Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova Yekaterinburda baş vermiş hadisə ilə bağlı ölkəsinin Baş Prokurorluğuna müraciət edib.
Bizim.Media xəbər verir ki,bu barədə Tatyana Moskalkova öz teleqram kanalında məlumat yayıb.
Moskalkova deyib ki, Rusiya Federasiyasının Baş Prokurorluğuna həbsin qanuniliyini və əsaslılığını, habelə cinayət törətməkdə şübhəli bilinən şəxslərin və qurbanların hüquqlarına riayət olunmasını yoxlamaq üçün vəsatətlə müraciət edib.
Rusiya Ombudsmanı məsələ ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliyevanın ona müraciət etdiyini xatırladıb.
Qeyd edək ki, Səbinə Əliyeva Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hücumlarla bağlı Rusiya Ombudsmanına müraciət edib.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, həmin şəxslər 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət əməllərində şübhəli bilinirlər. Bunlar arasında 2001-ci ildə azərbaycanlı Yunis Paşayevin qətlə yetirilməsi, 2010-cu ildə sahibkar Fəhruz Şirinova qarşı sui-qəsdə cəhd, eləcə də 2011-ci ildə nəhəng tərəvəz anbarının sahibi, Azərbaycan vətəndaşı İkram Hacıyevin qətlə yetirilməsi işləri var.
Məsələ ilə bağlı Rusiya Cinayət Məcəlləsinin bir sıra maddələri (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş qətl, muzdla qətl, muzdla qətlə törətməyə cəhd) üzrə cinayət işi başladılıb.
Dünən Yekaterinburqun Lenin Rayon Məhkəməsi sözügedən cinayət işi çərçivəsində Məhazir, Akif və Ayaz Səfərov barəsində həbs qətimkan qərarı çıxarıb.
Əhliman Gənciyev, Şahin Lalyev və Bakir Səfərovun isə saxlanma müddəti 72 saat uzadılıb.
Bizim.Media