Xəbər verildiyi kimi Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Brüsselə işgüzar səfərə gedib.
Onun burada Avropa İttifaqı (AI) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə üçtərəfli görüşü başlayıb.
Paşinyan həmçinin Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos və Belçikanın Baş naziri Bart de Vever ilə görüşəcək.
Mövzü ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Paşinyanın Brüssel səfəri Ermənistanın xarici siyasətində kritik bir dönüş nöqtəsini əks etdirir:
MÖVZU İLƏ BAĞLI:
Brüsselə baxan Ermənistan - Paşinyan Aİ rəsmiləri ilə masaya oturdu
“Rəsmi olaraq, səfərin məqsədi Ermənistan-Avropa İttifaqı əlaqələrini dərinləşdirmək, regional təhlükəsizlik məsələlərini müzakirə etmək və iqtisadi əməkdaşlığı genişləndirmək kimi qeyd olunur. Lakin, bu səfərin əsasında, Ermənistanın Qərbə doğru strateji meyli və Rusiya ilə münasibətlərindəki gərginlik dayanır. Paşinyan Brüsseldə Ermənistanın "demokratik dəyərlərə sadiq qalaraq" Qərblə inteqrasiya arzusunu vurğulayacaq, lakin bu bəyanatların arxasında ciddi bir reallıq gizlənir”.
Ekspert qeyd edir ki, Ermənistanın illərdir davam edən işğalçı siyasəti və beynəlxalq hüquqa zidd addımları ölkəni regionda təcrid olunmuş vəziyyətə salıb.
Brüssel səfəri bu təcridi qırmağa, yeni müttəfiqlər tapmağa və Qərbdən maliyyə-siyasi dəstək almağa hesablanmış bir cəhddir:
“Təəssüf ki, Ermənistan hələ də keçmiş səhvlərindən dərs çıxarmayıb. Ölkənin daxilindəki radikal qüvvələrin fəaliyyəti, revanşist ideyaların geniş yayılması və Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınmaq meyli Paşinyanın Brüsseldə verəcəyi vədləri şübhə altına alır”.
Həmsöhbətimiz bu qənaətdədir ki, Brüssel Ermənistana açıq şəkildə regional sülhə sadiqlik, Azərbaycanın ərazi bütövlüyünün tanınması və konstruktiv dialoqun davam etdirilməsi şərtlərini irəli sürə bilər:
“Əgər Ermənistan rəhbərliyi bu şərtləri yerinə yetirməsə, səfərin konkret nəticələri məhdud olacaq. Ən yaxşı halda, Paşinyan Qərbdən bəzi siyasi dəstək bəyanatları və simvolik maliyyə yardımı ilə qayıda bilər. Lakin, bu, Ermənistanın üzləşdiyi dərin iqtisadi və siyasi problemləri həll etmək üçün yetərli deyil”.
T. İsmayılov bildirir ki, Brüssel səfəri Paşinyan üçün daxili auditoriya qarşısında "Qərb dəstəyi" görüntüsü yaratmaq fürsəti olsa da, əslində ölkənin gələcəyi üçün real bir yol xəritəsi təqdim etməyəcək:
“Ermənistanın əsl tərəqqisi yalnız işğalçı siyasətindən tamamilə imtina etməsi və regionda sülhə əsaslanan əməkdaşlıq münasibətləri qurması ilə mümkün olacaq”.
Rüfət Sultan, Bizim.Media