Hakimiyyətə gələndən bəri siyasi kursundan çox şəxsi həyatı ilə diqqət mərkəzində olan Fransa prezidenti Emmanuel Makron son günlərdə də gündəmi zəbt edib.
Özündən xeyli böyük olan xanımı ilə evliliyi onsuz da ictimaiyyətdə yuxarı dairələrdən tutmuş, məhəllə söhbətlərinə qədər müzakirə olunan Makronun imici son zamanlarda tamamilə sarsılıb.
Keçmiş müəlliməsinin elə indi də bu boyda Fransanın prezidentini şagird gözündə görməsindəndir ki, adam özünü hər dəfə pis aparanda qulaqburmasına keçir.
Küncə qoyulmuş bu şagird isə hər dəfə dünya miqyaslı tədbir və görüşlərdə burnunu sallayıb cəzasını qəbul edir.
Bricit Makronun dövlət tədbirlərindəki qəribə davranışları və dəfələrlə ictimaiyyət arasında ərinə qarşı hörmətsizliyi, 73 yaşlı qadının cavan qız kimi bir barışıb, bir küsməsi əlbəttə birinci xanıma yaraşacaq hərəkətlər deyil. Böyük ehtimalla, dünyanın əksər birinci xanımları ailələrində bəlkə də daha betər şəxsi problemlər yaşayırlar, amma ərləri olan dövlət başçısının imicinə xələl gətirmirlər.
Fransa prezidentinin evindən başlayan biabırçılıq
Bir tərəfdən Bricitin cinsiyyəti ilə bağlı ortaya atılmış iddialar da ölkənin nüfuzunu yerləbir edir. Düzü bunun Makronu gözdən salmağa yönəlik addım olduğu aydındır. Çünki qadının 3 uşaq anası olması və bu uşaqların doğum tarixi, hansı xəstəxana doğulmasına dair rəsmi qeydlər var.
Bu da birinci xanımın Soltan bəy demiş, “arvad olmağına arvaddır, özü də xalisindən” fikrini təsdiqləyir. Hələ üstəlik bunu ABŞ prezidenti, indiyədək neçə-neçə gözəllik yarışmaları keçirmiş, modellərlə çalışmış, başqa sözlə qadın bilicisi olan Donald Tramp da təsdiqləyir. İndi Makronun arvadının cinsiyyətinə Tramp necə başıyla cavabdehdir, o ayrı məsələ, amma əsas odur ki, şahid tapılıb.
Öncə may ayında Makronun xanımı ilə Vyetnama səfəri zamanı yaşanan gərginlik dünyanın ağzını açıq qoydu. Həmin vaxt Bricit Makron təyyarədən enərkən ərinin üzünə şillə vurmuşdu.
Bu yaxınlarda isə Birləşmiş Krallığa səfəri zamanı onu qarşılayan Makronun əlini tutmaqdan imtina etdi. Makron əlini həyat yoldaşına uzatsa da, Bricit buna məhəl qoymadı və tutacaqlardan yapışıb düşdü. Prezident isə naəlac qalıb əlini geri çəkdi.
Daha sonra elə Böyük Britaniyada kral ailəsi ilə gəzinti zamanı arvadı Emmanuelə əlini verməkdən imtina etdi.
Bütün bunlar cütlüyün arasında əməlli-başlı soyuq yellər əsdiyini göstərir. Amma bu güclü yellərlə əlaqədar artıq Fransanın dünyadakı nüfuzu üçün əməlli-başlı qırmızı həyəcan siqnalı çalınır.
Şəfiqə Şəfa, Bizim Media