Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş baş tutacaq.
Bizim.Media xəbər verir ki, görüş ərəfəsində intensiv hazırlıqlar davam etdirilir.
Danışıqların yaxın vaxtlarda başlanacağı gözlənilir. Görüşdə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına aparan prosesi sürətləndirmək üçün atılacaq addımların müzakirə ediləcəyi ehtimal olunur.
Eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, nəqliyyat-kommunikasiya xəttlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası kimi vacib məsələlər də gündəmdə olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 iyul tarixində işgüzar səfərlə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəlib. Elə həmin gün Əbu-Dabidə Prezident İlham Əliyev ilə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında görüş keçirilib. Bu görüşdə də regional əməkdaşlıq, iqtisadi layihələr və Azərbaycanın BƏƏ ilə əlaqələrinin inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İki lider arasında müzakirələrin məhsuldar keçdiyi bildirilir.
Bizim.Media