ABŞ prezidenti Donald Tramp BRICS siyasətini dəstəkləyən dövlətlərə qarşı əlavə 10 faizlik ticarət rüsumlarının tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.
"BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkəyə qarşı 10 faiz əlavə rüsumlar tətbiq ediləcək. İstisna olmayacaq", - Tramp qeyd edib.
Xatırladaq ki, Azərbaycanda bu yaxınlarda BRİCS-ə üzv olmaq üçün müraciət edən ölkələrdəndir. Düzdür, BRİCS-in 2024-cü ilin oktyabrında Rusiyanın Kazan şəhərində keçirilən sammitində Azərbaycan da daxil bir sıra ölkələrin üzv olmaq təklifinə hələlik müsbət cavab verilməyib.
Onu da qeyd edək ki, Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi elə də böyük deyil. Azərbaycanın ABŞ-a ixracı 150 milyon dollar ətrafındadır. İdxalın həcminə gəldikdə, ölkəmiz ABŞ-dan 2024-cü ilin məlumatına görə, 1,61 milyard dollarlıq məhsul gətirib.
BRICS siyasətini dəstəkləyən ölkələrə ABŞ əlavə rüsumlar tətbiq etsə, bu Azərbaycana necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, bu siyahıda Azərbaycanın da hədəfdə olub-olmayacağından asılı olmayaraq, sözügedən rüsum tətbiqinin Azərbaycan iqtisadiyyatı və ixrac potensialına heç bir təsiri olmayacaq:
“ABŞ dünya iqtisadiyyatının flaqmanı, başlıca maliyyə mərkəzi olsa da, Azərbaycanın ticarət tərəfdaşları arasında bu ölkənin xüsusi çəkisi yoxdur. 2024-cü il ərzində Azərbaycanın ABŞ-la ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilə nisbətdə 1,9 dəfədən çox artaraq 1,75 milyard dolları keçib. Azərbaycandan Amerikaya ixrac cəmi 135 milyon dollar olub. ABŞ-dan ölkəmizə idxal isə 1,61 milyard dollar təşkil edib.
2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı cəmi 3,68 faiz təşkil edib. Bu baxımdan Azərbaycandan ixrac olunası məhsullara 10 faizlik əlavə rüsumların tətbiqinin ölkəmizin iqtisadiyyatına heç bir təsiri olmayacaq. Bu sanksiya deyil ki, hansısa ölkəyə tətbiq olunsun. Rüsumlar 10 faiz yuxarı-aşağı bütün dünyaya tətbiq olunur. O baxımdan da belə bir addımın Azərbaycan iqtisadiyyatına, ixrac potensialına ümumiyyətlə heç bir təsiri olmayacaq.
Rüfət Sultan, Bizim.Media