Xəbər verdiyimiz kimi Fransada Yeni Kaledoniya ərazisində yeni dövlətin yaradılması haqqında saziş imzalanıb. Razılaşma Yeni Kaledoniyaya muxtariyyətin verilməsini, ayrı vətəndaşlığın yaradılmasını, habelə beynəlxalq münasibətlər sahəsində səlahiyyətlərin ötürülməsini nəzərdə tutur. Növbəti mərhələlər isə bu razılaşmanın Fransa parlamentində səsverməyə çıxarılması və adalarda referendumun keçirilməsi olacaq.
Məsələ ilə bağlı Fransa Prezidenti Emmanuel Makron bəyanat verib. Bəyanatda deyilir ki, Yeni Kaledoniya Fransiyanın tərkibində ayrıca bir dövlət statusu əldə edəcək. Onun sözlərinə görə, bu qərar Paris rəhbərliyi ilə Yeni Kaledoniyanın yerli deputatları arasında əldə edilmiş razılaşma əsasında qəbul olunub.
MÖVZU İLƏ BAĞLI:
Bakı Makronu danışıqlar masasına oturmağa MƏCBUR ETDİ
Tərəflər arasında imzalanan sənəd vətəndaşlığın tətbiqi, beynəlxalq siyasətdə daha geniş səlahiyyətlər, eləcə də daxili idarəetmədə muxtar statusun gücləndirilməsi kimi müddəaları nəzərdə tutur.
Bu plan Fransa parlamenti tərəfindən təsdiqləndikdən sonra, 2026-cı ildə Yeni Kaledoniyada referendum vasitəsilə xalqın iradəsinə təqdim olunacaq.
Müstəmləkənin tarixi
Yeni Kaledoniya Fransanın 17 min kilometr uzaqlığında yerləşən və "xarici ərazi" statusuna malik olan bir müstəmləkəsidir. Fransızlar Yeni Kaledoniyanı 1853-cü ildə işğal ediblər. III Napoleon ərazini imperiyanın bir hissəsi elan etdikdən sonra adanı cəzaçəkmə koloniyasına çevirib. Artıq 170 ildir ki, Fransa bu ada dövlətinin maddi-mənəvi sərvətlərini vəhşicəsinə talan edir.
Təbii ki, kanak zülmə və istismara qarşı hər zaman mübarizə aparıb. Xüsusilə də, kolonialistlərin yerli əhalini sıxışdırması ötən əsrin 80-ci illərində adada vətəndaş müharibəsinin baş verməsinə səbəb olub.
Uzun müddət davam edən toqquşmalarda 90-a yaxın şəxs həyatını itirib. Nəhayət 1988-ci ildə əldə olunan Matinyon Udino və 1998-ci ildəki Numea razılaşmaları ilə gərginliyə son qoyulub. 20 ilə yaxın müddətdə adada sakitlik hökm sürüb.
Mübarizədə yeni səhifə
Son illərdə, xüsusən də Emmanuel Makronun hakimiyyəti dövründə adada yenidən gərginlik artıb. Belə ki, Makron əvvəlki razılaşmaları heçə sayaraq Fransa müstəmləkəçiliyini ən sərt formada tətbiq etmək taktikasına əl atıb. Makron hakimiyyəti ilk növbədə Numea razılaşmasını pozmaqla kanakların hüquqlarını kobud şəkildə tapdayıb.
Belə ki Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada on ildən artıq yaşayan şəxslərə seçkilərdə səs vermək imkanı verən qanun layihəsini qəbul etdi. Üstəlik, bu addım Fransanın adaya köçürdüyü kolonialistlərə səs vermək imkanı yaratmaqla, kanak xalqının hüquqlarına mane olmaq cəhdi idi.
Təbii ki, kanaklar Makronun kolonializmi gücləndirmək planı ilə razılaşmadı. Fransanın müstəmləkəçilik siyasətini davam etdirmək cəhdinə etiraz olaraq, kanak xalqı bu 2024-cü ilin may ayında etiraz aksiyalarına başladı. Lakin Makron rejimi haqsız qərarından geri addım atmaq yerinə, dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etmək variantını seçdi.
Fransa Prezidentinin 15 mayda imzaladığı fərmanlarla Yeni Kaledoniyada hərbi vəziyyət elan olundu. Üstəlik adaya qoşun yeridildi. Nəticədə hüquq-mühafizə orqanlarının zorakı davranışları nəticəsində 13 nəfər həyatını itirdi, 100-lərlə insan yaralandı, çox sayda infrastruktur obyektləri dağıdıldı.
Digər tərəfdən, Fransanın hərbi vəziyyət rejimi nədənsə adadakı Avropa mənşəli şəxslərə aid edilmədi. Ona görə də, silahlı milislər də hüquq-mühafizə orqanları ilə birlikdə kanaklara qarşı hücuma keçdilər.
Beynəlxalq Dekolonizasiya Cəbhəsi
Fransanın müstəmləkəçilik siyasətinə qarşı ən aktiv və davamlı mübarizə aparan dövlətsə təbii ki, Azərbaycandır. Azərbaycan bütün instansiyalarda və platformalarda müstəmləkəçiliyə və insan haqlarının pozulmasına qarşı qətiyyətlə mübarizə aparır. Bu məqsədlə 6 iyun 2023-cü ildə Bakı Təşəbbüs Qrupu (BTQ) yaradıldı. BTQ dekolonizasiya və insan hüquqları sahələrində beynəlxalq tərəfdaşlıqların inkişafını dəstəkləyən beynəlxalq qeyri-hökumət təşkilatıdır.
Təşkilatın təsis kondransında Martinika, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna, Solomon adalarının nümayəndələri iştirak edib.
Təşkilatın əsas hədəfi Fransanın müstəmləkəçilik siyasətini sonlandırmaqdır. Təsadüfi deyil ki, yarandığı ilk gündən BTQ öz missiyasını uğurla icra edib və Fransanın zülmü altında əziyyət çəkən xalqlara davamlı davamlı dəstək göstərib. Bu dəstəyin daha təkmil fornnada həyata keçirilməsi üçün 2024-cü ilin iyununda Beynəlxalq Dekolonizasiya Cəbhəsi yaradıldı. Təsis yığıncağında Fransanın son koloniyalarının nümayəndələri iştirak etdi.
Etiraf etmək lazımdır ki, BTQ və Beynəlxalq Dekolonizasiya Cəbhəsi qısa zamanda çox böyük uğurlara imza atıb. Fransanın son koloniyalarında aparılan təşkilanma və siyasi maarifləndirmə yerli xalqlarda mübarizə ruhunu artırdı. Son bir ildə Fransanın bütün kaloniyalarında etirazlar, müxtəlif aksiyalar keçirilib. Həmin aksiyalarda bir qayda olaraq Azərbaycanın üçrəngli bayrağı da dalğalanıb.
BTQ-nin qətiyyəti Fransanın planlarını pozdu.
Təşkilatın apardığı iş hesabına bütün kaloniyalarda azadlıq hərəkatı başladı. Bu hərəkətaın öndərlərindən biri də Yeni Kaledoniya oldu. Bütün təzyiqlərə, təqiblərə baxmayaraq kanak xalqı sona qədər mübarizə apardı və ilk böyük qələbəsini qazandı.
Amma bu qələbə təkcə kanak xalqının uğuru deyil. Bu həm də Azərbaycanın qətiyyətinin təntənəsidir. Rəsmi Paris Bakıya qarşı yürütdüyü qərəzli siyasətin artıq ilkin cavablarını alır. Yeni Kaledoniya məsələsində Makronun geri addım atması və muxtariyyəti qəbul etməsi bunun sübutudur.
Azərbaycan prinsipial mövqe və davamlı səylər hesabına Beynəlxalq arenada növbəti diplomatik qələbəsini qazandı.
Görünən odur ki, Fransa artıq Bakı qarşısında diktə edən yox, geri çəkilən tərəfdir. Çünki Azərbaycanın müstəqil və ədalətli xarici siyasəti Fransanın ikili standartlarını ifşa edir və onu geri addım atmağa zorlayır.
Bu mənada Yeni Kaledoniyanın dövlətçiliyə doğru atdığı bu addım yalnız bölgə üçün deyil, həm də qlobal müstəmləkə irsindən qurtulmaq istəyən xalqlar üçün ilhamverici bir nümunədir.
Azərbaycanın bu məsələdə qətiyyəti isə xalqların suverenliyinə verilən prinsipial və ədalətli yanaşmasının təcəlləsidir.
Surxay Atakişiyev, Bizim.Media