Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Misir Ərəb Respublikası Mülki Müdafiə Baş İdarəsinin baş direktoru Nazim Faruq Əbdülhəmid Məhəmməd Əbdülkərim, Tacikistan Respublikası Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin sədri Rəcəbəli Rəhmonəli, Qətər Dövləti Mülki Müdafiə Departamentinin baş direktoru Həməd Otman Aldeha və Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən Bizim.Media-ya verilən məlumata görə, qonaqları Bakıda salamlamaqdan məmnunluq ifadə edən K.Heydərov ölkəmizin təbii və texnogen fövqəladə hallarla mübarizə istiqamətində xarici tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsində hər zaman maraqlı olduğunu xatırladıb.
Bu mənada Azərbaycan Fövqəladə Hallar Nazirliyinin digər ölkələrin uyğun qurumları ilə istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar, xüsusilə BMMT çərçivəsində əlaqələrin inkişafının qarşılıqlı faydası vurğulanıb.
Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mülki müdafiə və əhalinin fövqəladə hadisələrdən qorunması sahəsində görülən uğurlu işlərdən danışıb, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib.
Qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar BMMT-nin İcraiyyə Şurasının 58-ci sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.
Görüşlərdə BMMT çərçivəsində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri geniş müzakirə edilib, ölkələrimizin uyğun qurumları arasında əməkdaşlıq münasibətlərinin inkişafı baxımından Bakıda keçirilən sessiyanın əhəmiyyəti vurğulanıb.
Həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bizim.Media