinin ştatdankənar və məxfi əməkdaşlarının şəxsiyyəti haqqında məlumatlar onların yazılı razılığı olduqda qanunvericiliklə müəyyən edilmiş qaydada prokuror nəzarətinin subyektinə təqdim edilə bilər. MTN-də "əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun sadalanan müddəaları dəfələrlə pozulub, amma prokurorluq yenə səssiz qalıb.
Deputat çıxışında deyib ki, Parlamentin hansısa güc strukturları, hüquq-mühafizə orqanlarına nəzarət etmək funskiyası yoxdur. Əslində isə tam tərsinə, Parlamentin belə bir səlahiyyəti mövcuddur. "Prokurorluq haqqında" Qanunun VIII, Prokurorluğa nəzarət fəslinin 43-cü, "Parlament nəzarəti" maddəsinə görə Azərbaycan Respublikasının Baş prokuroru prokurorluğun fəaliyyəti haqqında, istintaq edilən cinayət işləri istisna olmaqla, Milli Məclisə məlumat verir. Prokurorluğun güc strukturlarının işinə, Parlamentin isə Prokurorluğun fəaliyyətinə nəzarət funksiyası var. Beləliklə, Parlament dolayısıyla güc strukturlarına nəzarət edir. 44-cü maddə Prokurorluğa dövlət başçısının nəzarətini özündə ehtiva edir. Baş prokuror dövlət başçısına prokurorluğun fəaliyyəti haqqında mütəmadi olaraq məlumat verir. Prokurorluğa məhkəmə nəzarətini də qanun tənzimləyir. Belə ki, Konstitusiyada nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarını məhdudlaşdıran prosessual hərəkətlərin prokurorluq tərəfindən həyata keçirilməsinə qanunla müəyyən edilmiş qayda və hallarda məhkəmənin qərarına əsasən yol verilir. (bizimyol.infp)