Xəbər verdiyimiz kimi, son günlər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına silah, texnika, hətta əlavə qüvvələr toplanır. Məlumata görə, hər gün bazaya bir neçə rus yük təyyarəsi enir.
Bununla paralel olaraq, İrəvan ABŞ-la növbəti birgə hərbi təlimlərə də start verəcək. 12-20 avqust tarixlərində Ermənistanda “Eagle Partner – 2025” adı altında Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək. Təlimlərdə Ermənistanın sülhməramlı briqadasının şəxsi heyəti, habelə ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı briqadalı və Kanzasda yerləşən Milli Qvardiyanın hərbçiləri iştirak edəcək. Görünən odur ki, seçkilər yaxınlaşdıqca Ermənistanda böyük güclər daha da aktivləşir.
Ermənistan böyük güclərin toqquşma meydanına çevrilir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, İrəvan bir neçə stulda oturmaq istəyir və onun bu seçiminə də bütün ölkələr normal yanaşırlar:
“Məsələ ondadır ki, əksər postsovet dövlətləri, hətta KTMT-yə üzv olan ölkələrin, o cümlədən Ermənistanın da NATO ilə təmasları var. Hətta onlar NATO-nun “sülh naminə tərəfdaşlıq” proqramında da iştirak ediblər. Yəni bunlar bir-birini istisna etmir. Yalnız bir neçə postsovet ölkəsi özlərinin NATO-ya üzvlükdə israr edirdi. Bunlar Ukrayna, Gürcüstan və Moldovadır. Amma onlarla bağlı proseslərin necə inkişaf etdiyi də göz qabağındadır. Onların NATO arzusu reallaşmadı”.
Ermənistana gəldikdə, ekspertin fikrincə, bu ölkə o dərəcədə yararsız subyektdir ki, nə onun özünün müqəddəratı, nə də xarici siyasi paradiqmalarının nəyə bağlı olduğu bəlli deyil:
“İrəvan bütün stullarda oturmaq istəyir və onun bu seçiminə də bütün ölkələr normal yanaşır. Bilirlər ki, Ermənistan problemli məmləkətdir, digər tərəfdən, özünü sığortalamaq üçün daim öz yükünü kimlərinsə üzərinə atmağa çalışır.
Ermənistan müxalifəti Moskva ilə münasibətləri düzəldib, Azərbaycana zərbə endirməyi düşünür:
İndi Rusiya ilə Azərbaycan arasında nisbətən soyuq münasibətlər yaranıb. Ermənistandakı indiki müxalifət isə çalışır ki, Rusiya ilə münasibətlərini düzəldib, bununla da Azərbaycana zərbə endirsinlər. Rusiyanın Ermənistanla bağlı planları var və hələlik onun şıltaqlığına göz yumur”.
T. Abbasov düşünür ki, Ermənistanın dəqiq seçim etmək məcburiyyətində qalacağı həssas məqam artıq yetişə bilər:
“Seçkilər yaxınlaşdıqca Paşinyan çalışacaq ki, çoxsaylı manevrlərdən istifadə etsin. Buna onun imkanları var. Paşinyan kilsəyə güc göstərirsə, deməli nəyəsə güvənir.
Bu mənada Gümrüyə göndərilən əlavə qüvvə və silahların, habelə ABŞ-la birgə keçirilən hərbi təlimlərin bilavasitə hər hansı bir risk oyadacağını düşünmürəm. Əlbəttə ki, potensial baxımdan risk yarada da bilər”.
Rüfət Sultan, Bizim.Media