Dünya dəyişir. Yeni reallıqlar ortaya çıxır və reallıqlar fonunda dünyada yeni güc mərkəzləri formalaşır.
Artıq dünya yalnız ABŞ, Aİ və yaxud Rusiya ətrafında fırlanmır. Bir sıra ölkələr sözün həqiqi mənasında müstəqil və suveren hüquqlara sahib dövlət kimi çıxış etmək istəyir.
Təbii ki, belə dövlətləri göz önünə gətirdikdə, ilk sırada Azərbaycan dayanır. Həqiqətən də Azərbaycan son 5 ildə uğurlu bir trayektoriya cızıb. Həm ərazi bütövlüyünü, həm də suveren hüquqlarını bərpa edib. Üstəlik Azərbaycan regional oyunçu kimi ötən hər gün gücünə güc qatır. Bu da təbii ki, yeni reallıqlar yaradır.
Yeni reallıqlar nələr diqtə edir?
Təsadüfi deyil ki, Cənubi Qafqaz regionunda çox ciddi geosiyasi proseslər baş verməkdədir.
Nəzərə alaq ki, Yaxın Şərqin xəritəsində ciddi dəyişiklik olmasa da, orada gedən proseslərdə mərkəzi hakimiyyətlərin rolu azalır və daha çox dini və etnik qruplar önə çıxır və onların hakimiyyət bölgüsünə təsirləri güclənir. Milli maraqlar etnik qrup maraqlarının kölgəsində düşür.
Təbii ki, Yaxın Şərqdə baş verənlər digər ölkələrə bir örnək, bir dərsdir. Bu proseslər birbaşa və dolayısı digər regionlara təsir etməkdədir. Çünki bölgədə baş verənlər təkcə İsrail, Fələstin və Livan üçün problemlər yaratmır, bütövlükdə 30-a yaxın region ölkələri üçün təhdidə çevrilir. Bu mənada yeni təhdidlərə hazır olmaq və ona cavab vermək üçün, Cənubi Qafqaz regionunda sərhədlərin təhlükəsizliyinin təmin edilməsi və sabitliyin davam etməsi üçün vacib məsələlərdən biri də Qafqaz birliyinin yaradılmasıdır.
Lakin Qafqaz evinin yaradılmasına əngəl olan kifayət qədər güclər var. İlk növbədə Rusiya Cənubi Qafqazda davamlı sülh və sabitlik istəmir və bölgəyə özünün “arxa baxçası” kimi baxır. Bununla belə vəziyyət Rusiyanın maraqlarının əksinə olaraq dəyişir. Bu gün Azərbaycanı Rusiyadan asılı vəziyyətə salacaq əsaslı bir faktor yoxdur. İki ölkə arasında sadəcə ticari əlaqələr var. Halbuki 5-6 il əvvəl Qarabağdakı separatçı qüvvələr Rusiyanın əlində Azərbaycana qarşı bir dəyənək idi. Lakin bu gün bu dəyənək yoxdur. Ona görə də Rusiyanın ölkəmizə qarşı təzyiq imkanları böyük ölçüdə aradan qalxıb.
Ermənistan-Rusiya münasibətləri də hər kəsə aydındır. Qərbə sığınan Paşinyan hakimiyyəti Rusiyanın təzyiqlərindən qurtulmaq üçün davamlı yollar axtarır. Bəzi hallarda buna nail də olur. Artıq Moskva İrəvana birbaşa göstəriş verə bilmir.
Gürcüstana gəldikdə isə mənzərə bir qədər fərqlidir. Rusiya Gürcüstan ərazisininin 20 faizini işğal altında saxlayır və bundan Tiflisə qarşı təzyiq vasitəsi kimi faydalanmağa çalışır. Lakin artıq bu təzyiqlərin də təsiri azalır. Və bu gün Gürcüstan höküməti daha müstəqil siyasət yürüdür. Və Qərbdən və Rusiyadan əlini üzərək regional əmkdaşlığa üstünlük verir.
Nəzərə alaq ki, Gürcüstanın Azərbaycanla çox ciddi iqtisadi, sosial-mədəni əlaqələri var. Əslində bu ölkənin varlığı bu gün daha çox Azərbaycandan asılıdır. Ona görə də Gürcüstan Qərbə və Şimala yox, Azərbaycana baxır.
O ki, qaldı Ermənistan-Azərbaycan münasibətlərinə...
Son bir ayda baş verənlər bu sahədə daha nikbin danışamağa əsaslar yaradır. İyunun 20-də Paşinyanın Türkiyə səfəri buzları əritməyə başladı. Bunun ardınca Əbu-Dabidə İlham Əliyevlə Nikol Paşinyanın vasitəçilərsiz görüşü daha nikbin olmağa əsas verir. Nəzərə alaq ki, Azərbaycan və Ermənistanın sülh razılaşmasına yaxınlaşması, demək olar ki, bir çox məsələdə mövqelərin uzlaşdırılması və ya yaxınlaşdırılması bizi Qafqaz birliyinə daha da yaxınlaşdırır. Paralel olaraq Gürcüstanın Azərbaycan-Ermənistan sülh gündəliyinə dəstəyi və rəsmi Tiflisin regional formatlar çərçivəsindəbirliyə hazır olması da önəmlidir.
“Cənubi Qafqaz” birliyi yaradılır?
Burada mədəni birlikdən söhbət gedir. Məsələn, sərhəd mühafizəsi, təhlükəsizlik, kəşfiyyat və əks-kəşfiyyat sahəsində operativ informasiya mübadilələrini, bir-birinin daxili işinə qarışmadan terror, separatizm, dini radikalizm kimi meyillərə qarşı birgə və sərt mübarizə aparıla bilər.
Bunun üçün də ilkin zəmin var. Çünki, hal-hazırda Cənubi Qafqazda silahlar susub və onların yerini diplomatlar tutub. Halbuki digər regionlarda isə diplomatlar silahların kölgəsində fəaliyyət göstərirlər.
Təbii ki, Cənubi Qafqazda davam edən diplomatik təmaslar Rusiyanı və Qərbi ciddi narahat edir. Lakin narahatlıqlarını gizlətmək məcburiyyətində qalan həm Qərb, həm də Rusiya sözdə təmasları “alqışlayır”. Məsələn, Əbu-Dabi görüşü başa çatar-çatmaz Qərbdən və Rusiyadan maraqlı bəyanatlar səsləndi.
Məsələn, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper
Bizim.Media-ya deyib ki, Əbu-Dabidə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən görüşü alqışlayır.
Tarixi görüşə Avropa İttifaqının münasibəti haqqında danışan Hipper, normallaşma prosesində atılan bütün addımların Aİ tərəfindən dəstəkləndiyini bildirib.
Əbu-Dabi müzakirələri ilə bağlı ABŞ Dövlət Departamenti də mövqeyini açıqlayıb. Bizim.Media-nın sorğusunu cavab olaraq Dövlət Departamentindən bildirilib ki, ABŞ Cənubi Qafqazda sülhü dəstəkləyir:
“Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitliyin təşviqi səylərini dəstəkləyir”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da oxşar açıqlama ilə diqqət çəkib:
“Rusiya Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu alqışlayır”.
Əslində bu reaksiyalar onu göstərir ki, həm Qərb, həm də Rusiya Cənubi Qafqazda baş verən pozitiv dəyişikliklərdən çox narahatdır. Lakin siyasi riyakarlıq edərək əsl simalarını və niyyətlərini gizlədirlər.
Amma bir həqiqət var ki, Cənubi Qafqazda yeni reallıqlar formalaşır. Yeni reallıqda isə nə Rusiya, nə də Qərb nəzərə çarpmır. Üç cənub ölkəsi nəhayət ki, uzun fasilədən sonra ortaq maraqlar üçün bir araya gəlmək üçün yola çıxırlar.
Surxay Atakişiyev, Bizim.Media